8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Almaniyanın Münhen şəhərində, beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutmuş açıq debat dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə də Azərbaycanın dövlət başçısının erməni liderin arqumentlərini darmadağın etməsi hətta Ermənistanın özündə də açıq şəkildə etiraf olunmaqdadır.
Ermənistanın müxalif Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Paşinyanın bu debatdakı çıxışına reaksiya verərək onun "bir neçə dəqiqə ərzində Ermənistanın və Qarabağın qapısına avtoqollar buraxdığını” bildirib. Onun fikrincə, Paşinyan deməli idi ki, erməni tərəfi münaqişənin mərhələli həllinə qarşıdır və Qarabağ "heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.
Virtualaz.org xəbər verir ki, Serj Sərkisyanın partiyasının nümayəndəsi habelə Paşinyanın ingiliscə pis danışmasından da gileylənib. Onun fikrincə, baş nazir erməni dilində danışsa, daha yaxşı olardı. "Və daha biri: Böyük Tiqran haqda danışmazdan qabaq Bospor çarlığını, Roma imperiyasını yada sal. Bəlkə sən tarix haqda danışmayasan, ”brat"?" - Şarmazanov yazıb. O, fikrini belə yekunlaşdırıb ki, Münhen konfransında populizm işə yaramadı.
Rusiyanın nüfuzlu "Kommersant” qəzeti də Münhendəki Qarabağ debatına geniş məqalə həsr edib. Qəzet yazır ki, İlham Əliyevlə Nikol Paşinyanın bir səhnədə görünməsi nadir hadisə idi. Amma debat başlayan kimi aydın oldu ki, bundan çox şey gözləməyə dəyməz. Çünki tərəflər öz mövqelərində israr etdilər və debat qarşılıqlı ittihamlar şəraitində keçdi.
Ermənistanın sülhə hazır olduğu barədə N.Paşinyanın iddialarının boş və sadəcə, nağıl olduğunu elə eyni gündə Azərbaycan hərbçisinin işğalçı ölkə tərəfindən açılan snayper atəşi nəticəsində həlak olması növbəti dəfə təsdiqlədi. Belə ki, həmin gün Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs kobud şəkildə pozulub və düşmən qüvvələrinin snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur şəhid olub. Azərbaycan prezidenti bu faktı sərt şillə kimi Paşinyanın sifətinə çırpdı. Ancaq Nikol öz növbəsində iddia etdi ki, Azərbaycan tərəfdən açılan atəş nəticəsində onun da hərbçisi yaralanıb. Lakin hətta öz oğlunun işğal altındakı Dağlıq Qarabağda xidmət etdiyini deyən N.Paşinyana hələ çatmır ki, təmas xəttində və sərhəddə itkilərin olması məhz Ermənistanın işğalçı siyasətinin nəticəsidir. Əgər bu gün erməni ordusu Qarabağdan rədd olub getsə, həm işğal zonasındakı erməni əhali xunta rejimindən xilas olar, həm də itkilərə son verilər. İ.Əliyevlə görüş ərəfəsində "bəli, biz Cəbrayılı işğal etmişik” etirafını edən N.Paşinyan utanmazcasına bu ərazilərin "təhlükəsizlik zolağı” olduğunu söylədi. Təbii ki, bütün bunlar çox gülünc arqumentlər idi. O dərəcədə gülünc idi ki, hətta erməni ekspertlər özləri də baş nazirə güldülər və onu ələ salmaqda davam edirlər.
Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan bildirib ki, Münhendəki Paşinyan-Əliyev debatı onu məyus edib. Eks-nazir Paşinyanın Azərbaycan prezidentinə uduzduğunu deyib.
Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bir sıra həqiqətləri, həmçinin tarixi faktları bəyan etdi. "Baş nazir Nikol Paşinyan hərbi işğal faktını etiraf edib. Deyib ki, onun öz oğlu erməni silahlı qüvvələrinin sıralarında Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edir” - prezident bildirib.
Dövlət başçısı deyib ki, ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur. Dövlət başçısı daha sonra deyib: "Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!”
Dövlət başçısı deyib ki, biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik - ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır. Prezidentin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Ermənistanın deyil, dünyada heç bir ölkə Dağlıq Qarabağı tanımır.
Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı "Yeni Müsavat”a açıqlamasında Paşinyanın həyasızlığı ilə bağlı fikirlərini söylədi: "Əvvəla, bu adamın tarixdən xəbəri yoxdur və məşhur erməni tarixçilərinin də dediklərindən xəbərsizdir ki, ermənilər tarix boyunca heç vaxt hansısa dövlətə sahiblik etməyiblər. Tiqran Metsin hakim olduğu dövlət isə heç mövcud olmayıb. Tiqranın guya kiminləsə danışıqlar aparması da uydurmadır. Tiqran Metsə aid edilən ”torpaqlar" da uydurulmuş xəritədən başqa bir şey deyil. Coğrafi ad olan "Armeniya” isə Ermənistan anlamına gəlmir. Onlar özləri haylardır və ölkələri də - əgər varsa - Hayastandır. Tarixi Armeniyaya iddia etmək erməni həyasızlığından başqa bir şey deyil. Tarixi Armeniyada (Ərməniyyə) yaşayan yüzlərlə xalqdan yalnız biri haylar olub. Paşinyan saxtakarlıq adlı məlum erməni ənənəsini davam etdirən bir şəxs kimi özündən əvvəlkilərdən heç fərqlənmir. Gülməli də olsa, Köçəryan da deyirdi ki, Dağlıq Qarabağ Azərbaycandan deyil, SSRİ-dən ayrılıb. Erməni irqçisi Balayan Putinə müraciət edirdi ki, Dağlıq Qarabağ 1828-də Rusiyaya birləşdirilib, indi də Rusiyanın olsun... Əgər belədirsə, onda bu Paşinyan nəyin danışıqlarını aparır?"
Q.Çaxmaqlı qeyd etdi ki, bu görüş erməni həyasızlığının pik nöqtəsi idi və ermənilərin nazı ilə oynamağın mənasızlığını bir daha ortaya qoydu: "Bu erməni onu da unudur ki, bugünkü azərbaycanlıların tarixdə onlarla qüdrətli dövləti, imperatorluqları olub və o imperatorluqların ”sadiq təbəəsi" məhz ermənilər olub. Nə edək ki, "sadiq təbəə” xəyanət yolu tutub və ağasının üzünə ağ olub. Bu gün də onlar kiminsə arxasına gizlənib xainlik edirlər. Amma dünya belə qalmaz, paşalara, ağalara aid olduğunuz zamanlar da geri gələcək".
Politoloq Məhəmməd Əsədullazadə isə qəzetimizə dedi ki, Münhen Təhlükəsizlik Konfransında Ermənistan baş naziri Nikol Paşinyan kövrək danışıqlar mərhələsində növbəti dəfə Qarabağla bağlı qeyri-konstruktiv yanaşma ortaya qoydu: "O, münaqişənin birtərəfli həll edilməyəcəyini, təhlükəsizlik məsələsini və işğal faktorunu etiraf etsə də, dolayı yolla münaqişənin həllindən çəkindiyini etiraf etmiş oldu. Bundan əvvəl o, ”Qarabağ Ermənistanındır, nöqtə" kimi məntiqsiz tezis irəli sürmüşdü. Son açıqlamaları ilə də Cenevrədə əldə olunan danışıqları pozmaq cəhdi göstərdi. Həmçinin bütün bunlar "Yenilənmiş Madrid Prinsipləri”ndə işğalçı ölkənin maraqlı olmadığını göstərir. Göründüyü kimi, Ermənistan rəhbərliyi həm daxili faktordan çəkinərək öz hakimiyyətini itirməkdən qorxur, həmçinin danışıqlarda manipulyasiya etməklə regionda işğal faktorunu davam etdirir".
Ekspert hesab edir ki, belə bir ortamda münaqişənin nizamlanması istiqamətində Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar apreldən sonra nəticəsiz qalacaq: "Paşinyanın bu açıqlamasından sonra onun prezident İlham Əliyevlə Münhendə bir araya gəlməsi nəticəsiz bir gedişdir. Ümumiyyətlə, Münhen Təhlükəsizlik Konfransı dünyadan artan münaqişələr və təhlükəsizlik riskləri fonunda keçirilir. Qaynar nöqtələrdən olan Cənubi Qafqaz regionunda işğal, separatizm həyata keçirən Ermənistan kimi bir ölkənin iştirakı məntiqsizdir. Ona görə də Azərbaycan bu konfransda Ermənistanın izolyasiyasına çalışmalıdır”.
M.Əsədullazadə qeyd etdi ki, Rusiyanın xarici işlər naziri Qarabağ konfliktinin nizamlanması istiqamətində Rusiyanın prioritetlərini elan etsə də, burada Moskvanın səmimi olmadığını, onun öz regional kontekstində münaqişəyə yanaşdığını göstərir: "Münhendə Paşinyanın açıqlamalarının daxili auditoriyaya hesablandığını demək olmaz. O, birbaşa, açıq mətnlə problemin həllində gücsüz olduğunu və maraqlı olmadığını ortaya qoydu”.
Münhen debatından sonra Ermənistanın baş nazirinin ölkəsindəki mövqeləri bir az da sarsıldı. Küçədən hakimiyyət olimpinə yüksəlmiş bu adamın çox duruş gətirə bilməyəcəyi barədə ehtimallar getdikcə ciddiləşir. Digər tərəfdən, Qarabağ separatçıları ilə Ermənistan rəhbərliyi arasındakı konfliktin dərinləşməsi də Nikolun durumuna ciddi təsir göstərə bilər. Fevralın 17-də Ermənistan parlamentində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin iştirakı ilə qapalı dinləmələri keçirilib. Bu dinləmələr Ermənistan ordusundakı son ölüm faktları ilə bağlıdır. Ermənilər yeni ildə təkcə Qarabağdakı hərbi hissələrdə 13 hərbçinin müəmmalı şəraitdə ölməsinin səbəblərini axtarırlar. Hesab olunur ki, bunlar təsadüfi hallar deyil. Dolayısı ilə separatçılarla Ermənistan hakimiyyəti arasında döyüş gedir, özü də 31 mart "seçkiləri” ərəfəsində. Belə bir durumda Azərbaycanın üstün mövqelər əldə etməsi müsbət perspektivlər vəd edir. İşğalçı ölkə Münhendə məğlub oldu, növbəti məğlubiyyət Qarabağda olacaq...