Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi Foto

Gənc həkim-yazıçı Natiq Əliyevin ikinci kitabı – "Hiss" detektiv-triller romanının təqdimatı Bakı şəhərində yerləşən Crescent Mall ticarət mərkəzinin 4-cü mərtəbəsində fəaliyyət göstərən "Əli və Nino" kitab mağazasında keçirilib.

Natiq Əliyev ilk kitabı "Qırmızı Damlı Malikanədə Qətl" ilə detektiv janrını sevən oxucuların diqqətini cəlb etməyi bacarmışdı. Oxucular tərəfindən maraq və rəğbətlə qarşılanan müəllif yeni əsərində daha sirli hadisələrə, psixoloji məqamlara və gözlənilməz süjet xəttinə yer verib.

Təqdimat mərasimində tanınmış həkimlər, yazıçılar, müəllimlər, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edənlər müəllifin yaradıcılığı haqqında fikirlərini bölüşərək, "Hiss" romanının Azərbaycan detektiv ədəbiyyatına dəyərli töhfə olduğunu bildiriblər. Çıxışçılar gənc yazıçıya gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd olunub ki, "Hiss" insan psixologiyasının dərin qatlarına enən, sirr, gərginlik və gözlənilməz hadisələri özündə birləşdirən detektiv-triller əsəridir. Romanın əsas ideyası insanın daxili aləmi, görünməyən həqiqətlər və mürəkkəb münasibətlər fonunda inkişaf edən hadisələr üzərində qurulub. Əsərin şüarı olan "Onlar qaranlıqda hamıdan yaxşı görürlər..." oxucunu ilk səhifədən etibarən sirli bir dünyanın içinə aparır.

Təqdimatın sonunda iştirakçılar müəlliflə səmimi fikir mübadiləsi aparıb, əsərlə bağlı suallarını ünvanlayıblar. Natiq Əliyev oxucuların suallarını cavablandırıb, kitablarını imzalayaraq xatirə şəkilləri çəkdirib.

Yeni roman artıq detektiv janrının həvəskarları tərəfindən böyük maraqla qarşılanır və müəllifin yaradıcılığında növbəti uğurlu addım kimi dəyərləndirilir.

Arzuman Loğmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti