ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır


ABŞ və İran arasında təxminən üç aydır davam edən münaqişəni dayandırmaq və Hörmüz boğazını yenidən açmaq məqsədilə Qətərdə aparılan danışıqlar davam edir. Tərəflərin son təklif üzərində razılığa gələ bilməməsi halında isə bölgədə hərbi əməliyyatların yenidən alovlanacağı ehtimalı gündəmdə qalır.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi sosial platformasında etdiyi paylaşımda danışıqların yaxşı irəlilədiyini bildirib. O qeyd edib ki, mümkün razılaşma böyük ölçüdə artıq müzakirə olunub.

Tramp yazıb: “Bu razılaşma ya hamı üçün böyük bir saziş olacaq, ya da heç olmayacaq. Əks halda tərəflər yenidən döyüş meydanına qayıdacaq və qarşıdurma əvvəlkindən daha böyük miqyas alacaq. Amma bunu heç kim istəmir”.

ABŞ dövlət katibi Marko Rubio da yekun sazişin yaxın ola biləcəyinə işarə edib. Tramp şənbə günü verdiyi açıqlamada da razılaşmanın əsas hissəsinin artıq formalaşdırıldığını söyləmişdi.

Lakin Trampın son açıqlamalarından bir neçə saat sonra ABŞ-ın İranın cənub bölgələrinə zərbələr endirdiyi bildirildi. Reuters agentliyinin məlumatına görə, Hörmüz boğazı sahillərində və Bəndər-Abbas şəhərində partlayış səsləri eşidilib.

Eyni zamanda İsrail Baş naziri Benyamin Netanyahu İsrail ordusunun Cənubi Livanda yeni əməliyyatlar keçirdiyini açıqlayıb. CBS News-un məlumatına görə, bu hücumlar ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq baş verib. Sözügedən atəşkəs 17 apreldən qüvvədə idi.

Qətərdə keçirilən danışıqlar barədə məlumatlar məhduddur. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edir. O, aprel ayında ABŞ vitse-prezidenti Vens ilə görüş keçirmişdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi yekun razılığın mümkün olduğunu bildirib. Bununla belə, The New York Times qəzetinin yazdığına görə, Bəqayi hazırkı sənədin tam hüquqlu saziş deyil, ilkin çərçivə xarakteri daşıyacağını vurğulayıb.

Bəqayi bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib: “Danışıqların əsas məqsədi müharibənin dayandırılmasıdır. Hazırkı mərhələdə nüvə proqramının detalları üzrə müzakirələr aparılmır”.

Onun sözləri Vaşinqtonun İranın nüvə proqramının tam dayandırılmasını əsas şərt kimi irəli sürməsi fonunda diqqət çəkib.

Müzakirə olunan layihəyə əsasən, İran zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməlidir. Lakin bu materialların necə çıxarılacağı məsələsinin atəşkəsin 60 gün uzadılması müddətində aparılacaq əlavə danışıqlarda müzakirə olunacağı bildirilir.

Tramp isə bəyan edib ki, zənginləşdirilmiş uran ya dərhal ABŞ-yə təhvil veriləcək və məhv ediləcək, ya da Beynəlxalq Atom Enerjisi Agentliyi və ya oxşar qurumun nəzarəti altında yerindəcə utilizasiya olunacaq.

İranın nüvə proqramı münaqişənin əsas mövzusu olaraq qalır. Vaşinqton Tehranı İsrail və ABŞ üçün təhlükə yaratmaqda ittiham edir və İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini bildirir.

Hazırlanan saziş layihəsi 12 həftədir davam edən qarşıdurmanın sona çatdırılmasını və Hörmüz boğazının mərhələli şəkildə yenidən açılmasını nəzərdə tutur.

İranın boğazı bağlaması dünya enerji bazarlarında ciddi qiymət artımına səbəb olub. ABŞ administrasiyası isə İran neftinin ixracını məhdudlaşdırmaq üçün bölgədə mərhələli blokada tətbiq etmişdi.

ABŞ-də benzinin orta qiyməti cüzi ucuzlaşsa da, bir qallon üçün 4,50 dollar səviyyəsində qalır. Münaqişədən əvvəl fevral ayında bu göstərici təxminən 3 dollar idi.

Razılaşmanın qəbul ediləcəyi təqdirdə Vaşinqtonun İranın neft ixracına müəyyən sanksiya güzəştləri tətbiq etməsi və dondurulmuş milyardlarla dollarlıq İran aktivlərinin bir hissəsini azad etməsi gözlənilir.

Bununla belə, Respublikaçı konqresmenlər və keçmiş dövlət katibi Mayk Pompeo mümkün razılaşmanı tənqid edərək İranın nüvə potensialının tamamilə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Netanyahu da Trampın mövqeyini dəstəkləyib və İranın uran zənginləşdirmə obyektlərinin sökülməsinin, həmçinin nüvə materiallarının ölkə xaricinə çıxarılmasının vacibliyini qeyd edib.

Tramp isə həm Demokratların, həm də bəzi Respublikaçıların tənqidlərinə sərt reaksiya verib. O, paylaşımında İranla mümkün razılaşma barədə heç nə bilməyən Demokratlara, özünü Respublikaçı kimi göstərənlərə və axmaqlara sadəcə gülürəm ifadələrini işlədib.

Arzuman Loğmanoğlu

Sozcu.info 



Oxşar Xəbərlər

Xəbər lenti