SOCAR-ın Ali Neft Məktəbini bitirənlərin hamısı iş tapdı, bəs qalanlar?

 

Bu gün fevralın 12-də Bakı Ali Neft Məktəbi ötən il ali məktəbi bitirən və işlə təmin olunan məzunlarının siyahısını açıqlayıb. Məktəb bildiririk,  ötən il bu ali təhsil müəssisəsini neft-qaz mühəndisliyi ixtisası üzrə 48, kimya mühəndisliyi ixtisası üzrə 54 nəfər (cəmi 102 məzun) bitirib. Onların 75 nəfəri SOCAR, BP, Azneft İstehsalat Birliyi, Star & Petkim (Türkiyə) və digər şirkətlərdə iş tapıb. Məlumatda həmçinin 6 məzunun hazırda hərbi xidmətdə olduğu, xidməti bitirdikdən sonra əvvəlcədən əmək müqaviləsi bağladıqları Azneft İB-də işə başlayacaqları bildirirlir.

Azərbaycanda hər il ali məktəbləri 30-40 minə yaxın məzunun bitirir. Lakin mütəxəssislər bu tələbələrin heç 5-10 faizinin belə öz ixtisasına uyğun iş tapa bilmədiyini deyirlər. Bu baxımdan Ali Neft Məktəbinin bütün məzunlarının işlə təmin edilməsi əlbətdə ki, qeyri-adi situasiyadır. Şübhəsiz ki, bu situasiya məktəbin SOCAR-ın himayəsində olmasından irəli gəlir. Hansı ki, Ali Neft Məktəbinə qəbulda gələcəkdə işlə təmin olunmaq perspektivlərinin yüksək olması nəzərə alıaraq hər il güclü rəqabət olur. Bir qayda olaraq məktəbə 650-700 bal arası toplayan abituriyentlər daxil ola bilirlər.

Ali Neft Məktəbini bitirənlər şanslıdır, bəs qalanları?

Digər ali məktəblər, o cümlədən neft-qaz sənayesi üçün kadrlar hazırlayan və bir vaxtlar SSRİ miqyasında bu sahədə ən nüfuzlu ali təhsil müəssisələrindən olan hazırkı Neft və Sənaye İnstitutunun məzunları isə Ali Neft Məktəbinin məzunları qədər şanslı deyil. Eləcə də digər texniki universitetlərin və humanitar ixtisaslar üzrə kadrlar hazırlayan universitetlərin məzunları üçün ixtisasları üzrə iş nadir hallarda tapılır. Yaxud onları belə işlərə götürmürlər, təcrübəli kadrlar axtarırlar.

Bu baxımdan ilk təcrübə kimi Ali Neft Məktəbi məzunlarının işlə təmin olunmasına dair statistikanı açıqladığı bir vaxtda Azərbaycanın digər ali məktəbləri necə, məzunlarının iş tapıb tapmadığı ilə maraqlanırlarmı? Bu istiqamətdə araşdırma aparmaq üçün Azərbaycanın bəzi aparıcı universitetləri ilə əlaqə saxladıq. Məlum oldu ki, əksər ali məktəblərdə bu statistika son iki-üç il ərzində aparılır, yaxud ümumiyyətlə aparılmır.

Belə məlum olur ki, Bakı Dövlət Universitetində məzunlarınla bağlı vəziyyəti izləmək üçün Karyera, Praktika və Məzunlarla əlaqə Mərkəzi yaradılıb. Mərkəzin rəhbəri Adil Xasayevin virtualaz.org-a verdiyi açıqlamaya görə, hələ ki, yalnlız işlə təmin olunan məzunların bir hissəsini müəyyənləşdirə biliblər.  

"Hələ məzunlardan bizə cavab yazanı yoxdur...”

"Bakı Dövlət Universitetini ötən il 3060 tələbə bitirib. Bütün məzunlara  iş tapacaqları halda bizə məlumat vermələri üçün e.mail ünvanı verilsə də, hələ heç bir məzun bizə cavab yazmayıb.Son illər ərzində universiteti bitirən tələbələrlə bağlı 150-yə yaxın təşkilata məktubla müraciət etmişik. Onlardan yalnız 70 faizi suallarımızı cavablandırıb. 30 faiz isə məktubumuza hələ cavab verməyib. Məktublarımıza verilən cavablara  əsasən deyə bilərik ki, 2006-cı ildən bu yana 13 min nəfər məzunumuz özünə iş tapıb. Bunlar öz ixtisaslarına uyğun olaraq həm dövlət, həm də özəl müəssisələrdə fəaliyyət göstərənlərdir. Əgər bütün məktublarımız cavablandırılsa, biz güman edirik ki, bu rəqəm 16-17 min nəfəri keçə bilər”, - deyə A. Xasayev bildirib.

Keçmiş "AZİ”də: "Sorğu göndərmişik, cavab almamışıq...”

Azərbaycan Neft və Sənaye Universitetinin mətbuat xidmətindən isə dedilər ki,  bu ildən etibarən məzunların iş tapması ilə bağlı statistika aparmağa başlayıblar.

"2016-2017-ci tədris ilində məzunlarımızın sayı 1904 nəfər olub. Onların neçə nəfərinin iş tapması ilə bağlı sorğular göndərmişik, hələ bütün məlumatları əldə edə bilməmişik. Yaxın bir ay ərzində bu məlumatları dəqiqləşdirib açıqlayacağıq. Təkcə onu deyə bilərik ki, 2017-ci ilin may ayında ali məktəbin məzunları üçün keçirdiyimiz sərgidə 30 məzunumuz işə qəbul olunub. 28 məzunumuz isə şirkətlərə təcrübə keçmək üçün qəbul olunub. 2016-cı ilin dekabrında keçirilən sərgidə isə 56 məzunumuz işə, 19 məzunumuz isə təcrübəyə qəbul olunub”, - deyə mətbuat xidmətindən bildirilib.

Texniki Universitet 3 ildir statistika aparır

Azərbaycan Texniki Universitetindən də 3 ildir ki, belə statistikanın aparıldığını dedilər. Universitetin mətbuat xidmətinin rəhbəri Nicat  Abdullayevin sözlərinə görə, bu ali məktəbi bitirən tələbələrin böyük əksəriyyəti oğlanlar olduğundan və onların əksəriyyəti hərbi xidmətə yollandığından məzunların işlə təmin olunması vəziyyətini araşdırmaq çətindir.

Belə ki, ötən il Azərbaycan Texniki Universitetini 1747 tələbə bitirib. Mətbuat xədiməsinin rəhbəri bunların 17 nəfəri xarici ölkə vətəndaşları olduğunu deyir: " Ehtimal edirik ki, onlar öz ölkələrinə qayıdıblar. Məzunların 1223 nəfəri isə hərbi xidmətə yollanıb. Yerdə qalan 524 tələbənin 500 nəfəri işlə təmin olunub. Bizim Texnologiya fakültəsini bitirən məzunların işlə təmin olunması səviyyəsi 100 faizdir. Universitetimizin Müdafiə Sənayesi Nazirliyi ilə maqaviləsi var və məzunlarımız nazirliyin zavod komplesklərinə işə düzəlirlər. Bundan başqa, Nəqliyyat, Rabitə və İnfornasiya Texnologiyaları Nazirliyi ilə, "Azərişıq” ASC ilə də belə müqavilələrimiz var. Hərbi xidmətdə olanları çıxsaq, məzunlarımızın işlə təmin olunma səviyyəsi 89-90 faizdir”.

Mətbuat xidmətinin rəhbəri deyir ki, bu statistikanın aparılması ali məktəb üçün  ixtisasların modernləşdirilməsi, bazarın tələblərinə uyğunlaşdırılması baxımından  vacibdir.

"Biz 3 ildir ki, bu statistikaları tərtib edirik. Bizim bununla bağlı Strateji Araşdırmalar Mərkəzimiz var. Biz hansı ixtisaslara maraq  nə dərəcədədir, bazarda buna ehtiyac varmı, onu müəyyən edirik. Çünki istəyirik bizim ali məktəbi bitirən şəxslər işsiz qalmasınlar. Qarşıdakı illərdə bu işi həyata keçirmək üçün əlavə alətlərdən də istifadə edəcəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə öz ixtisasına uyğun işləyən və başqa ixtisasda işləyən məzunlarla bağlı araşdırma aparacağıq”, - deyə Nicat  Abdullayev bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, 2016/17-ci tədris ilində UNEC-dən 3199 bakalavr məzun olub. "Onlardan 1141 nəfəri əmək fəaliyyətinə başlayıb. Məzunlar arasında təhsilini magistratura pilləsində davam etdirən və hərbi xidmətdə olanlar da var”, - deyə mətbuat xidmətindən bildirilib.

Gülnar Əliyeva



Oxşar Xəbərlər

Xəbər lenti