8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəqani Cəfərli
Politoloq
İran parlamenti səs çoxluğu ilə ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü təsdiqləyib. İran 2005-ci ildə ŞƏT-də müşahidəçi idi. Ötən ilin sentyabrından isə İranın ŞƏT-ə tamhüquqlu üzv kimi qəbul edilməsi proseduru başlamışdı. İran ŞƏT-ə üzv olmaqla 1979-cu ildən bəri ilk dəfə olaraq regional təşkilata üzv olur. Tehranın siyasətində baş verən bu dəyişiklik nə ilə bağlıdır? Aydın görünür ki, İran Çinin təhlükəsizlik çətirinin altına girməyə, bundan istifadə edərək Yaxın Şərqdə öz mövqelərini gücləndirməyə çalışır.
İranı Çinlə yaxınlaşdıran səbəblərdən biri də Rusiyanın artıq Tehran üçün “qoruyucu” olmaq imkanını itirməsidir. Rusiyanın məruz qaldığı beynəlxalq təcrid və Ukraynada ağır itgilər verməsi İranı qorxudub. İranı uzun illər Qərbin və xüsusilə də İsrailin hərbi zərbələrindən qoruyan Rusiya olub. Məhz Rusiyanın mövqeyini nəzərə alan Qərb və İsrail İrana zərbə endirməkdən çəkinirdi. İndi isə vəziyyət dəyişib. Rusiya daha dünyada söz sahibi deyil. Beynəlxalq siyasətdən önəmli şəkildə təcrid olunmuş Rusiya İranı qoruya bilmir. Bunun ən bariz nümunəsi BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən xüsusi sesiyasında İranda etirazlar zamanı insan hüquqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan qətnamə qəbul edərkən müşahidə edildi. Rusiya bu qurumdan qovulduğu üçün İrana dəstək ola bilmədi. ABŞ və digər Qərb dövlətləri tərəfindən irəli sürülən sənədi 47 nümayəndə heyətindən 25-i dəstəkləməklə beynəlxalq missiyanın yaradılmasınının yolunu açdılar. Çin daxil olmaqla altı ölkə ölkə qətnamənin əleyhinə səs verib, 16 dövlət isə bitərəf qalıb.
İran Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək verməklə də ciddi səhvə yol verib. Buna görə İran ətrafında həlqə daha da daralıb. Bunu hiss edən teokratik rejim Çinlə yaxınlaşmağı yeganə qurtuluş yolu kimi görür. İrana qarşı koalisya isə yavaş-yavaş formalaşır.
Oktyabr ayında ABŞ-a rəsmi səfər edən İsrail prezidenti İsxak Hersoq Ağ evdə prezident Co Baydenlə görüşü zamanı İran bütün azad dünya üçün ən ciddi təhlükə olduğunu bəyan edərək, azad dünyanın İrana qarşı birləşməsinə işarə etmişdi. “İran bütün azad dünya üçün təhlükədir, onun qarşısını biz birlikdə almalıyıq”.
İsrail prezidenti İsxak Hersoqun bəyanatının açması bundan ibarətdir ki, İsrail İrana qarşı ABŞ-ın öncüllük edəcəyi koalisiyanın qurulmasını təklif edir. Belə təkliflərin açıqlanması isə İrana qarşı koalisiyanın yaradılmasına start verildiyini təsdiq edir. Əks halda İsrail prezidenti bu təklifini açıqlamaz, qapalı qapılar arxasında müzakirə etməyə üstünlük verərdi. İsrail strateji müttəfqinin dəstəyini almaqla yanaşı bu prosesin beynəlxalq hüquq çərçivəsində olmasını istəyir.
Buna görə də İranın Ukraynaya qarşı təcavüzdə iştirakını təsdiq etmək üçün ciddi sübutlar toplayıb. Bu sübutlar İranın BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozduğunu təsdiq edir. Sanksiyaların pozulması isə İrana qarşı hərbi əməliyyatlar üçün hüquqi əsasdır.
İsrail prezidenti İsxak Hersoq Co Baydenlə görüşdə oktyabrın 26-nın “hicabı səhv geyindiyi” üçün İran polisi tərəfindən öldürülən Məhsa Əmininin ölümünün 40-cı günü olduğunu ABŞ prezidentinin diqqətinə çatdırıb. İsrail prezidenti deyib ki, Məhsa Əminiyə qarşı baş verən sui-qəsd İran rejiminin cinayətkar mahiyyətinin növbəti sübutudur.
Prezident İsxak Hersoqdan sonra İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenet Aviv Koxavi ABŞ-a səfər edib. General Koxavi Pentaqon və Ağ Evdə keçirdiyi görüşlərdə İrana qarşı fəaliyyət planın hazırlanmasını sürətləndirməyə çağırıb. General Koxavi Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Uilyam Börns, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə görüşlər keçirib. İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ABŞ Mərkəzi Komandanlığının (United States Central Command) Florida ştatının Tampa şəhərindəki qərargahında general Erik Kurilla ilə görüşü isə daha işgüzar görüş hesab olunur. ABŞ Mərkəzi Komandanlığının əməliyyat sahəsi İranın da daxil olduğu Misirdən Əfqanistana kimi çoğrafiyanı əhatə edir.
Vaşiqntonda keçirilən görüşlərin əsas mövzusu İranın nüvə proqramı olub. General Koxavi sanksiyalara baxmayaraq İranın nüvə proqramını inkişaf etdirdiyinə diqqət çəkib və Tehranın nüvə silahına malik olmasının qarşısını almaq üçün ABŞ-ı tələsməyə çağırıb. Ağ Ev rəsmiləri Aviv Koxavini əmin ediblər ki, ABŞ prezidenti İranın nüvə silahı əldə etməsinə imkan verməmək öhdəliyinə sadiqdir. Dünyanın aparıcı mərkəzlərində belə bir qənaət var ki, İran çox yaxın zamanlarda nüvə silahı əldə edə bilər. Bəzi ekspertlər hesab edir ki, İranın nüvə proqramının qarşısını almaq üçün Qərbin və İsraailin cəmi bir ayı var. İran 2023-cü ilin əvvələrində nüvə silahına sahib ola bilər. Bunun qarşısını almaq üçün yaxın zamanlarda ciddi tədbirlər görülməlidir. Belə görünür ki, proseslər İranın hərbi gücünün dağıdılması istiqamətində gedir. İrandakı etirazlar bu vəzifənin həyata keçirilməsi üçün çox əlverişli şərait yaradıb. İranın nüvə proqarmının və Tehranın təcavüzkar davranışının qarşısının alınmasında israrlı olanlar bu əlverişli şəraiti əldən qaçırmamaqda təkid edirlər. Tehran bütün bu prosesi qorxu və təşvişlə izləyir. Çinlə sürətlə yaxınlaşmanı diqtə edən səbəb də Tehranın qorxusudur. Çinin İrana görə Qərblə qarşı-qarşıya gəlməsi isə inandırıcı görünmür. Hətta mümkün də deyil. Ona görə Tehranın başı üzərini almış kabusun reallaşma ehtimalı çox yüksəkdir.
"Yeni Sözçü" qəzeti