Cavid Qurbanovla Arif Əsgərovun şərikli biznesi üzə çıxdı - Maliyyə saxtakarlığına göz yummağın sirri açılır

Cavid Qurbanovla Arif Əsgərovun şərikli biznesi üzə çıxdı - Maliyyə saxtakarlığına göz yummağın sirri açılır

 

Prezident İlham Əliyev Arif Əsgərovu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsindən azad edib, Cavid Qurbanovu bu quruma sədr təyin edəndə bir çoxlarında ümid yarandı ki, sabiq sədrin zamanında baş verən müəmmalı maliyyə əməliyyatlarının üstü açılacaq.

 

Arif Əsgərovun "Azərbaycan Dəmir Yolları" QSC-yə rəhbərlik etdiyi müddətdə təmir işləri adı ilə talan edilən büdcə pullarına görə hesab sorulacağına yaranan ümidlər təəssüf ki, sonradan özünü doğrultmadı. Xüsusən də stansiyaların təmiri adı ilə həyata keçirilən maliyyə fırıldaqlarının üstü ört-basdır edildi. Bu, təmir adı altında həyata keçirilən maliyyə əməliyyatlarına aid sənədləri imzalamayan stansiya rəislərini də "ümidsizlik bucağı"na yuvarladı. Həmin rəislər bir zamanlar bu sənədləri ona görə imzalamaqdan imtina etmişdilər ki, heç bir təmir aparılmadan dövlətin külli məbləğdə vəsaiti hansısa şirkətin hesabına köçürülüb.

Bəzi stansiya rəisləri aparılmayan təmir işlərinə görə pul silinməsinin Arif Əsgərovun QSC-yə rəhbərliyi başa çatdıqdan sonra üstünün açılacağından ehtiyat etdikləri üçün, həmin sənədlərə imza atmaqdan imtina etmişdilər. Amma A.Əsgərov QSC-nin rəisi vəzifəsindən azad edilsə də, bu maliyyə əməliyyatlarının hesabı sorulmadı. Müvafiq qurumlara QSC-dəki korrupsiya hallarını araşdırmaq nəsib olmadı və bu məsələ tarixin zibilliyində qaldı.

Stansiya rəisləri bunu Arif Əsgərovun Nəqliyyat nazirinin müavini təyin edilməsi ilə əlaqələndirsələr də, sən demə, Cavid Qurbanovun öz sələfinin maliyyə əməliyyatlarına göz yummasının digər səbəbi də olub.

Şərikli biznesin şübhəli payçıları

C.Qurbanovla A.Əsgərovun ortaq bizneslərinin olmasından görünür, çoxları xəbər tutmayıb. Daha doğrusu, onların ailə üzvülərinin eyni şirkətin həmtəsisçisi olmasından yəqin ki, Nəqliyyat naziri Ziya Məmmədov da daxil olmaqla, çoxları məlumat ala bilməyib.

Qeyd edək ki, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, ev 54-də yerləşən, nizamnamə kapitalı 100 min manat olan "Araz ltd" Məhdud Məsuliyyətli Cəmiyyətinin üç həmtəsisçisi və payçısı var. Hər biri iki yüz manat olan, 500 paydan ibarət şirkətin təsisçiləri Rizvan İlyas oğlu Rzayev, Şəmşir Cavid oğlu Şəmşirli və Balaxatın Tapdıq qızı Məmmədovadır.

Geniş ictimaiyyətə həmtəsisçilərdən yalnız birinin soyadı və adı tanış gələ bilər. Şübhəsiz ki, Şəmşir Cavid oğlu Şəmşirlinin kim olduğunu çoxları bilir. Bu şəxs "Azərbaycan Dəmir Yolları" QSC-nin hazırki sədri, deputat Cavid Qurbanovun oğludur.

Hazırda Azərbaycanın İstanbuldakı konsulluğunda 3-cü katib vəzifəsində çalışan Şəmşir Cavid oğlu Şəmşirlinin qanunla qadağan olunduğu halda biznes və sahibkarlıq faəliyyəti ilə məşğul olmasına Xarici İşlər Nazirliyi aydınlıq gətirməlidir.

Biz isə Şəmşir Şəmşirlinin "Araz ltd" MMC-də hansı paya sahib olmasına və onun digər ortaqlarının kimliyinə aydınlıq gətirməyə çalışacağıq.

"Araz ltd"nin 100 min manat nizamnamə kapitalına malik, hər biri iki yüz manat olan 500 paydan ibarət olduğunu yuxarıda qeyd etmişdik. C.Qurbanovun oğlu Ş.Şəmşirli "Araz ltd" MMC-də 160 paya və ya nizamnamə kapitalında 32 min manata sahibdir.

Şəmşir Şəmşirlinin ortaqlarından biri - Balaxatın Məmmədova da MMC-də eyni paya sahibdir. Geniş ictimaiyyətin tanımadığı bu qadın Arif Əsgərovun övladlarının anasıdır.

Mətbuatda onların ailə ittifaqının dağılması haqqında məlumatlar yer alsa da, araşdırma zamanı bunu rəsmi təsdiq və təkzib edəcək heç bir məlumat əldə edə bilmədik. Ancaq bu istiqamətdə araşdırmalarımız davam edir.

Yeri gəlmişkən onu da qeyd edək ki, A.Əsgərovla B.Məmmədova ayrı-ayrı ünvanlarda qeydiyyatdadırlar. Lakin bu, onların uzaqda yaşaması demək deyildir. Arif Əsgərov üç oğlu - Elnar, Ürfan və Azərlə birlikdə Binəqədi rayonu, C.Xəndan küçəsi, 10-da qeydiyyatda olduğu halda, Balaxatın Məmmədova Binəqədi rayonu, C.Xəndan küçəsi, 11-də qeydiyyatdadır. Bu, həm də onların paytaxtın ən bahalı ərazilərindən birində ən azı iki möhtəşəm villaya sahib olduqlarını göstərir. Görəsən, hansı vəsaitlə?

"Araz ltd" MMC-də ən böyük paya malik üçüncü həmtəsisçi Rizvan İlyas oğlu Rzayevdir. O, 180 paya və ya nizamnamə kapitalında 36 min manata sahibdir.

Tovuz rayonu, Qovlar şəhərində yaşayan, Azərbaycanın biznes dairələrində çox da tanınmayan Rizvan Rzayev isə Balaxatın Məmmədovanın bacısının həyat yoldaşıdır. Yəni, C.Qurbanovun diplomat oğlu Ş.Şəmşirlinin nizamnamə kapitalında 32 min manatlıq paya sahib olduğu "Araz ltd" MMC-nin əsas hissəsi Arif Əsgərovun övladlarının anasına və onun bacısının ərinə məxsusdur.

Onu da qeyd edək ki, "Araz ltd" MMC 1999-cu ildə təsis edilib və o zaman 13 yaşı olan Şəmşir Şəmşirli təsiçisi ola bilməzdi. Deməli, Arif Əsgərovun yaxınlarının təsis etdiyi bu şirkətdə Şəmşir Şəmşirli sonradan paya sahib olub. Bunun hansı şəraitdə və hası şərtlər altında baş tutduğu sonrakı araşdırmamızın mövzusudur.

DİN araşdırır: 2,5 milyon dollarlıq dələduzluq baş verib

Şəmşir Şəmşirli və Balaxatın Məmmədovanın Rizvan Rzayevlə həmtəsisçisi olduğu "Araz ltd"ni dövlət orqanları qarşısında Fərahim Elman oğlu Məmmədov təmsil etsə də, aldığımız məlumatda iddia edilir ki, əslində, şirkəti faktiki olaraq başqa şəxslər yönləndirir.

Məlumata görə, "Araz ltd" MMC-nin idarəçiliyini Arif Əsgərovun böyük oğlu Elnar Əsgərov və Balaxatın Məmmədovanın qardaşı İbrahim Tapdıq oğlu Məmmədov həyata keçirir.

Elnar Əsgərovun idarə etdiyi "Lexus" marakalı "Az 10 AA 887" dövlət nömrə nişanlı avtomobilin də "Araz ltd" MMC-nin balansına daxil olması dediklərimizə sübut sayıla bilər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş və indiki sədrlərinin ortaq biznes qurumu olan "Araz ltd"nin balansındakı daşınar və daşınmaz əmlak isə Elnar Əsgərovun idarə etdiyi avtomobillə kifayətlənmir. Bu MMC-nin balansında çoxsaylı əmlak var. Əlbəttə ki, ictimaiyyət bu əmlakların hansı mənbə hesabına əldə edildiyini də bilmək istəyir.

Bununla bağlı məsələyə hazırda Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsində aparılan bir cinayət işi də müəyyən qədər aydınlıq gətirə bilər.

Belə ki, Emil Məmmədov adlı Bakı sakini prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edərək, üzləşdiyi dələduzluq faktı ilə bağlı cinayət işinin açılmasını tələb edib. Onun bu tələbi üzrə hazırda Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma başlayıb.

Emil Məmmədova qarşı dələduzluqda ittiham olunanlara gəlincə, iddia edilir ki, bu şəxslər Elnar Arif oğlu Əsgərov və onun xalası oğlu Emin İsmayıl oğlu Hüseynovdur.

İddia edilir ki, Arif Əsgərovun 31 yaşlı oğlu Elnar və onun 1981-ci il təvəllüdlü xalası oğlu Emin birgə biznes üçün 2013-cü ildə Emil Məmmədovdan aldıqları 3,2 milyon ABŞ dollarının 700 minini qaytarsalar da, bu günə kimi 2,5 milyon dollarını qaytarmayıblar.

Qeyd edək ki, Elnar Əsgərovun xalası oğlu Emin Hüseynov bir zamanlar ölkədə sensasiyaya səbəb olmuş 70 milyonluq dələduzluq əməlində adı hallanan Rahib Hüseynovun kiçik qardaşıdır.

Emil Məmmədovun şikayəti üzrə istintaq Arif Əsgərovun oğlunun həbsinə yol aça biləcəyi kimi, "Araz ltd"nin mal varlığının hansı mənbələr hesabına formalaşmasına da aydınlıq gətirə bilər.

Bütün bu məsələlərdən Azərbaycanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi mötəbər beynəlxalq qurumda təmsil edən Şəmşir Şəmşirlinin məlumatlı olub-olmadığına da aydınlıq gətirməyə çalışacağıq.

Kamal SARICALI



Oxşar Xəbərlər

Xəbər lenti