TÜRKİYƏ İLƏ RUSİYANI ÜZ-ÜZƏ QOYAN “BƏNİAS QƏSSABI”… –Terror ittihamıyla axtarışda olan şəxs Soçidə necə peyda olub? - ARAŞDIRMA

TÜRKİYƏ İLƏ RUSİYANI ÜZ-ÜZƏ QOYAN “BƏNİAS QƏSSABI”…

 

Əhəd Fədil

"Al Arabiya" (BƏƏ), 01.02.2018

 

Suriya rejimi könüllü yığması komandirlərindən birinin çərşənbə axşamı Soçiyə gəlişi Rusiya ilə Türkiyə arasında fikir ayrılığına səbəb olub.

Deməli, Rusiya tərəfi Əli Kayalı kimi tanınmış, Türkiyənin öz ərazisində teraktlar həyata keçirməkdə, Suriya müxalifəti isə suriyalılara dəfələrlə hücumda ittiham etdiyi Mihrac Uralı tədbirə dəvət edib. Bunlardan ən məşhuru Tartusun sahilboyu əyalətində yerləşən Bənias yaxınlığındakı əl-Baydədə kütləvi qırğın olub.

Mihrac Ural və ya Əli Kayalı Rusiyanın Soçi şəhərinə gəlib, müxalifətin boykot etdiyi konfransda Suriya rejiminin başqa təmsilçiləriylə birgə fotoşəkil çəkdirib. Afrindəki hərbi əməliyyata etiraz əlaməti olaraq Suriyadakı kürd administrasiyası da konqresə qatılmaqdan imtina edib. Bununla bağlı Mihrac Uralın müxalifətin Moskva platforması deyilən qurumun lideri Qədri Cəmilənin müşayiətilə Soçi konqresində görünməsi yetərincə diqqətçəkəndir. Xüsusən də Uralın yüzlərlə suriyalının qanını axıtmaqda ittiham olunduğu nəzərə alınsa.

Hadisə yerindən videoyazının şahidlik etdiyi kimi, Ural 2013-cü ildə sahilyanı Bənias şəhərində Əsədin əleyhdarlarının qırğına yetirilməsini əmr edib. Mihrac Ural və ya Əli Kayalı 1930-cu illərə qədər Suriya ərazisinin bir hissəsi olmuş, sonra isə rəsmən Türkiyə dövlətinin tərkibinə daxil olmuş  İskəndərundan gəlmədir.

Türkiyənin dövlət təhlükəsizliyini təhdid etmək ittihamı üzündən Türkiyə hökumətindən qaçan Uralı keçən əsrin 80-ci illərinədək heç kim tanımırdı. O vaxt Suriyanın Latakiya əyalətinə qaçıb və Bəşər Əsədin əmisi Cəmil Əsədlə yaxın olub ki, bu da ona nüfuzdan həzz almaq, yerdəyişmə azadlığı və Suriya rejimi strukturları tərəfindən müdafiə olunmaq imkanı verib. Uralın Türkiyənin ələvilər icmasına mənsub olmasının da önəmi az deyil.

 

Suriya rejimi kəşfiyyatına tabe təşkilat

 

Sonra Mihrac Ural Əli Kayalı adıyla Suriya vətəndaşlığı alandan sonra ölkədən kənara çıxanda onun adının çəkilməyi tərgidilib ki, bu da ona Avropanın bir sıra ölkələrinə səyahət imkanı verib. Lakin 2011-ci ildə Əsəd rejiminə qarşı Suriya inqilabı başlananda yenidən Suriya səhnəsində görünüb.

Ural bununla ad çıxarıb ki, İskəndərunun azad edilməsi üzrə Milli Müqavimət Cəbhəsinin (MMC) lideridir. Məlumdur ki, bu təşkilatın üzvləri rejim gücləriylə yanaşı, Suriya müxalifətiylə vuruşub. Onlar Latakiyanın şimalında, Xoms əyalətində və başqa vilayətlərdə, habelə bu təşkilatın xüsusi qəddarlığının şahidi olan Bəniasda (Tartus) müxalifətə qarşı döyüşlərə qatılıblar.

Suriya müxalifəti hesab edir ki, Kayalı və təşkilatı Suriya rejimini kəşfiyyat qurumlarına tabe olan könüllü yığma dəstəni təmsil edir. Analitiklər düşünürlər ki, Kayalının hərbi rütbə sahibi olmaması Suriya rejiminə öz məqsədləri üçün onun simasından sərbəst şəkildə faydalanmağa imkan verir.

Kayalının təşkilatının şüarı İskəndərunun azad edilməsi olsa da, bütün üzvlər Suriya daxilində Əsədin ordusuyla birlikdə Suriya müxalifətinə qarşı vururşur.

Təşkilat bu yaxınlarda öz tərəfdarlarından biri Əhməd Dərvişin İdlib əyalətində Əsəd rejimi qüvvələri, "Hizbullah” döyüşçüləri və İslam İnqilabı Keşikçiləri Korpusunun dəstələriylə birgə vuruşduğu döyüşlərdə həlak olduğunu bildirib. Keçən ayın 16-da Kayalını İdlibdə Suriya müxalifətiylə vuruşan dəstəsinin yaralı üzvlərindən biriylə – Muhəmməd Həmudiylə görmək mümkün olan fotoşəkli meydana çıxıb. Mihrac Ural və ya Əli Kayalı terrorizm ittihamıyla bağlı Türkiyənin məhkəmə hakimiyyəti tərəfindən axtarılır. Onu xüsusən də birinci növbədə 2013-cü ildə Reyhaniyyədə nəticədə 50-dən çox adamın həlak olduğu  partlayış olanda məhkəmə hakimiyyətinə qarşı baş vermiş terror aktları həyata keçirməkdə ittiham edirlər.

Ural bu il də aktiv fəaliyyətdə olub, Bəniasda da qırğın təşkil edib, bundan sonra "Bənias qəssabı” ayaması qazanıb.

 

Onlar suriyalıları divarboyu düzüb, sonra isə soyuqqanlı şəkildə qətlə yetiriblər

 

Ural 2013-cü ildə Suriyanın sahilyaxası Bənias şəhərində əl-Baydə rayonu sakinlərinin Əsəd rejiminə müqavimətinə cavab olaraq onların qırğınını təşkil edib. Bu hadisələr haqda kütləvi informasiya vasitələrinə danışan şahidin sözlərinə görə, Uralın dəstələri Əsəd ordusu tərəfdən logistik dəstəklə əl-Baydə rayonunun sakinlərini yığıb divarboyu düzüb, sonra isə onlara soyuqqanlılıqla atəş açıblar. Qurbanların onlarla cəsədi oradaca quylanıb.

Suriya müxalifətinin qaynaqlarına əsasən, Uralın dəstələri eləcə də 2012-ci ildə əl-Hovlə bölgəsində kütləvi qırğınlara qatılıb, nəticədə onlarla uşaq, qadın və qoca həlak olub. Kayalı Əsəd rejimi tərəfindən döyüşlərə qatılmaqla özünə ziyan vurub. 2016-cı ildə elan edilib ki, o, həlak olub, lakin məlum olduğu kimi, bu, Suriya kəşfiyyatı tərəfindən dezinformasiya idi ki, Kayalının güvənliyi təmin olunsun və onun siması KİV-dən aralansın.

Kayalı Suriya rejimi başçısının bir neçə il qabaq ölən əmisi Cəmil Əsədin qanadı altında yaşayıb və tam sərbəst yerdəyişmədən faydalanıb, bu, ona gizli fəaliyyət aparmaq imkanı verib. Amma Suriya inqilabından sonra inqilab qüvvələrini müdafiə edən Türkiyə hökumətiylə mübarizədə ondan yararlanan Əsəd üçün hazırda ən mühüm fiqurlardan biri olub. KİV-lərdə Uralın şəxsiyyətini İskəndərunun qaytarılması uğrunda müqavimətin lideri kimi təqdim ediblər. Amma əslində, bu təşkilat ölkənin bütün bölgələrində Suriya müxalifətinə qarşı Əsəd ordusu və müttəfiqləriylə birgə vuruşur və kütləvi qırğınlar təşkil edir. Bu təşkilatın Suriya müxalifətinin müxtəlif farksiyalarıyla döyüşlərin gedişində həlak olan və yaxud yaralanan üzvləri haqda məlumatlar gəlir.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti