8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bir adam durub deyə bilər ki, filan oliqarx vampir, filan milyonçu məmur hansısa əsgər ailəsinin, onun bütün xərc-xuracatını boynuna götürüb, ya da hansısa kasıbın balaca uşaqlarının təhsili ilə bağlı bütün müşküllərə əncam çəkib?
On illər boyu iqtidara canla-başla qulluq etmiş qocaman bir publisist kimi mərdi-mərdanə deyirəm, mən bu qədər savadım və həyat təcrübəmlə heç bir vaxt təsəvvür etməzdim ki, cəfakeş xalqım imansız, rüşvətxor, korrupsioner bir zümrənin əlində girinc –giriftar olacaq.
Bu və ya digər səbəbdən evsiz-eşiksiz qalmış fəqir, balasını itirmiş valideyn, müharibə əlili məmur qapısına getməkdən çəkinir. Bilir ki, onu yaxşı halda ya get-gələ salacaqlar, ya da təhqiramiz sözlərlə heysiyyətinə toxunacaqlar.
Kiçik bir haşiyə. Amansızlığı, sərkərdə məharəti ilə tarixdə ad-san qazanmış əmir Teymurun dövlətində bir məmur cürət edib veteranın, ya da şikəst əsgərin müavinətinə toxunsaydı, ya da bircə gün gecikdirsəydi, onun başına it oyunu açardılar. Veteranlar, şikəst əsgərlər ən münbit, ən axar-baxarlı yerlərdə torpaq alardılar.
Sovet hakimiyyətinin kəshakəs vaxtında elə bir qapı yox idi ki, müharibə veteranının qarşısında açılmayaydı. Biz bunu görmüşük...
Birinci ricət
Hələ indiyə qədər bir tarixçi cürət edib 11-ci Qızıl ordunun, ÇEKA-nın 20-ci illərin əvvəllərində Azərbaycanda törətdikləri müdhiş cinayətlər haqqında əməlli söz deməyib. Bütün rəhbər heyəti yəhudilərdən ibarət olan ÇEKA müsəlmanlara, türk mənşəli xalqlara patoloji nifrət bəsləyən daşnak qatilləri ilə əlbir işləyirdi. İndi yazacağım sözlərdən çoxunun gözləri bərələcək: Dzerjinskinin idarə etdiyi ÇEKA-nın bütün kollegiya iclasları yəhudi dilində, ivritdə keçirilirdi. Qafqazda bütün zərbələr isə ancaq və ancaq müsəlmanlara yönəlmişdi. (OQPU, yəni, Birləşmiş baş siyasi idarə, ÇEKA abbviaturası "Fövqəladə komissiya” sözünü bildirir. "Çerezviçaynaya komissiya”, yəni ÇEKA siyasi rəqiblərə qarşı açıq, ya da gizli şəkildə amansız mübarizə üçün yaradılmışdı. Sonralar OQPU-nu Xalq daxili işlər komissarlığı əvəz elədi. Abbviatura NKVD idi, rus dilində ( naradnıy komissariat vnutrennıx del)
ÇEKA–da, partiya aparatında rəhbər vəzifələri tutmuş sionistlər, ermənilər böyük təcrübə qazanmış kommunist təbliğatçı və təşviqatçılarının köməyilə Azərbaycan fəqir-füqərasının qəlbində amansız sinfi nifrət dalğasını qaldıra bildilər. "Aclar və qullar dünyası” bolşevik hökumətinin razılığı və təhrikilə qisas almağa başladı. Müsəlmançılıq, türk kişiliyi kimi anlayışlar bilmərrə unuduldu.
1920-1940-cı illərdə partiya iclaslarında yazılmış protokolları oxumaq mənə nəsib olub.
İlahi, insanlar bir-birlərinə qarşı necə də amansız olublar?! Sanki ev yıxmaqdan, öz yaxın qohum-qonşusunu belə, gedər-gəlməzə yollamaqdan həzz alıblar. Göz qabağında olanlar bir amalla yaşayıblar, indi ki, ələ imkan düşüb, mənə nə vaxtsa pislik edəndən əvəz çıxmalıyam.
Mən o sinfi nifrətin cücərtilərini Azərbaycanda görürəm. Küçələrdə yiyəsiz qalmış yetim-yesirin, "qul bazarlarında” dərddən qap-qara olmuş cavanların, ahılların, məmur qapılarından hər dəfə naümid qayıdan qocaların, veteranların, isməti tapdanmış, fəryadı heç yerdə eşidilməyən qız-gəlinlərin gözlərinə baxın.
Hamı arsız deyil, hamı ucuz araq və siqaretlə dərdini ovundura bilmir. Dərdi pünhan tüstüsüz yananların sayı min yox, milyonlardır. Bu milyonları xudanəkərdə bir gün kortəbii ayağa qaldıracaq qüvvə isə imansız rüşvətxor məmurlar və millətin mənəviyyatına qənim kəsilənlərdir. Bu vampir sürüsü onu çörək yiyəsi eləmiş Heydər Əliyevin irsinə də təcavüz edir.
Mərhumiyyət içində çapalayanlar yaxşı bilirlər ki, küçələrə çıxıb aləmi bir-birinə vurmaq dövlətə baha başa gələcək. Mən həmişə ən simsarsız, ən yoxsul insanlarla təmasda oluram. Ən çox eşitdiyim sözlər bunlardır:
"Bəli çıxdıq küçəyə, meydana bağırdıq, pərxaşlıq saldıq, polislə toqquşmaya getdik. .. Kim təminat verə bilər ki, düşmənlərimiz bu xaosdan istifadə edib dörd tərəfdən ölkəyə soluxmayacaq?!”
"Arxa–köməyiniz yoxdur! Daxildə qarşıdurmaya yol vermək xəyanətdir... Hələ bu dinc günlərdə möhtəkirlər qorxu-hürkü bilmədən istədiklərini edirlər, hərc-mərclik başlasa, bunlar kasıb-kusuba qan udduracaqlar!”
"Rüşvətxor alçaqlar müstəqilliyimizi güdaza verəcəklər, ölkənin tən yarısı da düşmən əlində... Prezident də bunların cilovunu buraxıb... Doğrudanmı onun bu talançıların, müftəxorların əməllərindən xəbəri yoxdur?”
"Kişinin ətrafına elə bil hündür divar çəkiblər, heç kimin dad-fəryadı ona çatmır!”
(Bax, burada mən deyilənlərlə tam razıyam, deputat Elmira Axundovanın gül balasının müflis edib küçələrə saldığı adamlar bir il ərzində hörmətli Prezidentin şəxsən özünə və başqa instansiyalara beş yüzə qədər ərizə, müraciət göndərsələr də, əlli qəpiklik xeyri də olmayıb. Tək bir cavab olub: namənizi aldıq! Və mən binəva dövlətçiliyin ali məramları naminə belə iqtidarı illər boyu müdafiə etmişəm.!)
Bəziləri düşünəcək ki, mən adi məqalə yox, intibahnamə yazıram. Olsun! Onsuz da sərvəti-samanlı, külli ixtiyar sahibi olan ağalar qəzetləri oxumurlar, köməkçilərinin, fərraşlarının da bir sözü var: - Cəhənnəmə yazırlar, gora yazırlar! Kimdir bunlara fikir verən?
... Məktəbə tələb olunan pulu apara bilmədiyi üçün müəllim tərəfindən gözümçıxdıya salınıb pərt halda evə qayıdan uşağın üzünə baxa bilməyən valideyn sakitlik tapmaq üçün televizoru açmaq da istəmir. Açsa da nə görəcək?
Yenə də düşük, ət tökən verilişlər, mütrüfə bənzər aparıcıların heyvərəliyi, daş əsri səviyyəsində yumor və ritorika.
... Yerdən mərhumu götürmək kasıb ailə üçün əsl fəlakətə dönüb.
Belə çıxır ki, məzar yeri almağa, ölünü yudurtmağa, lazımı ayinləri yerinə yetirməyə pulun yoxdursa, əzizini "bomj” elan elə, qoy polis onu aparıb adsız, ünvansız məzarlıqda torpaqlasın. Nə xərcin çıxacaq, nə də borca düşəcəksən...
Çoxu arxayındır ki, transmilli korporasiyalar, ələlxüsus ABŞ-ın himayəsi altındakı qüvvələr Azəırbaycana külli miqdarda xərc qoyublar, onlar heç vaxt istəməzlər ki, mayaları batsın. Bu çox sadəlövh fikirlərdir. ABŞ artıq Azərbaycanda qeyri-sabit ab-havanın yaranması üçün bütün tədbirləri görüb.
Prezidentin çox yox, bircə dəfə İran, ya da Rusiyanın hər hansı bir nümayəndəsi ilə görüşməyi bəs edir ki, bizdə üç-dörd hərşeyşünas birdən şivən qoparır. Zalım uşağı səlib dünyasının maraqlarını öz milli namus və şərəflərindən min qat artıq qoruyurlar.
Cəzasızlıq hissindən tamam azğınlaşmış rüşvətxor məmur və oliqarx zümrəsinin kəskin tənqidi yazıları, çıxışları vecinə almaması bizim muzdlu demokratları özgə cürə ruhlandırıb. Ağızlarına gələni qəzet səhifələrinə çıxaran uşaq-muşaq da düşünür ki, camaat bir-iki söyüşü oxuyan kimi küçələrə çıxacaq. ABŞ-da o yandan gələcək, muradlar hasil olacaq, gönü bir dəfə suya vermiş siyasi müflislər təzədən hakimiyyətə gələcək. Bu heyvərə sürüsü onu qanmaq istəmir ki, məhz onların yalançı inqilabi çıxışları yırtıcı oliqarxların ömrünü uzadır. Nəticəsiz, heç kimin məhəl qoymadığı vay-şivən, söyüş, açıq qapılara mənasız hücumlar vəzifəli quldurları yox, belə aksiyaları mübarizə üsulu seçmiş axmaqları hörmətdən salıb.
II ricət
Artıq ən avam adam belə bilir ki, bu və digər oliqarxa xidmət edən qəzet hansıdır. "Yazaram, Rüstəm bəyin lap atasını da yandıraram!”- qəzetçi Rza bəyin bu məşhur atmacası indi bizim sintər, həyasız, elementar ədəbdən bixəbər "jurnalistlərin” devizinə çevrilmişdir. Siz elə bilirsiniz ki, Prezident və onun yaxın ətrafı bizim gündə qibləsini min dəfə dəyişən yazarların kəramətindən bixəbərdirlər? Xəbərdar olduqları üçün onların heç bir "sensasiyalı” materiallarına fikir vermirlər. Materialın kim tərəfindən sifariş edildiyini, redaktorun nə qədər aldığını, kimin axşam harada quyruq buladığını da əla bilirlər.
... Hazırda Azərbaycanın olan – qalan mənəvi sərvətin nigəhbanı çox zəif halda olan orta təbəqə, alınları gündə möhürə dəyən pak əqidəli iman əhli, Əhməd bəy Ağayevin estafetini kişi kimi daşımaq istəyən oğullardır.
Milli musiqimiz, tətbiqi sənətimiz, etik və estetik ənənələrimiz bu insanların kişiliyi, zəhməti sayəsində ziqiymət əmanətlər kimi gələcək nəsillərə veriləcək.
Ziyalı zümrəsinin böyük bir qismi hal-hazırda yağ-bal içində tam təmin olunmuş halda əla yaşayır. Amma millətə iki qara qəpiklik xeyirləri dəyirmi?
Hərdən yubileydən yubileyə televizora çıxıb olduqca bivec formada mədhiyyə demək vətənə, millətə, xidmət sayılırsa, onda vay bu vətənin gününə.
İndiki oliqarxın, bizneslə məşğul olan harın məmurun imkanları çoxdur, yoxsa Oktyabr çevrilişindən əvvəl yaşamış Murtuz ağa Muxtarovun? Bizim rüşvətxorun savadını o rəhmətliyin savadı ilə bir tutmaq olarmı?
M. Muxtarov neçə yetimi darülfünunlarda təhsil almağa göndərmişdi, yüzlərlə insana əl tutmuşdu, opera sənətinin tarixində Karmeni ilə şöhrət qazanmış Fatma xanım Muxtarovanı yetişdirmişdi.
İndiki azğın isə göbək rəqsi oynayanı telekanallara çıxarır, əxlaqsızlığı ilə ad qazanmış "gözəlçəyə” fəxri ad verdirir, toyxanada çəyirtkə kimi atılıb-düşən "maviyə” on-on beş min verməkdən çəkinmir...
Dözülməz mənəvi əzablara bu məqalələri yazanda yaxşı bilirəm ki, ovunmaz dərdimə dərman tapa bilməyəcəyəm.
Cəhdlərim də, dad-fəryadım da əbəsdir. Cəfakeş Sabirimiz nə gözəl deyib:
Derlər, a qanmaz, de yıxıl, öl qutar!
Hə, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!..
Firuz Haşımov,
"Yeni Sözçü" qəzeti