8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Milli Məclisin rəhbərliyi yenilənəcək
Milli Məclisin buraxılacağı, erkən parlament seçkilərinin keçirilmə ehtimalı ilə bağlı "Yeni Sözçü” qəzetində bir neçə dəfə ehtimallar irəli sürülmüşdü. Eyni zamanda müxtəlif media orqanlarında da Milli Məclisin buraxalıcağı ilə bağlı vaxtaşırı ekspert rəyləri dərc olunurdu. Bütün bunlara baxmayaraq, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul etməsi gündəmə bomba kimi düşdü. Çünki, hakimiyyət təmsilçiləri erkən parlament seçkilərinin keçiriləcəyi ilə bağlı fikirləri çox kəskin şəkildə rədd edirdi. Son olaraq belə bir sərt təkziblə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev çıxış etmişdi. YAP Siyasi Şurasının parlamentin buraxılması üçün fəaliyyətə keçməsi haqqında mediada xəbərlər yayıldığı vaxt buna reaksiya verən Səfa Mirzəyev belə demişdi: "Onlar cəmiyyətdə ajiotaj yaratmaq istəyirlər. Söz-söhbət gedir ki, Milli Məclis buraxılacaq, vaxtından əvvəl seçkilər keçiriləcək. Yəqin ki, orta məktəblərdə Azərbaycan Konstitusiyası tədris olunur. Onu oxusalar, biləcəklər ki, biz hüquqi dövlətdə yaşayırıq və Milli Məclis istənilən an buraxıla bilməz. 2016-cı ildə referendum keçirdik və Milli Məclisin buraxılma şərtləri konstitusiyada əksini tapıb. Səhər yuxudan durdum, Milli Məclis xoşuma gəlmədi, buraxıram – elə şey ola bilməz. Konstitusiyanın 98-1 maddəsində parlamentin buraxılması üçün 3 şərt nəzərdə tutulub. Birincisi Milli Məclis il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərsə, ikincisi Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bankın idarə heyətinin prezident tərəfindən təqdim olunmuş üzvlərini iki dəfə dalbadal təyin etməsə. O da o halda ki, təyin etməmək həmin orqanın davam etməsinə mane olur. Üçüncüsü isə Milli Məclis üzərinə düşən işi həyata keçirmir. Bu hallar olmasa, parlamenti buraxmaq mümkün deyil”.
Göründüyü kimi Milli Məclis Aparatının rəhbəri parlamentin buraxılacağı ilə bağlı xəbərlərə çox kəskin reaksiya verib və peşəkar hüquqşünas kimi bunun üçün qanuni yollar olmadığını qeyd edib. Səfa Mirzəyev yayılan məlumatlara münasibət bildirərək deyib: "Guya Yeni Azərbaycan Partiyası göstəriş versə ki, üzvləri iclasa gəlməsin, istefa ərizəsi yazaraq deputat səlahiyyətlərindən imtina etsinlər, onda parlament buraxıla bilər. Bunu ən ağır yuxuda belə görmək mümkün deyil. Ona görə də deyilənlərin heç bir əsası yoxdur. Milli Məclis normal rejimdə işləyir və ümid edirəm ki, vəzifələrini layiqincə yerinə yetirir”.
Ancaq peşəkar hüquqşünas olan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin bu sərt açıqlamasının yayılmasından bir neçə saat sonra Baş nazir Əli Əsədovun iştirakı ilə hakim partiyanın Siyasi Şurasının iclası keçirildivə bu iclasda Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə parlamentin buraxılması ilə bağlı partiyanı təmsil edən millət vəkillərinə çağrış edildi.
Bu olay həm də onu üzə çıxardı ki, Milli Məclisin rəhbərliyi hakim partiyanın həmin qərarınadn xəbərsiz olub. Belə görünür ki, YAP-ın 85 nəfərlik Siyasi Şurasının üzvləri olan Oqtay Əsədov, Ziyafət Əsgərov, Bahar Muradova da təmsil olunduqları qurumun qərarından xəbərsiz olublar. Əks halda bu şəxslərin rəhbərlik etdikləri Milli Məclsinin apararat rəhbəri nə üçün parlamentin buraxılacağına kəskin etiraz bildirməli idi ki?
Belə görünür ki, Oqtay Əsədov, Ziyafət Əsgərov, Bahar Muradova hakim partiyanın Siyasi Şurasının iclasında iştirak etməyiblər və yaxud da Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentin rəhbərliyinin mövqeyinin kəskin ziddinə gedib. Bunun başqa açıqlaması ola bilməz.
"Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə, parlamentin indiki rəhbərliyi növbəti Milli Məclisdə öz mövqelərini qoruya bilməyəcək. Ən azından Oqtay Əsədov və Bahar Muradovanın yenidən parlamentə düşmə ehtimalları çox aşağı qiymətləndirilir. Bununla bağlı hakimiyyət dəhlizlərində gəzən söz-söhbətə görə, yeni siyasi kurs Baş nazir və Prezident Administrasiyasının rəhbəri ilə yanaşı Milli Məclisin rəhbərliyinin də dəyişdirilməsini özündə ehtiva edir. Məlum olduğu kimi, son iki ayda Nazirlər Kabinetinin və Prezident Administrasiyasının rəhbərliyi artıq dəyişdirilib. Ötən il Baş nazir təyin edilən Novruz Məmmədov oktyabrın 8-də vəzifəsindən azad edildi və onun yerinə Əli Əsədov hökumətin başçısı təyin edildi. Oktyabrın 23-də isə dövlət başçısı İlham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi vəzifəsindən azad edib bu vəzifəyə Samir Nuriyevi təyin etdi. Ən nəhayət isə dövlət başçısı noyabrın 29-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Bu sərəncamla da Prezidentin Administrasiyasında struktur və buna uyğun olaraq kadr dəyişiklikləri həyata keçirildi. Bütün bunlardan sonra Milli Məclisin rəhbərliyində dəyişikliyin olmayacağı qeyri-mümkün hala gəlib. Artıq Milli Məclisinin rəhbərliyi öz mövqeyini qoruyub saxalaya bilməyəcək. Vaxtından əvvəl keçiriləcək parlament seçkiləri ilə formalaşacaq yeni parlamentin rəhbərliyinə kimlərin gələ biləcəyi, kürsülərini itirəcəkləri gözlənilən Oqtay Əsədov və Bahar Muradovanın gələcək karyeralarıanın nədən ibarət ola biləcəyinə növbəti sayımızada aydınlıq gətirməyə çalışacağıq.