Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Dünyanın 100-dən çox ölkəsinin mənşəyi və yayılma arealı barədə çoxsaylı suallar yaradan müəmma - koronavirusla savaşdığı bir vaxtda bəşəriyyətin başının üzərini daha qlobal və dağıdıcı təsirə malik böhran almaqdadır. "OPEK üstəgəl" formatında baş tutan sonuncu sammitdə Rusiyanın yersiz dikbaşlığından sonra ipi Vaşinqtonun əlində olan Səudiyyə Ərəbistanının Moskvanın acığına gündəlik neft hasilatının 12 milyon barel artıracağı ilə hədələməsindən bir neçə saat sonra birjalarda neftin qiyməti 1991-ci ildə Sovetlər birliyi çökəndən bu yana ilk dəfə misligörünməmiş düşüş yaşadı və bütün bədbin proqnozları belə alt-üst edərək bareli 31 dollara çatdı. Azərbaycan kimi iqtisadiyyatı hələ də əsasən neftdən asılı ölkələr üçün bu xəbər gerçəkdən şok effekti yaradıb və bu azmış kimi qiymətlərin daha da ucuzlaşaraq 20 dollar həddində tərəddüd edəcəyi barədə proqnozlar təkcə hökumətləri deyil, sadə vətəndaşları da xəyal qırıqlığına uğratmağa başlayıb. Əlbəttə, heç də hər şeyin sonu deyil və xoşbəxtlikdən Azərbaycanın 50 milyard dollardan artıq təhlükəsizlik yastığı var və hökumət diribaş tərpənərək böhranın dağıdıcı təsirlərini minimuma endirəcək önləyici tədbirlərə əl atsa ən azından yaxın aylar və hətta qarşıdakı 1-2 il ərzində iqtisadiyyatımızda ürküdücü qısaqapanma yaşanmaya bilər. Amma bir məsələ yəqinləşib ki, vəziyyət heç də ürəkaçan olmayacaq və xüsusən də bu böhranın ən ağır zərbəsi son dərəcə kövrək olan bank sisteminə dəyəcək. O bank sisteminə ki, hələ 4-5 il əvvəldən koronavirusdan betər mərəzə yoluxdurulub və bu günədək ölkənin bank-maliyyə sisteminin başbilənləri bu bəlanın "peyvənd"ini tapmaqda aciz qalıb. Məsələ burasındadır ki, macərapərsət Rüfət Aslanlı kimi bir təsadüfi adamın 10 mart 2016-cı il tarixli Sərəncamla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilməsindən sonra qlobal maliyyə böhranının sarsıdıcı zərbəsi ilə üzləşmiş bank sistemini bürümüş mənşəyi naməlum epidemiya-virus son bir neçə ildə Azərbaycanın bankçılığının onurğa sütununu qırdı. Nəticədə bir neçə bank bağlandı, əmanətçilər və banklar misligörünməmiş zərərə düşdü, nüfuzlu bankirlər müflisləşdirildi, hətta bir çoxları şərlənərək sıradan çıxarıldı. Elə bir acınacaqlı mənzərə hakim olmağa başladı ki, sanki Rüfət Aslanlı bu sistemi canlandırmaq deyil, məhv etmək üçün göndərilib. Artıq 2 ilə yaxındır ki, bank sistemi üzərində Rüfət Aslanlı adlı qara bulud yoxdur, amma onun bitib tükənməyən ehtirası və hikkəsinin öldürücü təsiri hələ də hiss olunmaqdadır. Onun bank sisteminin üzərinə qara bulud kimi çökməsi səbəbindən vəziyyət daha da ağırlaşanda ölkə başçısı məcbur qalıb onu işdən qovsa da bu günədək MBNP birinci və sonuncu rəhbərinin "aslan" gedişi hələ də bank sisteminin başı üzərində Domokl qılıncı kimi öz etkisini - təsirini saxlamaqdadır. Təəssüflə qeyd edilməlidir ki, Rüfət Aslanlı təkcə bank sistemini məhvərindən oynatmadı, həm də ölkənin bank və maliyyə sisteminin ən nüfuzlu rəhbərlərinə qarşı şantajçı-böhtançı addımlar atmaqdan da çəkinmədi. Amma sonda haqq-ədalət məkrə və yalana qalib gəldi, ölkə başçısı bütövlükdə Rüfət Aslanlının adını ləkələdiyi MBNP adlı mənhus qurumu yerli dibli ləığv edərək onun bir çox səlahiyyətlərini Mərkəzi Banka verdi. Bununla dövlət başçısı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova etibar etdiyini, Rüfət Aslanlının nə yuvanın quşu olduğunu təfərrüatı ilə bildiyini isbatlamış oldu. Bu gün ölkənin bank-maliyyə sistemi növbəti dəfə ağır imtahan qarşısındadır. İndi hamını bir sual düşündürür, 3 cü devalvasiya olacaqmı, yoxsa növbəti qlobal maliyyə böhranı bir vaxtlar Hesablama Palatasının sədri ikən Milli Məclisdə Heydər Əsədovun dediyi kimi, bu böhran da sadəcə Azərbaycan iqtisadiyyatına sürtünüb keçəcək? Hər halda bu ritorik suala birmənalı cavab tapmaq mümkün deyil. Amma ölkənin bank-maliyyə sisteminin başında dayanan Elman Rüstəmov-Samir Şərifov tandeminin peşəkarlığına, antiböhran kansepsiyası ilə silahlanaraq maksimal rezistentlik immuntetinə sahiblənmələrinə arxalanaraq ümid etmək olar ki, Azərbaycan iqtisadiyyatı bu zərbəni də ağır bədəllər ödəmədən dəf edə biləcək. Əgər ölkənin bank-maliyyə sisteminə cavabdeh olan şəxslər bu sınaqdan da üzüağ çıxmağı bacarsa, o zaman əminliklə iddia etmək olar ki, tezliklə Rüfət Aslanlının vurduğu yaraları sağaltmaq və ölkə iqtisadiyyatını qeyri-neft sektoruna kökləmək mümkün olacaq. Bizlərə sadəcə gözləmək və atılacaq antiböhran addımlarını izləmək qalır. Yeri gəlmişkən, hökumətə bəzi antiböhran tədbirlərini də biz göstərək. Qeyri-rəsmi məlumatlara görə, Rüfət Aslanlı MBNP rəhbəri olduğu dönəmdə torbasını tikdiyi və gedər-gəlməzə göndərdiyi bankların aktivlərinin özününkiləşdirməsi və digər çirkli bank əməliyyatları hesabına astronomik məbləğlərlə ifadə olunan kapitala sahiblənib. Onun maşın kolleksiyaları və dəbdəbəli daşınmaz əmlakları (oxuculara təqdim olunan aşağıdakı videoda onun təkcə İstanbulda dəyəri 30 milyon dollar olan dəbdəbəli mülklərindən biri göstərilir) barədə mediada zaman-zaman yazılıb və heç şübhəsiz vergi orqanlarımız da, digər hüquq mühafizə orqanları da onun hansı varidata sahib olduğunu aşağı-yuxarı bilməmiş deyillər. Ona görə də ilkin olaraq Rüfət Aslanlının sərvətini günah keçşisi kimi qlobal maliyyə böhranının qarşısına çıxarmaqla iqtisadiyyatımızı təlatümlərdən qorumağı sınaqdan keçirmək heç də pis olmazdı... /moderator.az/