Balakəndə qəbiristanlıq su altında qaldı -


Xəbər verdiyimiz kimi, iyulun 7-si axşam saatlarından etibarən Zaqatala və Balakən rayonlarında yağan intensiv yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçay və Balakən çaylarından güclü sel keçib. Təbii fəlakət yaşayış evlərinə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan vurub.

Seldən zərər görən ərazilərdən biri də Balakənin İkitala kəndində yerləşən kənd qəbiristanlığıdır.

Balakən Bələdiyyəsinin sədri Rövşən Əliyev Sozcu.info-ya açıqlamasında bildirib ki, Katex çayının daşması nəticəsində qəbiristanlıq tamamilə su altında qalıb.

Onun sözlərinə görə, hazırda ərazidə suyun çəkilməsi istiqamətində işlər aparılır:

"Nasoslarla su çəkilir. Aidiyyəti qurumlar tərəfindən vəziyyət nəzarətdə saxlanılır".

Qeyd edək ki, Balakən və Zaqatalada yağan leysan yağışları nəticəsində bir sıra yaşayış məntəqələrində sel suları həyətlərə və evlərə dolub, körpülərə, avtomobil yollarına və digər infrastruktur obyektlərinə ziyan dəyib.
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti