27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Son zamanlar Azərbaycanda rüşvətxor, korrupsioner, vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlarla bağlı sərt addımlar atılır. Ağstafa rayon icra başçısı Nizaməddin Quliyevin, ardınca Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbs edilməsi dediyimizi əyani sübut edir.
Son olaraq, Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Mətanət Tofiq qızı Hüseynzadənin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün işdən çıxarılması, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlunun korrupsiya cinayətlərində təqsirli bilinib həbs edilməsi proseslərin davamlı olacağını göstərir. Bu xüsusda prezident İlham Əliyev son çıxışlarının birində belə bir fikir söyləmişdi ki, "onlar (korrupsiya ilə məşğul olanlar - red.) xalqdan qorxmurlarsa, heç olmasa, Allahdan qorxsunlar”.
Politoloq Elçin Mirzəbəyli bu proseslərin daimi həyata keçirildiyini söylədi: "Korrupsiyaya qarşı mübarizə tədbirləri seçki kampaniyası deyil ki, konkret zaman kəsiyində həyata keçirilsin. Bu daimi prosesdir. Nə qədər ki, insan var, dövlət və özəl sektorun idarəçiliyində insan amili var, korrupsiya da, ona qarşı mübarizə də olacaq. Korrupsiya dövləti təməlindən sökən, idarəçilik sistemini sıradan çıxaran, dövlət əxlaqını sarsıdan ən dəhşətli və ən qədim bəladır. Bu problem tarixin bütün dövrlərində olub və olacaq. Ondan birdəfəlik xilas olmaq mümkün deyil. Amma miqyasını azaltmaq, minimuma endirmək mümkündür. Və Azərbaycanda həyata keçirilən tədbirlərin də məqsədi korrupsiyaya qarşı mübarizəni daha da intensivləşdirmək, onun miqyasını mümkün qədər azaltmaqdır”.
Politoloq nümunə də gətirdi: "Korrupsiyaya qarşı mübarizənin effektivliyindən danışanda ilk növbədə Sinqapur təcrübəsi göz önünə gəlir. Sinqapur vaxtilə dünyanın ən çox korrupsiya hallarının rast gəlindiyi bir ölkə olub. Bu ölkənin Maliyyə Nazirliyinin hazırladığı korrupsiyaya qarşı mübarizə proqramı bu gün də öz effektivliyini qoruyub saxlayır. Bu proqramdan bəzi istiqamətləri diqqətinizə çatdırmaq istəyirəm:
- Məmurların fəaliyyətinin reqlamentləşdirilməsi və köklü korrupsiya əlaqələrinin qarşısının alınması üçün onların rotasiyası;
- Korrupsiya məqsədilə istifadə edilməsi mümkün olan informasiyaların tam məxfiliyinin təmin edilməsi;
- Bürokratik prosedurların minimuma endirilməsi;
- Qanunun aliliyinin təmin edilməsi və sərtləşdirilməsi;
- Məhkəmə sisteminin müstəqilliyinin artırılması;
- Rüşvət verilməsinə və korrupsiya əleyhinə hüquqi araşdırmalarda iştirakdan imtinaya görə maliyyə sanksiyalarının tətbiqi;
- Yüksək etik standartlara əməl olunması üzərində sərt nəzarətin gerçəkləşdirilməsi;
- Hər 3-5 ildən bir korrupsiya əleyhinə tədbirlərin siyahısına yenidən baxılması;
- Korrupsiya faktları ilə bağlı məlumat verənlərin müdafiəsinin təmin olunması;
- İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi təcrübəsindən imtina edilməsi;
- Məmurların əmək haqlarının bir neçə dəfə artırılması;
- Yüksək ixtisaslı inzibatçı kadrların hazırlanması.
Sinqapur fenomenini əsasən 3 prinsip üzərindən dəyərləndirirlər: meritokratiya, praqmatizm və dürüstlük. İsveçrədə qanunvericilik çərçivəsində atılan addımlarla yanaşı, korrupsiyaya qarşı mübarizədə kilsə və ictimai rəy önəmli rol oynayır. Bu ölkədə qısa zaman kəsiyində böyük gəlir əldə edən bütün iş adamlarına, xərcləri gəlirlərini üstələyən bütün məmurlara şübhə ilə yanaşırlar. İctimai rəy belə iş adamlarını elə bir vəziyyətə salır ki, onlara nə məişət səviyyəsində, nə də işgüzar münasibətlərdə heç kim etibar eləmir. Fəaliyyəti şübhə doğuran məmurlar isə elə bir duruma düşürlər ki, onlar nəinki işdən getmək məcburiyyətində qalırlar, belələrinə nə dövlət qulluğunda, nə də özəl sektorda iş vermirlər. Məhz cəmiyyətin yüksək təfəkkürü, mədəniyyəti və ictimai əxlaqı nəticəsində İsveçrə korrupsiya faktlarının nadir hallarda rast gəldiyi ölkələrdən biridir. Sinqapur və İsveçrənin nümunəsində təqdim etdiyim mübarizə metodları hər iki ölkənin cəmiyyətlərinin inkişaf səviyyələrinə adekvatdır. Bu baxımdan da düşünürəm ki, korrupsiyaya qarşı mübarizədə sərt tədbirlər, güzəştsiz qanunlar, dövlət idarəçilik sisteminin tənzimlənməsi, kadr islahatlarında meritokratiya, praqmatizm və dürüstlük kimi prinsiplərin əsas götürülməsi ilə yanaşı, cəmiyyətin inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində də davamlı proqramlar həyata keçirilməlidir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində atılan son addımlara gəldikdə isə şübhəsiz ki, bu addımlar təqdir olunmalıdır. Prosesə bölgələrdən başlanılması və yerli icra başçısının, yüksək rütbəli məmurların həbsi ilə nəticələnən tədbirlərin həyata keçirilməsi həm də çəkindirici xarakter daşıyır. Bütün bunlar yetərlidirmi? Əlbəttə ki, yox. Bu problemlər əsasən bölgələrdəki icra hakimiyyəti orqanlarında yetərincədir. İnformasiya ilə işləməyi bacaran istənilən media nümayəndəsini dindirsən, çoxlu sayda fakt ortaya qoya bilər. Bəzi icra başçılarının müavinləri xüsusi "fenomendirlər”. Korrupsiya, rüşvət sisteminin əksər hallarda əsas həlqələri də onlardır. Hesab edirəm ki, bu qarşısıalınmaz bir prosesdir və ölkədə həyata keçirilən islahatların təməl prinsiplərinə uyğun gerçəkləşdirilir".