Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Əsl xainlər ölkədə kasıb-kusubun gözləri qarşısında qəsrlər ucaldan, milyonları xaricə ötürənlərin arasındadır
On illər boyu əllərimdən elə nadir ziqiymət kitablar gəlib-gedib ki, bizim "akademiklər” onların nəinki adlarını eşitməyiblər, heç rənglərini də görməyiblər. Sovet hakimiyyəti zamanında yaxşı maaşdan əlavə, yaxşı təqaüdüm də vardı. Yaxın tanışlarım, evimə gəlib-gedənlər bilirdilər ki, mən 28 adda elmi, bədii jurnal və həftəlik də alırdım. Abunə sistemi yaxşı işlədiyinə görə, heç bir çətinliyim yox idi. "Akademkitab”dan aldığım kitabların sayını unutmuşam... Hərb sənəti tarixini öyrənməyə böyük həvəsim vardı. Bunları yazmaqda məqsədim özümü hamıdan savadlı göstərmək üçün deyil. Kim məndən inciyirsə, qoy incisin, sözün düzünü deyəcəyəm, tarix fakültəsi beş il ərzində mənə heç nə vermədi. Oxuduğum illərdə universitetin tarix fakültəsində sanballı bir alim də yox idi, mən hələ dərsliklərdən danışmıram.
Amma universitetin zəngin kitabxanasına söz ola bilməzdi. Rus dilini mükəmməl bilməyim dadıma çatdı. 1917-ci ildən əvvəl Rusiya imperiyasında tarix üzrə elə klassik əsər qalmamışdı ki, nəşr olunmasın.
Amma əsl intibah dövrü 50-70-ci illərdə başladı, SSRİ Elmlər akademiyasının Şərqşünaslıq institutu yüzlərlə əlyazmanı, ziqiymət tədqiqat əsərini rus dilinə tərcümə edib oxucuların ixtiyarına verdi. Bibliofillərin bəxti gətirdi... Sözümün canı odur ki, məhz həmin bu illərdə gecə-gündüz öz üzərimdə çalışdım, türk-islam dünyasının hərb sənət tarixini imkan daxilində orta səviyyədə də olsa öyrəndim, ürək ağrısı ilə onu da "kəşf etdim” ki, bu boyda respublikada bu predmeti əməlli-başlı bilən yoxdur.
Beşillik planlardan, mənfur bolşevik cəlladların əməllərindən, sosializm quruculuğundan dissertasiyalar yazıb ad qazanan konformist, əcdadının şanlı hərbi keçmişindən, onun mənəvi aləmindən, yaşayışından tam bixəbər idi. Asan yolla pul qazanmağı öyrənmiş başabəla "namizədin”, ya da "doktorun” nəyinə lazlm idi dərinə gedib əziyyət çəksin.
Direktiv belə idi, bu torpağa qədəm qoyan osmanlı türkü də, ərəb də, fars da, hətta Arazı bu yana keçmiş dost-doğma xanədanlarımızın sıravi nüamyəndəsi belə işğalçı, qaniçən quldur kimi, rus isə xilaskar, mədəni dəyərlərin daşıyıcısı qiyafəsində təsvir edilməli idi. Azərbaycan sovet şairinin miskin xislətini açmaq üçün təkcə bu misra bəsdir:
Qonaq gəlir bizə quşlar, zülm əlindən qurtulmuşlar.
Heç demə bizim xəbərimiz yox imiş, sovet Azərbaycanına uçub gələnə qədər cənub en dairəsində olan bütün köçəri quşlar konslagerlərdə yaşayırmışlar. Sovet hakimiyyətindən ən ali mükafat və ənamları almış, yeddi arxasını təmin etmiş, özünü millətçi kimi hamıya sırıya bilmiş başqa birisi də utanmadan, qızarmadan "Əziz xilaskarımız rus xalqına eşq olsun!” yazırdı. Bizlər çox şeyləri açıb-ağartmaq istəmirik, amma "korifeylərin” vəzifə başında olan törəmələri, onların sayəsində dolananlar iqtidara arxalanaraq sələflərinin bütün bəd əməllərini ört-basdır edib yeni nəsli də mənən şikəst etməyə çalışırlarsa dözmək olmur.
Allahın dənizini belə kasıb-kusuba çox görən iqtidara belə yaltaq, simasız zümrə əl verir. Dənizdən danışdım, dərdim təzələndi, görün hakimiyyəti qamarlamış vampir sürüsü necə özünə arxayındır ki, hətta çimərlikləri də zəbt edib, istədiyi yeri hasarlayıb, istədiyi yerə də qiymət qoyub.
Durub bir-bir quldurları barmaq tuşlayıb göstərsən bütün ədliyyə sistemi, polis, prokurorluq nərə çəkə-çəkə üstünə gələcək, ay haray qoymayın, bu filan, filan olmuş dövləti təhqir edir, basın bunu qoduqluğa.
Bəzən məndən qəzəbimin səbəbini soruşurlar, cavab verirəm 20 ay ərzində qocalıq təqaüdümü əlimdən alan, məni nəvələrimin qarşısında xəcil, başıaşağı edən, doğma şəhərimi "pritona” döndərən, fitnəkarların sinəsinə orden, medal asan, yüzlərlə ərizəyə cavab verməyən, saya bilmədiyim minlərlə qəbahətə yol verən iqtidara nifrətlə yox, ikrah hissi ilə baxıram.
Gorbagor Vışinski təzədən zühur edib.
Neçə illər bundan əqdəm iqtidarın ayətüllahi –üzması çoxunun baş aça bilmədiyi bir fəndə əl atdı. Fənd də nədən ibarət idi? Açığını desəm, bu əməli ilk dəfə icad edən, onu uğurla da başa çatdıran XIX əsrin sonu, XX əsrin əvvəllərundə Moskvanın polismeystri general Zubatov idi. Onun bu məşhiur sözü tarixə düşüb: "Əgər sən böyüyüb artan hərəkatın qarşısını ala bilmirsənsə, gərək özün ona rəhbərlik edəsən!” Jandarmeriya bir məsləksiz , əqidəsiz, xudbin "jurnalist” tapıb onu külli-ixtiyar sahibi edirdi, yəni qorxub çəkinmə, bu çərçivə daxilində bizim göstərdiyimiz adamların üzərinə çirkab at, hədə-qorxu gəl, özünü elə apar ki, hamı sənin bütün sirrlərinə vaqif olmağına inansın.
General Zubatov belə bişərəfdən əzabkeş, mübariz yaratmaq üçün onu hərdən həbs edib ətrafındakıları sıxma-boğmaya salır, altdan-altdan ona külli miqdarda pul da verirdi. Camaat da aldanırdı, üsuli-idarəyə nifrət edənlər, azadlıq uğrunda mübarizəyə qalxanlar min üzlü fitnəkarın ətrafına yığılır, bütün sirrlərini açıb-tökürdülər.İqtidara da elə bu lazım idi. Tədricən bütün narazı qüvvələr aşkar edilir, kimin hansı məzhəbə qulluq etməsi bilinir, sınmayan, əyilməyən fərdləri rüsvay edib aradan çlxarmaq üçün ən binamus oyunlara əl atılırdı. Əsas fitnəkardan tək-tük adamlar şübhələnirdi. "Kişini dəfələrlə həbs ediblər!”, "O sözün düzünü deyir!”, "Birinci gündən hərəkatdadır!” və s. bu kimi sözlərlə iqtidar bu yaramazı ifşadan qoruyurdu.
Amma, atalar, sözü var, örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan keçir. Fitnəkar isə əvvəl-axır cəzasını alır, onu ya it kimi haradasa gəbərdirlər, ya da elə rüsvay edirlər ki, doğma övladları da ondan üz döndərir. Əcəldən aman olsa, mən heç nəyə baxmadan, heç kimdən çəkinməyərək mətbuatımızda tanınan artıq öz-özünü ifşa etmiş bir şərəfsizin başına elə oyunlar açacağam ki, dəymişi qalıb kalı töküləcək.
Mənim bu dünyada daha dostum qalmayıb, ağır xəstəyəm, məni həyatla ancaq nəvələrim bağlayır, bu mənhus üsuli-idarə onların yanında da məni başıaşağı edib. Görün ölkədə rəzalət hansı həddə çatıb ki, tanışlarım da mənimlə telefonda adam kimi danışmaqdan çəkinirlər. "Ay Firuz kişi, telefonlara da qulaq asırlar!”, "Çox tünd yazırsan qorxuruq, bizi də xətaya salarlar!”, "Sən Allah, bizi bağışla, hamı deyir ki, indi telefonlarlıa açıq söhbət eləmək ölümə bərabərdir!”...
Mən buna inanıram, qoca veteranın qəbir yeri almaq üçün göndərdiyi ərizələrə heç olmasa "Aldıq” cavabını verməyi də lazım görməyən, yaltaqların varlanması üçün hər cür şərait yaradan, bütün müqəddəs nəsnələri, anlayışları teleşou həşəratının, tüfeyli "millət vəkilllərinin” köməyi ilə ayaqlar altına atan üsuli–idarədən nə desəniz gözləmək olar.