8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Müharibə hələ bitməyib!
"Müharibə hələ bitməyib!
İdeoloji müharibə isə davam edir”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan
Azərbaycan mediasi I Avropa Oyunlarında üzərinə düşən uca şərəfin böyük təntənəsini cəmiyyətə yaşatdı.
Bu gün SÖZ mətbuatdan düşəndə ilk öncə gözlərimiz önündə var-dövlətini, bilik və bacarığını, hətta dünyada ən şirin nemət sayılan can sağlığını millətinin tərəqqisi uğrunda qurban verən Həsən bəy Zərdabi dayanır.
BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli 1997-ci ildə "Yaddaş” rubrikasında "Ürfan toxumlarının "ƏKİNÇİ”si” məqaləsində yazırdı ki, Zərdabi istəsəydi dövrünün ən məşhur, ən varlı milyonçusu ola bilərdi. Bəy nəslindən idi, babası Rəhim bəyin, atası Səlim bəyin, başqa qohum-əqrəbasının yetərincə malı-mülkü var idi. Moskva Universitetini namizədlik dərəcəsi ilə bitirmişdi, minnətçi düşmüşdülər ki, qalıb elmi-pedaqoji işlə məşğul olsun (o vaxt alimlər varlılar zümrəsinə daxil idi-N.Ə.). Məşhur tarixçi alim, Peterburq Elmlər Akademiyasının üzvü S.M.Solovyovun qızı bir könüldən min könülə ona aşiq olmuşdu. Yeganə şərti də bu idi ki, Vətənə qayıtmasın – Rusiyada yaşasınlar. Bütün bunların heç biri Həsən bəyi canından artıq sevdiyi millətindən ayırıb qürbətdə saxlaya bilmədi.
Zərdabi Bakıya 60-cı illərin sonunda gəlmişdi. Beli yerə vururdun neft çıxırdı...
Zərdabi haqqında digər görkəmli şəxslər də eynən bu reallığa diqqət çəkib:
Haşım bəy Vəzirov:
"Bakı onun gözləri önündə milyonlaşmışdı, onun gözləri qarşısında çox kasıblar milyonçu olmuşdular, o isə varlanmaq üçün hər cür imkanı olmasına baxmayaraq milyonçu olmadı, haqq dünyasına yoxsul getdi. Nəyi vardısa, xalqına verdi və onun böyüklüyü də elə bunda idi: hər şeyini xalqına verib, özünə heç nə saxlamadı”.
N.V.Rayevski:
"Camaatı ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? Maarif, maarif, maarif! Ancaq elm və biliklə camaat özünün nə olduğunu və nə edə biləcəyini qana bilər... Bu qoca ədib də haman camaatın hər dərdinə dərman olan ürfan toxumları səpib”.
Məhəmməd Əmin Rəsulzadə:
"Zərdabinin xalqa verdiyi nə idi? Bakının Qasım bəy məscidində Həsən bəyin cənazəsi önündə 23 yaşlı Məhəmməd Əmin Rəsulzadə bu suala cavab vermişdi”.
Zərdabi reallığında manevr edən bugünkü mətbuat da ictimai çalarları ilə diqqət mərkəzindədir. Bu prosesə Mətbuat Şurasının sədri Əflatun Amaşov da öz rəngini qatır…
XXI əsrin ilk on ilini uğurlarla yola salan, 2015-ci illə məhəbbətlə vidalaşan müstəqil Azərbaycanın azad mətbuatının hər bir nümayəndəsi kimi sevgi içində düşünürəm: "Əflatun Amaşov imzasında diqqətə layiq bir yazar, lider doğulub”. Amaşov barəsində vicdanıma çağırış kimi şərh etməyə çalışacağam.
Keçmişə rakurs: 1996-cı il. 20 il bir göz qırpımında necə keçdi?! Sanki, dünən keçirilən seminar kimi yaddaşımı cızır.
"KİV millətə xidmət etməlidir”. Səməd Vurğun adına Rus Dram Teatrının qonaq zalında təxminən 20-yə yaxın KİV elçisinə müraciət edən "Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədri Arif Əliyevin bəyanatı bu gün də aktualdır. Mövzu belə idi. "Qanunvericilik prosesinin formalaşmasında KİV-in rolu”. Seminarda AJB ilə ABŞ-ın Beynəlxalq əlaqələr üzrə Milli Demokratik İnstitutunun nümayəndələri iştirak edirdilər. Hətta Kanada parlamentinin keçmiş üzvü, Kanada hökumətinin keçmiş naziri, o vaxtkı Beynəlxalq əlaqələr üzrə həmin Milli Demokratik İnstitutunun MDB ölkələrində parlament və siyasi partiyalar üzrə məsləhətçisi Ross Riid "KİV-in parlamentlə ictimaiyyət arasında informasiya mübadiləsində rolu” mövzusu ətrafında jurnalistlər önündə çıxış etdi. Senzuranın KİV-in fəaliyyətinə mənfi təsir etdiyini və bunun yaxşı hal olmadığını vurğulayanda hər kəs, yəni, hər bir azərbaycanlı KİV nümayəndəsi gələcəkdə bunun reallığına möcüzə kimi baxırdılar.
Jurnalistlər "dost” və "düşmən”lərini tanıdı
Xatırladırıq ki, 1993-cü ildə bir qrup jurnalist tərəfindən təsis edilən "Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi elə həmin il mayın 20-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. O vaxt "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədr müavini Əflatun Amaşov idi. Komitənin başlıca məqsədi kütləvi informasiya vasitələri və onların əməkdaşlarının hüquqlarının müdafiə sistemini təşkil etməkdən ibarət idi. Onu da deyək ki, "Ruh”un jurnalistlərin hüquqlarını müdafiə komissiyası və bir mərkəzi fəaliyyət göstərirdi. Komissiya ilk mənbədən informasiya əldə edilməsində baş verən hüquq pozuntularını, senzura hallarını, bir sözlə, ölkədəki söz və mətbuat azadlığı sahəsindəki vəziyyəti izləyərək, mənfi halların qeydiyyatını aparırdı. Yada salaq ki, bilavasitə Əflatun Amaşovun rəhbərliyi altında jurnalistlərin hüquqları ilə bağlı qanunvericilik aktlarının şərhi hazırlanır, sorğular keçirilirdi. Jurnalistlərin maariflənməsi üçün vaxtaşırı konfrans, seminar və kurslar keçirilirdi. Xarici ölkələrin müvafiq qurum və mütəxəssisləri ilə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulan əsas məsələlərdən biri idi.
1997-ci ilin əvvəlində Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyət barədə mütəxəssislərin fikrini öyrənmək məqsədilə sorğu keçirildi. Sorğunun nəticələri ilk dəfə aparıcı KİV orqanı "525-ci qəzet”-də dərc olundu. Respondentlərin suallarına uyğun cavablar yekunlaşdırılaraq "qaliblər” müəyyənləşdirildi... Lakin belə bir sorğunun ilk dəfə keçirildiyini nəzərə alan "Ruh” JMK-sı əldə edilən nəticələri elan etməməyi qərara almışdı.
(Bax: "525-ci qəzet”, 1997-ci il, mart)
Jurnalistlərin dostu
Real münasibət: Çağdaş Dünya Mətbuatı bir nəfərə xidmət edən (hakimiyyətin qorunub möhkəmləndirilməsi) – avtoritar nəzəriyyədən çoxdan imtina edib. Cəmiyyət qarşısında məsuliyyət daşıyan müasir mətbuatın sosial problemləri birtərəfli həll olunmamalıdır. Vaxtilə Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri kimi mətbuatın gələcəyindən nikbin ovqatla danışan de-fakto Mətbuat Şurasının sədri Əflatun Amaşov hələ də "qara siyahı”lara imza atmaqda davamlıdır. Məsələn, vaxtilə "Səs” qəzetini hədəfə alan Ə.Amaşov bu gün digər qəzetlərin adlarını sıralayır. Sifarişli yazıların qarşısını almağa çalışır. Dünya təcrübəsinə yiyələnməyən, hətta 60 faizdən çoxunun peşə təhsili olmamasını, mətbu etiket incəliklərini, tənqidlə-təhqiri qarışıq salmalarını dilə gətirir.
Düşünürəm ki, bütün bu amillər KİV orqanlarına verilən demokratiyanın nəticəsindəndir. Senzuranın götürülməsini arzulayan – cəmiyyətin istəkləri reallaşdı.
Söz SÖZDƏN və SÖZƏ dəyər verənlərdən düşmüşkən:
Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı.
Şah İsmayıl Xətai
Çağdaş Azərbaycan mediası – (həm elektron, həm də yazılı KİV orqanları nümayəndələrinin hər biri) Qələmini süngüyə çevirməlidir. Tarix, salnamə yaradan qələm əhli hünər dolu, inad dolu nidalarının çağırışları naminə vicdanları ilə sazişə girə bilər.
Dolandım, yoxdur qapısı,
Saray, səndən yol istərəm!..
Uca yapılıb yapısı, -
Saray səndən yol istərəm!..
Azərbaycan dilini dövlət dili kimi reallaşdıran Şah İsmayıl Xətainin müqəddəs arzularını yarım minillik zaman məsafəsində ulu öndərimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmaqla bərpa etdi.
SORĞUNUN NƏTİCƏLƏRİ…
Bu kiçik yazımızda "OBYEKTİV” sorğu mərkəzinin aparıcı KİV-lərin əməkdaşları arasında keçirdiyi sorğunun nəticələrindən yan keçəcəyik. Ancaq 1996-cı ilin iyun ayında USİA-nın dəvəti ilə Birləşmiş Ştatlara səfər edən "Yeni Nəsil” JB-nin sədri Arif Əliyevin "Qədim mədəniyyəti olmayan Amerikada” keçirdiyi görüşlərdən vacib saydıqları barəsində söz açmaq istərdik. ABŞ-ın beş ştatında və yeddi şəhərində olan A.Əliyev Senatda və Dövlət Departamentində keçirdiyi görüşlərin (Bosniya probleminin müzakirəsinə həsr olunan parlament iclasını müşahidə etdiyini, Prezident Aparatının işçiləri ilə görüşdüyünü, seçkilər və büdcə üzrə federal komissiyalara, bələdiyyə idarələrinə, fondlara, tədqiqat institutlarına, universitetlərə, polis departamentlərinə, məhkəmə orqanlarına, hüquq-mühafizə və jurnalist təşkilatlarına, sosioloji xidmətlərə baş çəkdiyini, iri qəzet redaksiyalarının, teleradio şirkətlərinin, informasiya agentliklərinin iclaslarında, letuçkalarında gördüyü maraqlı nüansların) təəssüratlarını yəqin bu gün də unutmayıb. "Amerika qədim mədəniyyəti olmayan ölkədir. Amerika mədəniyyətinin tarixi beysbolun yarandığı gündən başlayır” – Kent Universitetinin jurnalistika üzrə professoru Tim Smitin bu aforizmi onun kabinetində iri rəflərə düzülmüş antik şərq fiqurları ilə divarları bəzəyən müasir rəsm əsərlərinin doğurduğu fəzada izahat kimi səsləndi…
A.Əliyevin "Mahiyyətcə eyni, fərqli çözülən problemlər” başlıqlı müsahibəsində maraq doğuran məqamlar təxminən yaddaşımda belə qaldı:
- Vaşinqton hüquq institutunun direktor müavini Allen Şinin təbirinci desək, "bu ölkədə Konstitusiyaya Birinci düzəlişin müdafiəsi altında olan peşəkarlar kimi, jurnalistlərə xüsusi hörmətlə yanaşırlar”. Yəni, Amerikada jurnalistikanın öz yeri var.
- Ştatın başlıca problemi: Yeni mer də respublikaçıdır, dövlət aparatında ixtisar aparmaq istəyir. Bu, qızğın mübahisələrə səbəb olub. O, belə hesab edib ki, ixtisarla aparatın səmərəliliyini yüksəldəcək, büdcə kəsirini azaldacaq. Doğrusu, başa düşmək olmur ki, niyə bunu sadə qulluqçuların hesabına etmək lazımdır. Axı onlar yaşayış üçün maliyyə mənbəyindən məhrum ola bilərlər.
A.Əliyevin dediyindən başa düşdük ki, Rod-Aylendin bütün qəzetləri bu barədə yazıb. Parlamenti diqqətlə izləyən mətbuat, onun işini müzakirə edib. Bizdə isə əksinə, təhlükəli inhisara mətbuatın nəzarətindən səmərəli nəzarət mexanizmi yoxdur. Hətta, güc qurumları öz təhlükəli əməliyyatlarını mətbuat nümayəndələrinin iştirakı ilə aparırlar. Yəni, jurnalist əməliyyatda iştirak etməklə polis kimi həyatını təhlükəyə atır. "Blokada mövcuddursa, onun əsas həlqəsi (yaşadığın) respublikanın öz daxilindədir”.
Ə.Amaşov isə uzaqgörənliklə "Azərbaycanda azad mətbuatın inkişafı qarşısıalınmazdır” – deyərdi: "Jurnalistlər peşəkarlıq vərdişlərinə yiyələndikcə nəşrlərin sanbalı da artır”.
Ə.Amaşov: "Mətbuat siyasətçinin özünü müdafiə vasitəsidir”. (Bax: "Müxalifət” qəzeti, 25 aprel 1998-ci il)
"…Müstəqilliklərini təzə əldə etmiş, hələ də iqtisadi çətinliklər keçirən bir sıra ölkələrdə – Rusiyada, Gürcüstanda, Moldovada KİV-ə iqtisadi güzəştlər edilir: vergi, icarə, poçt, rabitə xidmətləri, nəqliyyat vasitələrindən istifadə üçün ən ucuz taariflər və s. Təəssüf ki, deyilənləri Azərbaycana aid etmək hələlik mümkün deyil”.
Ə.Amaşovun təbirincə desək: "…mətbuatdakı ağrılı proses hansısa qanunun qəbulundan çox, cəmiyyətin özünüdərkindən asılıdır”.
İşğal olunmuş torpaqlarımızı geri qaytarmaq yolunda intensiv fəaliyyət bütün cəmiyyətin gündəlik həyat tərzinə çevrilməlidir.
Yəni, mətbuat ictimai fikir formalaşdırmaqla cəmiyyətin dövlət üzərində nəzarətini qura bilmir.
Ə.Amaşovun 1999-cu ildə ədalət naminə söylədiklərini biz məmnunluqla bəyənirik: "…Rusiya və Ukraynanı çıxmaqla, postsovet məkanında yaranmış ölkələrin mətbuatından biz xeyli üstünük. Ancaq bu halda da Azərbaycan mətbuatı yeni doğulmuş uşaq kimidir. Ondan hələ çox şey tələb etmək yox, bəsləmək, tərbiyələndirmək lazımdır”.
"KİV haqqında” qanuna əlavə və dəyişikliklər qüvvəyə mindi
2002-ci ilin may ayının 13-də prezident Heydər Əliyev "Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzaladı. Bəli, ulu öndərimiz "KİV haqqında” qanunda olan antidemokratik müddəaları aradan qaldırdı. Beləliklə, mətbuatın inkişafına yaşıl işıq yandırdı.
Jurnalistlərin "Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması ictimai rəyi dəyişsə də, "RUH” Jurnalistləri Müdafiə Komitəsinin sədri Əflatun Amaşovu qane etmədi: "Mətbuat və İnformasiya Nazirliyi ləğv ediləndən sonra mətbuat sanki sahibsiz qaldı. Lakin bununla belə soyuq hərəkət edib, tez bir zamanda Mətbuat Şurasının yaradılmasına çalışmalıyıq. Mətbuat Şurası sırf vətəndaşların hüquqlarını qoruyan təşkilat olacaq və onların şikayətləri əsasında fəaliyyət göstərəcək. Mənə elə gəlir ki, Mətbuat Şurası yaradılandan sonra reket qəzetlərə qarşı ictimai qınaq çox ciddi şəkildə formalaşmaqla, cəmiyyətdə özünə nəzarət prinsipi tədricən inkişaf edəcək”.
Yeri gəlmişkən deyək ki, o vaxt Avropa Şurası dövlət tərəfindən yaradılan mətbuat, televiziya və internet şurasını qəbul etmədiyindən onun fəaliyyəti qanuni qüvvədə deyildi. Bu iş jurnalistlərin ictimai birlik və təşkilatlarına həvalə olunmuşdu.
2003-cü il martın 1-də planlaşdırılan jurnalistlərin birinci qurultayında Əflatun Amaşov Mətbuat Şurasının sədri seçildi. Xatırladırıq ki, o vaxt bəzi partiya rəhbərləri mətbuatdakı iqtidar-müxalifət qarşıdurmasının kəskinləşməsindən çəkinmədən, siyasi ambisiyalarını qəzet səhifələrinə çıxarırdılar. Mətbuat Şurasının bu istiqamətdə gördüyü işlər bu gün də təqdir olunur. MŞ Azərbaycanda mətbuat-vətəndaş, mətbuat-hakimiyyət münasibətlərini qismən tənzimləməyə nail oldu. Ölkə mətbuatı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Yəni, məmurların müdaxilə imkanları məhdudlaşıb. Yanaşma tərzi dünya standartları modelinə çatıb.
MŞ-in birillik hesabatına daxil olan məsələlərdən biri jurnalistlərlə bir sırada dayanan poliqrafiyaçılar idi. İkinci təklif MŞ-in tərkibində peşəkar hərbçi mütəxəssisin iştirakının məqsədəuyğunluğu məsələsi qoyulmuşdu. Gündəmdə olan "Azərbaycan KİV sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah” mövzusu demək olar ki, hər kəsin ürəyincə oldu. Büdcədən maliyyələşən "Savalan” ("Azərbaycan pioneri”) qəzeti hər bir məktəblinin sevimli qəzetinə çevrilib.
Əfsuslar olsun ki, reket qəzetlərin "obyektlərə” hücumlarının qarşısını nə MŞ, nə də hüquq-mühafizə orqanları ala bilmir (?!). MŞ-in nümayəndəsi Rəhim Hüseynzadənin təbirincə desək: "Reket qəzetlər”in hədəfində olan məmurlar ya öz hüquqlarını müdafiə etməyi bacarmır, ya da gözükölgəlidir”.
Əsl jurnalist həyatının xüsusilə çətin, fədakarlıq tələb edən peşə olduğunu ulu öndərimiz H.Əliyev yüksək elitarlıqla ifadə edib: "Jurnalistin əməyi çətin, şərəfli, çox səylər göstərilməsini tələb edən əməkdir…”
Belə əmək sərf edən jurnalistlərdən İradə Tuncay, Bəsti Əlibəyli, Hikmət Məlikzadə, Daşdəmir Əjdəroğlu, Zümrüd Abdullayeva, Şəmsiyyə Kərimova, Natella Asena, Fəxri Uğurlu, Yaşar Əliyev, Əfsanə Bayramqızı, Rəşid Faxralı, Vahid Məhərrəmli, Zemfira və Qulu Məhərrəmlilər, Telli Pənahqızı… və digərlərinin adlarını məhəbbətlə sıralamaq olar.
"Azad Azərbaycan” qəzetinin qara işlərdə əli olan keçmiş redaktorunun ifşa olunması üstündən sükutla keçən Əli Həsənovun yaddaşını təzələməyə çalışacağıq.
"Mən fəxr edirəm ki, azərbaycanlıyam” – deyən adam tərəfə çevrilib salavat çevirirəm. Ulu Öndərimizin yeri behişt olsun. İstərdim ki, Onun kəlamları və portreti arxasında çirkin əməllərini davam etdirənlərə qarşı MŞ-i açıq mübarizə aparsın.
"Dil hər bir millətin milliliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var. Azərbaycan dili şeiriyyət dilidir”.
Heydər ƏLİYEV
Azərbaycan dili müstəqil Azərbaycan dövlətinin dilidir.
"Təbiətin tacı, yaradılmışların əşrəfidir”.
NİZAMİ GƏNCƏVİ
Dünyada çinar kimi ucalan Şeyx Nizami SÖZlə xarüqələr yaratdı. Ağ vərəqə incilər düzdü… Bu gün məlum yardım fonddan maliyyələşən mətbuata söz meydanında Azərbaycanı çinar kimi ucaltmalarını arzulayıram.
Son illər, Mətbuat Şurası və onun sədri Əflatun Amaşov üçün uğurlu olub. MŞ-ə daxil olan şikayətlər azalıb. İnternet-media resursları üzrə komissiya formalaşıb. Ahıl jurnalistlər Məclisinə Əməkdar jurnalist Yusif Kərimov sədrlik edir.
2015-ci ildə 1990-cı il 20 Yanvar faciəsinin 25 illiyinə həsr edilmiş "QARA YANVAR DİALOQU” kitabı Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin tövsiyəsi ilə nəşr olunub. "SƏHƏR” qəzetinin vüqarı Məzahir Süleymanzadə və Şakir Yaqubovun dialoqunu oxuyanların təbirincə desək, həqiqətən də onlar şəhidlərimizə al qərənfilə tutulmuş möhtəşəm abidə ucaldıblar. Hər ikisi Əməkdar mədəniyyət işçisi və digər ali media mükafatlarına layiq görülüblər. Necə deyərlər, zəhmətləri qiymətləndirilib.
…Görülən konkret işlər göz qabağındadır, buna yenidən qayıtmaq istəməzdim. Amma gəlin, prosesə kompleks yanaşaq. Cənab prezident də bildirdi ki, dövlətin məqsədi azad və müstəqil medianı gücləndirməkdir. Cənab Prezident bu məqsədin reallaşmasını zəruri edən səbəblərdən də kifayət qədər söz açdı. Bir daha bəyan etdi ki, azad və müstəqil medianın rəhbər tutduğu prinsiplər cəmiyyətin inkişafı üçün vacibdir. Cəmiyyətin inkişafı və tərəqqisi dövlətin funksiya və vəzifələrinin işləkliliyi anlamına gəlir. Deməli, dövlət-media-cəmiyyət oxu müstəvisində səmərəli əməkdaşlıq labüddür və dövlət imkanlarını bu əməkdaşlığın davamlılığı üçün səfərbər edir. Prezident isə mövcud prosesdə qarant rolunu oynayır. Hesab edirəm ki, onun bu rolu media ictimaiyyəti tərəfindən kifayət qədər anlaşılır, qəbul edilir və dəstəklənir. Jurnalistlərin seçiminə təsir edən başlıca məqam da elə budur.
"İki sahil” qəzetinin müxbiri Telman Qafar Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin "TORPAQ – NEMƏTİMİZ, QEYRƏTİMİZDİR!” devizi altında Vətənin müdafiəsinə həsr olunmuş ən yaxşı məqalə və reportaj üçün elan edilən müsabiqənin qaliblərindən biri olmuşdu. "İki sahil” qəzetinin birinci səhifəsində T.Qafarın təbriki, foto-şəkli və diqqət çəkən "Şuşaya bayraq sancacaq Azərbaycan oğulları barədə yazmaq ən böyük arzumdur” başlıqlı yazı dərc olunmuşdu. Açığını deyim ki, qəzetləri aparıcı jurnalistlərin qələmlərinə biət elədiyimdən alıb oxuyuram. İnanın, elə bir qəzet nümunəsi yoxdur ki, səhifələrini bir-bir oxumayım. "İki sahil” qəzeti Telman Qafarın yazıları ilə sanki baharı gətirirdi. Allah rəhmət eləsin. Məsələn, "Respublika” qəzetini professor Teymur Əhmədovun qələminə, qəlbinə, vətənpərvər ürəyinə görə alıb mütaliə edirəm. Vaxtilə Heydər Əliyev (Vladimir İliç Lenin) adına JBNZ-nin çoxtirajlı "Neftayıran” qəzetində birgə işlədiyim Zümrüd Abdullayevanın məqalələrini, yaxın dostum, gözəl jurnalist Zülfüqar Şahsevənlinin publisistik yazılarını acgözlüklə oxuyanda ruhum dincəlir. "Ədalət” qəzetinin baş redaktoru, yazıçı, Əməkdar jurnalist İradə Tuncayı, əsrimizin görkəmli mütəfəkkiri adlandıranlar səhv etmirlər. Ötən il türk dünyasında səs salan "TÜRK MƏSƏLƏSİ” təhlil yazısının aktuallığını nəzərə alıb biz də dərc etmək məqsədilə ondan icazə almışdıq. "SƏS” qəzetinin hər bir sayını, mübaliğəsiz deyim, məhəbbətlə oxuyuram. Naxçıvan bölgəsindən hazırlanan canlı yazılar blokadanı yarıb, qəhrəmanlıq göstərir. Onu da qeyd edim ki, şair, gözəl qələm və gözəl ürək sahibi, sadədən də sadə, sevilən ziyalı, TÜRK SÖZÜNÜN ƏSGƏRİ, Əməkdar jurnalist Sona Vəliyevanın yeni həyat verdiyi "KASPİ” qəzeti gündən-günə daha mənalı, daha məzmunlu yazıları ilə geniş oxucu auditoriyası qazanıb. "KASPİ” qəzetinin qapıları ŞƏRURUN SONASININ qəlbi kimi geniş, həm də hər kəsin üzünə açıqdır. "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqovun məqalələrində isə zamanın nəbzi öz ahəngilə vurur. "525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcidin zövqü rəhbərlik etdiyi mətbu nümunəsində əxz olunur. Naxçıvan Dövlət Universitetində keçirilən tədbirlər bizim sevə-sevə oxuduğumuz "525-ci qəzet”in səhifələrində günəş təki bərq vurur.
2014-cü il oktyabrın 24-də ilk sayı işıq üzü görən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanı "AYDIN yol” qəzetinin türk dünyasının mütəfəkkirləri, Osmanlı şahları, təhsil, təbabət, ədəbiyyat və mədəniyyət xadimləri barəsində portret yazıları sevgi dolu gözlərlə oxuyuram. "Türkan Şoray”, "Dünya kinosunun gözəl sarışını – Monika Vitti”, ağrılı yerim olan "Qubadlı qubarı”, "Bütöv bir nəslin səsi - VİKTOR”un kinoya gəlişinin çətin yollardan keçən uğurlarını oxuyub necə sevindimsə, ölümünə bir o qədər ağladım. "Ardı var”la çap olunan "ATAMIN DOSTLARI” kitabının müəllifi Azərbaycan əsilli görkəmli türk yazıçısı S.Ağaoğlunun memuar ədəbiyyatına məftun oldum. Zərif, kübar, həm də güclü, enerjili Afaq Məsudun təqdimatı oxucusunu Qərbdən Şərqə, Şərqdən Qərbə aparır. Virciniya Vulf təki. İncə, füsunkar. "Dilin memarı yazıçıdır” – ifadəsi də Afaq Məsuda aiddir. "Dalğa” verilişindən yaddaşlarda qalan İlqar Əlfinin məxfi seçimləri sırasında amerikalı "İqtisadi Killerin etirafları” romanından verilən parçalarla fikrən Səudiyyə Ərəbistanına getdiyimi sonralar yuxularımda gördüm. Dizayn. Bu əsl mətbuatda şedevrdir. Əhsən sənə. Maraqlı qəzetlər sırasında "Şərq”, "Qarabağa aparan yol”, "Yeni təfəkkür”, "Kredo”, "Qarabağ”, AMEA-nın "Elm” qəzeti və s. sevə-sevə oxuyuram. "Azərbaycan Ordusu” qəzeti, "Mübariz keşikdə”, "Ədliyyə”, "Hərbi and”, "Bələdiyyə” və s. "Dönüş” kimi rayon mətbu orqanlarına da vaxt tapıram.
Quba soyqırım məzarlığından ilk reportajı ANS TV-nin ekranından yayan cəfakeş jurnalist Aytəkin Alxaslını ilə görmək üçün Qubaya getdim. Bu fədakar, Vətən övladı barəsində səmimi yazı qələmə aldım.
Əziz oxucu! Bütün bu sadalanan uğurlarda Mətbuat Şurasının xeyir-duası var: Şəxsən nəcib xarakterli, xüsusilə müsahibini səbrlə dinləmək mədəniyyətini şəxsiyyətində ehtiva edən Mətbuat Şurasının sədri Əflatun Amaşovun misilsiz xidməti dayanır.
KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli əslən Tivi kəndindəndir. Onu uzun illərin axarından, "QJE” adlanan yayım qurumundan tanıdığımdan xarakterinə də yaxından bələdəm. İnanıram ki, vəziyyəti TƏMAS XƏTTİNDƏ BAYRAQ keşikçiliyi çəkən əsgərdən fərqlənməyən, qələmini süngüyə çevirən "Zəfər qalası” ədəbi, publisistik, hərbi vətənpərvərlik qəzetinin fəci durumu ilə maraqlanacaq. Möhtərəm prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev cənabları mətbuatın 130 illiyində "Hərbi vətənpərvərlik qəzetləri xüsusi qayğı ilə əhatə olunsun” – demişdi. "Müharibə hələ bitməyib! İnformasiya müharibəsi davam edir!” – kəlamı ilə fikrini bəyan etmişdi.
Mətbuatımız dövlət qayğısı ilə əhatə olunub
Ali Baş Komandanımız İlham Əliyev cənabları dünyada analoqu olmayan sərəncama imza atdı. Jurnalistlər üçün tikilmiş bina Milli Mətbuatımızın bayram gününə başqa bir özəllik qatdı. Mənzillərin paylanması mərasimində iştirak etdi. Gəlin tarixə rakus edək. 1998-ci ildə senzuranın ləğvi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Möhtərəm prezidentimiz İlham Əliyev cənabları 2005-ci ildə MŞ-nın təkliflərini nəzərə alaraq "Əməkdar jurnalist” adını bərpa etdi. 2008-ci ildə KİV və Yardım Dövlət Dəstəyi Fondu yaradıldı. 2010-cu ilin Milli Mətbuat Günündə ölkəmizin prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışını etdi. Prezidentin jurnalistlərə həssas yanaşmasının bariz nümunəsi onlara mənzil tikintisini nəzərdə tutan Sərəncama imza atmasıdır. Maarifə, mədəniyyətə, inkişafa uca dəyər verən böyük dövlət adamı İlham Əliyev bu qayğının müqabilində "Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
MŞ-nın sədri Ə.Amaşovun təbirincə desək: "Prezidentimiz milli mətbuatımızın banisi, maarifçi alim Həsən bəy Zərdabinin, həm də müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin ruhunu şad etdi”.
Bu gün MŞ-in sədri Ə.Amaşov Milli Məclisin deputatıdır.
Bu yazıda məqsəd kimisə hədəf seçmək deyil; reallığa jurnalist baxışı sərgiləməkdir. Cəmiyyət öz dürüstlüyünü həm də mətbuat vasitəsilə tənzimləyirsə, demək yazıda obraz qismində təsvir olunanlar münasibətdə mümkün reallığa əsaslanmalıdırlar. Biz müstəqil dövlətimizi qorumaq naminə bütün yanlış addımlara qarşı çıxmağa hazırıq.
Düşünürəm ki, MŞ sədri Əflatun Amaşov bütün münasibətləri yoluna qoyacaq. Çətin olsa belə. Bu yol uzaq, çətin və fədakarlıq tələb edən yoldur. Hər kəs özünü deyil, müstəqil Azərbaycanı düşünməlidir - Dövlətimizin daha da güclü olması naminə!!!
İdeoloji müharibə davam edir!
Natella ASENA