Prezident DTX-nın həbslərindən danışdı, vəzifəli məmurlara xəbərdarlıq etdi

 

İsmayıllı və Neftçalanın yeni təyin edilən gənc icra başçılarını   qəbul edən dövlət başçısı İlham Əliyev yenə sərt mövqe ortaya qoydu: "Heç kim toxunulmaz deyil...”

"O adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər?”

Martın 5-də prezident İlham Əliyev İsmayıllı və Neftçalaya  rayonuna yeni icra başçısı təyin edib. "Yeni Müsavat” xəbər verir ki, elə həmin gün dövlət başçısı hər iki icra başçısını qəbul edib.

Prezident: "Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır”

"Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır” deyə, dövlət başçısı bildirib. Prezident deyib ki, əfsus ki, hələ də bunu dərk etməyən insanlar var: "Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistemli xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı.

Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri mərkəzi rayon xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq-mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı nə olacaq.

İlham Əliyev neftçalaya ile ilgili görsel sonucu

Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, rayon xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir.

Yəni bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir", - prezident bildirib.

Neftçala və İsmayıllının yeni icra başçıları ile ilgili görsel sonucu

Neftçala və İsmayıllının yeni icra başçıları kimdir?

Neftçala rayon onunicra başçısı Mirhəsən Mirheydər oğlu Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.1995-ci ildən etibarən 287 saylı "Zəkalar” liseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən Mirhəsən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib. 2010 -2011-ci illər ərzində hərbi xidmətini başa vurub.

İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlayıb, sentyabrdan etibarən isə Gənclər üçün Resurs Mərkəzlərində könüllü olaraq fəaliyyət göstərib. 2006-cı il yanvar ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-da Regionlarla iş üzrə departament sədri vəzifəsini daşıyıb və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş, yerli təhsil idarələri-universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatların hazırlanması kimi işləri həyata keçirib. 2007-ci ilin iyul ayından eyni təşkilatda layihələrlə iş üzrə departament sədri kimi fəaliyyət göstərib. 2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib. 2014-cü il 27 iyun tarixindən etibarən isə "İRƏLİ” İctimai Birliyinin sədri seçilib.

2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatlarının Uşaq Fondu (UNICEF), Avropa İttifaqının, Avropa Gənclər Forumu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Avropa Gənclər Fondunun bir çox tədbirlərində Azərbaycanı təmsil edib.

2017-ci il 4 mart tarixində prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən, Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2019-cu ilin 22 oktyabr tarixindən etibarən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə təyin olunub.

İsmayıllı rayonunun icra başçısı Nahid Rza oğlu Bağırov 4 aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 242 və 151 saylı məktəblərdə alıb.

1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

1998-2000-ci illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində katib vəzifəsində, 2001-2005-ci illərdə "Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2009-cu ildən etibarən və hazırda Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri olub. 2018-ci ildən etibarən və hazırda Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) İdarə Heyətinin üzvüdür. 2018-ci ildən etibarən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuranın sədr müavini olub.

Sabiq icra başçılarından biri həbsdə, digəri isə...

Mirdaməd Sadıqov ile ilgili görsel sonucu

İşdən çıxarılan icra başçılarına gəlincə, İsmayıllının icra başçısı olmuş Mirdaməd Sadıqov 1 sentyabr 1950-ci ildə Lahıcda   anadan olub. O, 1957-1967-ci illərdə Lahıc qəsəbə orta məktəbində, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. M.Sadıqov 1971-ci ildə həmin institutun maliyyə-statistika fakültəsini əla qiymətlərlə bitirib. Mirdaməd Sadıqov  2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub.  14 fevral 2013-cü ildə prezident onu  İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edib.

Məlumatlara görə, son illər İsmayıllı rayonunda iqtisadi geriləmənin olması, rayon əhalisinin sosial vəziyyətlərinin  pisləşməsi barədə mərkəzi aparata müntəzəm şikayətlər daxil olub. Rayondan gələn sahibkar şikayətlərinin sayı  da artıb.  Hesablama Palatasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq icra hakimiyyətində audit yoxlamaları da icra başçısının vəziyyətini qəlizləşdirib. İddialara görə, İsmayıllıda bir sıra yolların çəkilməsi, təmir işləri, abadlıq məsələləri ilə əlaqədar ciddi problemlər yaranıb. Daha doğrusu, icra başçısı rayonda bir sıra təmir, tikinti işləri, yolların çəkilməsini yerli iş adamlarına tapşırıb və onlara vəd edib ki, işlər başa çatdıqdan sonra onlara çəkdikləri xərc ödəniləcək. Amma icra başçısı həmin pulları verə bilməyib. 

İsmayıllı turizmi inkişaf edən ən səfalı yerlərdəndir. Burada xeyli istirahət mərkəzləri fəaliyyət göstərir. Məlumatlı mənbə bildirir ki, Mirdamət Sadıqov bu mərkəzlərə əl qoyub. Belə ki, o, hər bir istirahət mərkəzinin sahibindən xərac tələb edib.

Mətbuatda yer alan başqa bir məlumatda isə iddia olunur ki, İsmayıllının ucqar kəndlərində hələ də qaz yoxdur. Sakinlər problemlə bağlı dəfələrlə rayon rəhbərliyinə müraciət etsələr də, nəticə olmayıb. İcra hakimiyyətinin elan etdiyi tenderlərin bir çoxunu isə məhz Mirdaməd Sadıqova yaxınlığı ilə seçilən şirkətlər qazanıb.

Yada salaq ki, 2018-ci ilin yayında İsmayıllı rayonunun prokuroru Ülvi Abbasov rüşvət ittihamı ilə həbs edilmişdi.

İsmayıl Vəliyevin ile ilgili görsel sonucu

Neftçalanın icra başçısı olmuş İsmayıl Vəliyevin isə xüsusi təqdimatı ehtiyacı yoxdur. Fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən bildirilib ki, icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov,  Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin xidməti otağına baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib.

İsmayıl Vəliyevin ile ilgili görsel sonucu

İstintaq araşdırmaları ilə həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əmək haqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyənləşib.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə şübhəli şəxs qismində saxlanılıb.

Elə həmin gün prezident İsmayıl Vəliyevi işindən azad edib.



Oxşar Xəbərlər

Xəbər lenti