Üç prezidentin bir mesajı:Bakı sammitinin hədəfləri nə idi?

Üç prezidentin bir mesajı:Bakı sammitinin hədəfləri nə idi?

 

Ötən gün Azərbaycan, Rusiya və İran prezidentlərinin gözlənilən üçtərəfli zirvə görüşü gerçəkləşdi.

İran prezidenti Həsən Ruhani Bakıya Rusiya lideri Vladimir Putindən bir gün əvvəl gəlmişdi. İslam Respublikası prezidentinin keçirdiyi görüşlərdə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, qarşılıqlı iqtisadi maraqlara dair məsələlər də müzakirə edilib.

H.Ruhani Prezident İlham Əliyevlə görüşdən sonra bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib: "Regiondakı münaqişələr sülh yolu ilə həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi məsələnin sülh yolu ilə həllinə çalışıb. İranın əlində münaqişənin həlli ilə bağlı imkan olsa bunu əsirgəməyəcək”. O, ölkələrin sərhədlərinin toxunulmazlığını, iki ölkə arasında sərbəst ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini də qeyd edib.

Görüşdə tərəflər iki ölkə arasında viza rejiminin qaldırılması məsələsinə toxunublar.

Prezident İlham Əliyev isə deyib ki, hökumətlərarası birgə komissiya çox uğurla işləyir: "Səfər ərəfəsində Neftçalada İran avtomobil zavodunun açılması mühüm hadisədir. Bu il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 66 faiz artıb".

İlham Əliyev bildirib ki, yaxın vaxtlarda İran texnologiyası ilə çalışacaq dərman zavodunun bünövrəsi də qoyulacaq: "Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün də önəmli addımlar atılır. Bu ilin sonuna qədər Azərbaycan öz dəmiryolunu İran sərhədinə qədər uzadacaq. Şimal-Cənub nəqliyyat dəhlizinin icrasını sürətləndirmək üçün bu gün memorandum imzalanıb. Azərbaycan tərəfi gələcəkdə bu layihənin maliyyələşdirilməsində iştirak etmək arzusundadır". Prezident İlham Əliyev bildirib ki, İran vətəndaşları sadələşdirilmiş viza ilə Azərbaycana gələ bilirlər:"Görüşdə ekologiya, Xəzərlə bağlı məsələlər də müzakirə olundu. Heç bir məsələ ilə bağlı ciddi fikir ayrılığı yoxdur. Məqsəd siyasi, iqtisadi əlaqələri gücləndirməkdir”.

Rusiya prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə "Gömrük prosedurlarının yüngülləşdirilməsinə yönəlmiş "Sadələşdirilmiş gömrük dəhlizi" və "Şimal-Cənub" layihələrinin reallaşdırılması üzrə məsələlər müzakirə olunub.

Qeyd edək ki, "Şimal-Cənub" layihəsi ümumi uzunluğu 7 min km-dən çoxdur. Bu Helsinkidən başlayaraq Rusiya, Azərbaycan və İrandan keçməklə Hindistanın Mumbay limanına və Cənub-Şərqi Asiyaya qədər uzanan multimodal yüklərin nəqli marşrutudur. Bu marşrut malların Hindistandan Rusiyaya daşınma müddətini 45 gündən 23 günədək qısaldacaq. Layihənin həyata keçməsi İran tərəfinin dəmiryolu xəttinin Astara (İran) – Astara (Azərbaycan) hissəsinin tikintisini başa çatdırmasından asılıdır.

Bakı sammitin üç ölkəyə energetika, nəqliyyat, turizm, iş yerləri, gömrük və digər iqtisadi sahələrdə əməkdaşlıqlarını genişləndirmək imkanı verəcəyi ehtimal edilir. Bunun üçün potensialın olduğu da istisna edilmir. Məsələn, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə bildirib ki, Rusiya şirkətləri Azərbaycana 2,8 mlrd. dollar investisiya qoyub.

Sammitlə bağlı bu sayaq məlumatları artırmaq da olar. Ancaq görüşün keçirilməsində ortaq maraqlarla yanaşı, hər dövlətin öz marağının da olduğu təbiidir.

Rusiya Ukrayna ilə bağlı siyasətinə və Krımı ilhaq etdiyinə görə Qərb dövlətlərinin sanksiyası ilə üzləşib. İranla bağlı vəziyyət isə bir qədər fərqlidi. Atom-nüvə proqramı ilə bağlı razılaşmadan sonra Tehrana qarşı tətbiq edilən qadağalar azalıb. Bu baxımdan Moskva və Tehranın perspektvli siyasi hədəfləri ilə yanaşı, iqtisadi maraqları da var. Digər tərəfdən, İranla Rusiya arasında ən qısa, təhlükəsiz və qənatəcil yol Azərbaycandan keçir. Ona görə də Azərbaycanın sözügedən qonşuları belə fürsəti öz xeyirlərinə dəyərləndirmək niyyətindədirlər. Bu baxımdan Azərbaycan, İran və Rusiya bu kimi qarşılıqlı maraq doğuran sahələr üzrə işçi qruplar yaratmaq qərarına gəlib. 

Təbii ki, Azərbaycanın belə tədbirlərdə əsas məqsədi işğal altında olan torpaqlarının azad edilməsidir.

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib: "Rusiya Qarabağ münaqişəsinin həllində Azərbaycanla Ermənistanı qane edəcək kompromis qərarın qəbul edilməsinə səy göstərir. Siz Qarabağdan danışdınız. Bu problem doğrudan da bizə keçmiş sovetlərdən qalıb. Bu məsələnin Azərbaycan və Ermənistan üçün həssas olduğunu bilirəm. Biz Azərbaycan və Ermənistanın hər iki tərəfi qane edəcək kompromis qərar qəbul etməsinə səy göstəririk. Bu məsələdə qalib olmamalıdır. Hər iki ölkənin xalqı qalib olmalı və hər iki dövlət bu çətin məsələni günümüzün və gələcək nəslin maraqlarının təmin olunması baxımından həll etməlidir".

Onu da nəzərə çatdıraq ki, avqustun 10-da Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarqsyanı Rusiyada qəbul edəcək. Erməni prezidentin Rusiyaya səfərindən əvvəl verilən bu bəyanat Daqlıq Qarabağla bağlı Moskvanın ənənəvi mövqeyini bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev sammitdəki çıxışı zamanı Dağlıq Qarabağda mövcud olan status-kvonun qəbuledilməz olduğunu vurğulayıb: "Beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarıdırlar. Münaqişə mütləq beynəlxalq hüquq normalarına uyğun olaraq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".

Üçtərəfli zirvə görüşünün bəyannaməsində isə bildirilib: "Tərəflər etiraf edirlər ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əhəmiyyətli maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibliyini vurğulayırlar". 

Beləliklə, sammit tərəflərin hədəf və maraqlarını bəlli etdi. Bununla üç dövlət bir-birindən istəklərini dilə gətirdi. Odur ki, hadisələrin inkişafı və yeni görüşlər həmin maraqların təmin edilməsində indiqator ola bilər. Belə formatda növbəti görüşün isə İranda keçirilməsi nəzərdə tutulub.

Sədrəddin Soltan



Oxşar Xəbərlər

Xəbər lenti