Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Azərbaycan neftinin qiyməti 40 dollar səviyyəsinə qədər düşə bilər
Vüqar Bayramov: "Bu ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb"
Şahin Cəfərli: "Dünya üzrə ən çox neft istehlak edən iki nəhəng ölkədə iqtisadi inkişaf zəifləyirsə, bunun neftin qiymətinə mənfi təsiri qaçılmazdır"
Fikrət Yusifov: "Bazar OPEK-in son qərarı ilə neftin hasilatının azalacağını düşünmür və hesab edir ki, nə Səudiyyə Ərəbistanı, nə də Rusiya qəbul edilmiş qərara riayət edəcək"
Hazırda dünya bazarında "qara qızıl"ın qiymətində kəskin ucuzlaşma qeydə alınıb. Belə ki, "Brent" markalı neftin bir barreli 3,35 dollar ucuzlaşaraq 50,47 dollar, VTİ markalı neftin bir barreli isə 3,06 dollar enərək 42,53 dollar olub. Bundan başqa, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 54,66 dollar, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında yüngül neftimizin son qiyməti isə 53,37 dollar təşkil edib. Məlumat üçün bildirək ki, ABŞ-ın nüfuzlu "The Wall Street Journal" qəzetinin apardığı sorğuda iştirak edən 13 qlobal investisiya bankının analitikləri gələn il üzrə neftin qiymətinə dair proqnozu aşağı salıblar. Onlar bu qənaətdədirlər ki, 2019-cu ildə "Brent" markalı xam neftin bir barrelinin orta qiyməti 69 dollar olacaq. Halbuki əvvəlki proqnoz 77 dollar idi. "Light" markalı neft üçün orta qiymət proqnozu isə 70 dollardan 63 dollara endirilib.
Bu arada, Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının yüksəltməsi ilə bağlı qərarının neft bazarına təzyiqi daha da artırdığını bildirən iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramovun sözlərinə görə, gələn ilin büdcəsində neftin qiymətinin 60 dollardan hesablandığını nəzərə aldıqda neftin ucuzlaşması fiskal baxımdan Azərbaycan üçün əlverişli deyil. Neftin mövcud qiymətinin hətta bu ilin büdcəsində nəzərdə tutulan qiymətdən də az olduğunu vurğulayan iqtisadçı ekspert bildirib ki, FED-in son qərarı inkişaf etməkdə olan ölkələrin və eləcə də bizim valyuta bazarımıza psixoloji təsir göstərməkdədir: "Doğrudur, bu il neftin orta qiyməti kifayət qədər yüksək olduğundan bazardakı son enişlər 2018-ci il büdcəsinin gəlirlərinə təsir etmir. Bununla belə, gələn il büdcə gəlirlərinin formalaşmasında neftin dünya bazar qiyməti həlledici olaraq qalacaq. FED 0.25 faizlik artım ilə bazarda şok yaratmamağa çalışsa da, son qərar inkişaf etməkdə olan ölkələrin və eləcə də bizim valyuta bazarımıza psixoloji təsir göstərməkdədir. Avropa Birliyi büdcəsi ilə bağlı İtaliya ilə əldə edilən razılıq avroya müəyyən nəfəs versə də, avrozonadakı nümayişlər köhnə qitənin vahid valyutasının möhkəmlənməsinə imkan vermir. Göründüyü kimi, qlobal bazarlar da ili qeyri-müəyyənliklər ilə başa vurmaqdadırlar. Beynəlxalq maliyyə qurumları gələn il üçün qlobal iqtisadi artım faizini aşağı saldıqları üçün gələn il dünya əmtəə və valyuta bazarlarında qeyri-müəyyənliklərin davam edəcəyi gözlənilir".
Qlobal birjaların son 20 ayda ən aşağı səviyyəni nümayiş etdirdiyini qeyd edən Vüqar Bayramovun fikrincə, əmtəələr indeksi son 3 ilin ən aşağı səviyyəsindədir və azalamlar neft bazarından da yan keçməyib: ""Brent" markalı neftin bir barreli 50 dollarlıq psixoloji həddədək ucuzlaşıb. Neft 1 gündə 6 faizdən çox dəyər itirib. Qiymətlərin kəskin azalması OPEK-i təcili görüş keçirməyə məcbur edir. Kartel artıq üzvlərinə müraciət etsə belə, bir görüşün yaxın günlərdə reallaşması və bütövlükdə qiymət azalmaların qarşısının alınması real deyil". İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri hesab edir ki, Azərbaycanın gündəlik neft ixracatının 783 min barel olduğunu nəzərə alsaq, o zaman neftin qiymətinin aşağı düşməsinin ölkəmizə təsirini müəyyənləşdirmək çətin olmaz: "Belə ki, neftin bir barrelinin qiyməti 86 dollar olan zaman neft ixracatımızın dəyəri 67 milyon 338 min dollar idi. Bu rəqəmə bütün xərclər daxildir və mənfəətin 75 faizi Azərbaycan dövlətinə çatır. Mövcud qiymətlər ilə isə neft ixracatımızın dəyəri 39 milyon 150 min dollardır. Bu o deməkdir ki, bu ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb. OPEK-in son toplantısında ölkəmizin gündəlik hasilatın 20 min barel azaldılması ilə bağlı öhdəlik götürdüyünü də nəzərə alsaq, o zaman gündəlik neft ixracatımızdan əldə etdiyimiz gəlirin daha çox azaldığının şahidi olarıq".
Nəzərinizə çatdıraq ki, neftin ucuzlaşma səbəblərindən söz açan politoloq Şahin Cəfərli isə bu qənaətdədir ki, bazarda təklif və ölkələrin ehtiyatları artdığından "qara qızıl"ın qiymətində ciddi enmə müşahidə olunur: "ABŞ-da "şist bumu" davam edir, bu ölkə 11,6 milyon barrel sutkalıq hasilatla dünya lideridir. Planetin ikinci böyük iqtisadiyyatı olan Çində artım tempinin yavaşlamasının da neftin ucuzlaşmasına mühüm təsiri var. Çünki bu, o mənaya gəlir ki, neftə tələbat azalacaq". Onun bildirdiyinə görə, ABŞ-da bu il qeydə alınan yüksək artım templərinə baxmayaraq, gələn il üçün proqnozlar ürəkaçan deyil: "FED bu barədə proqnozunu 2,5 faizdən 2,3 faizə saldı. Hazırda ABŞ fond birjalarında ajiotaj var, indekslər düşür. Tramp da artımın yavaşlayacağını bildiyi üçün isterik şəkildə günahı FED-in üstünə atmağa və öz seçicilərini aldatmağa çalışır". Şahin Cəfərlinin fikrincə, dünya üzrə ən çox neft istehlak edən iki nəhəng ölkədə iqtisadi inkişaf zəifləyirsə, bunun neftin qiymətinə mənfi təsiri qaçılmazdır: "Artıq Səudiyyə Ərəbistanı gələn ilin büdcəsində nəzərdə tutduğu bəzi sosial proqramları və güzəştləri qayçılayıb. Amma yəqin ki, qiymətin çox da kritik həddə düşməsinə imkan verməyəcəklər".
Mövzu ilə bağlı mövqeyini açıqlayan keçmiş maliyyə naziri, professor Fikrət Yusifov isə OPEK-ə üzv olan və onunla əməkdaşlıq edən hasilatçı ölkələrin nəyin baş verdiyini çox yaxşı bildiklərini qeyd edib: "Neft sürətlə ucuzlaşır. Nə baş verir? Neft bazarı nə üçün OPEK-in gündəlik neft hasilatının 1,2 milyon barel azaldılmasına dair son qərarına belə münasibət göstərdi? Əslində OPEK-ə üzv olan və onunla əməkdaşlıq edən hasilatçı ölkələr nəyin baş verdiyini çox yaxşı bilirlər. Biz artıq OPEK-in qərarından bir neçə ay öncə qiymətlər sürətlə artan zaman bu qiymətlərin tezliklə sürətlə düşəcəyi barədə proqnozlar vermişdik. OPEK-in qərar qəbul etdiyi gün də bu qərarın işləməyəcəyini dedik. Bu gün real olaraq bu da baş verir".
Fikrət Yusifovun sözlərinə görə, neftin qiymətləri ilə bağlı proseslərin bu şəkildə inkişaf etməsinin bir neçə səbəbi var: "Birincisi, OPEK-in son qərarına bazarın inamı yoxdur. Yəni bazar bu qərarla neftin hasilatının azalacağını düşünmür və hesab edir ki, nə Səudiyyə Ərəbistanı, nə də Rusiya real olaraq qəbul edilmiş qərara riayət edəcək. İkincisi, ABŞ-in neft hasilatını və buna uyğun olaraq neft ixracını artırmağa dair müəyyən etdiyi strategiya və Birləşmiş Ştatlarda neft ehtiyatlarının artmasına dair məlumatlar bazara məlumdur. Üçüncüsü, Birləşmiş Ştatlar İran neftinin satışına qadağaları 8 iri idxalatçı ölkəyə tətbiq etmədi və bu da İrana hasilatı artırıb, bazara əlavə neft çıxarmaq üçün bir stimul yaratdı. Dördüncüsü, ABŞ-Səudiyyə Ərəbistanı arasında siyasi müstəvidə baş vermiş hadisələrlə - jurnalist Qaşıqçının ölümü ilə bağlı gizli sövdələşmənin olması barəsində də informasiyalar bazara məlumdur. Və nəhayət, heç kim işdə ABŞ-la, onun sərt mövqeli prezidenti ilə qarşıdurma yaratmaq istəmir".
ABŞ-ın neftin qiymətinin qalxmasının əleyhinə olduğunu vurğulayan sabiq maliyyə nazirinin qənaətəincə, bütün bu amillər "qara qızıl"ın qiymətini 40 dollar səviyyəsinə aparır:"Bu proqnozların doğrulmasını heç istəməzdik. Ən azından ona görə ki, bizim ölkəmiz də neft ölkəsidir və neftin qiymətlərinin aşağı düşməsi bizə yaxşı heç nə vəd etmir".