Vüsalə Mahirqızı Rauf Arifoğlunu dəstəklədi : “Mən onu Milli Məclisdə görürəm” - VİDEO

 

APA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunu dəstəkləyib.

V.Mahirqızı bildirib ki, R.Arifoğlunu Milli Məclisdə görmək istəyir: "Mən həmkarım Rauf Arifoğlunu Azərbaycanın siyasi səhnəsində və siyasət üçün ən yaxşı müstəvi olan Milli Məclisdə görürəm, təbii ki. Hesab edirəm ki, indi yox, hələ bir müddət əvvəldən Milli Məclisə seçilməyə layiq olan həmkarlarımızdan biridir. Rauf Arifoğlunun millət vəkili seçilməsi təkcə onun namizədliyini irəli sürdüyü dairənin sakinləri üçün yox, Azərbaycan mediasının və siyasətinin bir çox problemlərinin Milli Məclisdə qaldırılması baxımdan da faydalı ola bilər. Çünki Rauf Arifoğlunun həm siyasi keçmişi var, siyasi partiyada xidmət edib, həm də media adamı kimi mətbuatın bütün problemlərini bilir.

Ona görə də hesab edirəm ki, seçiləcəyi təqdirdə Rauf Arifoğlu təkcə namizədliyini irəli sürdüyü dairənin yox, eyni zamanda mətbuat adamlarının, media cameyəsinin də səsi olacaq, orda müəyyən problemləri qaldıracaq. Azərbaycan prezidentinin əsas hədəfi və bu il ərzində həyata keçirdiyi kardinal islahatlarda yeniliyin, dəyişikliyin olmasıdır. Prezidentin xüsusi olaraq tez-tez vurğuladığı ictimai nəzarətin vacibliyidir. Bu ictimai nəzarət institutunun ən yaxşı təmsilçiləri mediadır.

Hesab edirəm ki, media nümayəndələri millət vəkilləri kimi də ictimai nəzarət funksiyasını çox yaxşı həyata keçirə bilərlər. Eyni zamanda düşünürəm ki, Rauf Arifoğlu sadəcə Milli Məclisdə təmsil olunacağı dairənin problemləri ilə məşğul olmayacaq. Həm də bir ictimai nəzarəti həyata keçirəcək. Milli Məclisdə daha yaxşı qanunvericilik təşəbbüsü ilə çıxış edəcək. Xüsusən mətbuat sahəsində daha yeni trendlərin bizim qanunvericilikdə öz əksini tapması üçün çalışacaq.

Mən həmkarıma bu kampaniyada uğurlar arzu edirəm. Düşünürəm ki, Milli Məclisdə mətbuat adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri, aktiv siyasətlə, aktiv xəbərlə məşğul olan, uzun illik media təcrübəsi, cəmiyyətlə işləmək təcrübəsi olan insanlar nə qədər çox təmsil olunsalar, Milli Məclis bir o qədər adekvat və cəmiyyətlə işləməyə açıq olar. O baxımdan Rauf bəyin namizədliyini irəli sürməsini təqdir edir və ona uğurlar arzulayıram”.


 


Oxşar Xəbərlər

Xəbər lenti