Hökumətin çıxış yolu üçün “B” planı

 

Tədbirlər sırasına böhrandan daha çox ziyan çəkmiş sahələrin dəstəklənməsi də var

Dünya ölkələri koronavirusun iqtisadiyyata, biznes subytektlərinə təsirini azaltmaq, böhranın dərinləşməsinə imkan verməmək üçün müxtəlif planlar, proqramlar elan edirlər. İtaliya hökuməti bu məqsədlə 27 milyard avro, Avstriya 11,4 milyard dollar ayırıb. Hər iki ölkədə vəsaitlərin böyük bir qismi kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsinə yönəldiləcək. Gürcüstan hökuməti koronavirusla bağlı yaranan vəziyyətlə əlaqədar iqtisadi stimullaşdırma üzrə plan hazırlayaraq, bu gündən onun icrasına başlayır.

Bəs Azərbaycanda vəziyyət necədir: hökumət neft və koronavirus təhdidlərinə qarşı hansısa plana malikdirmi? Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuata verdiyi açıqlamada hökumətin belə bir planının olduğunu deyib: "Hökumətin və Azərbaycan Mərkəzi Bankının (AMB) ”B" planı var və bu plan məhz neftin bu qiyməti (30-35 ABŞ dolları) üçün əvvəldən hazırlanmışdır. Hazırda hökumət bu plana əsasən fəaliyyət göstərir. Biz problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhalini sakitliyə çağırıram. Hökumətin, bizim gördüyümüz tədbirlərdən görünür ki, tələbat tam şəkildə təmkinlə qarşılanır. İnsanlara çağırışımız odur ki, öz hərəkətləri ilə bizə kömək olsunlar ki, problemin daha tez həllinə nail olaq".

E Rüstəmov ile ilgili görsel sonucu

E Rüstəmov əlavə edib ki, ölkənin lazımi resursları var: "Problemi layiqincə qarşılamaq üçün imkanlarımız mövcuddur”.

E.Rüstəmovun dediyi "B” planında nələr nəzərdə tutulur? Hökumət hansı addımları atmağı planlaşdırır? İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şokların Azərbaycana olan təsirlərinin azaldılması üçün hökumətin fəaliyyət planı barədə açıqlama verib.

Açıqlamada neft bazarında qiymətlərin "çökməsi” və koronavirusun təsirindən yaranmış qlobal böhranın Azərbaycana olan təsirlərini azaltmaq üçün prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökumətinin əsas siyasət istiqamətlərinin müəyyənləşdirildiyi bildirilir: "Bu mənada hökumətin tədbirlərini iki qrupda təsnifləşdirmək olar. Birincisi, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması, ikincisi isə qlobal iqtisadi böhranın Azərbaycana təsirlərinin azaldılmasıdır. İlk növbədə Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması üçün fəaliyyət göstərir. Nazirlər Kabineti bunun üçün Tədbirlər Planı təsdiq edib, koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün fəaliyyət göstərilir”.

Mərkəz rəhbərinin sözlərinə görə, iqtisadi tədbirlərin başında isə valyuta bazarında tələb-təklifin tənzimlənməsi, manatın sabitliyinin qorunması, inflyasiyanın nəzarətdə saxlanılması və bazarlarda spekulyasiyalara yol verilməməsidir: "Əmanətlərin tam sığortalanması məsələsi də yaxın günlərdə həllini tapacaq. Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərraclarında bu həftə ərzində bazarın tələbini tam ödəyəcək məbləğdə valyuta satılıb. Manatın sabitliyinin qorunması 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların nəticələrinin daha da möhkəmləndirilməsi üçün zəmindir. Azərbaycan hökuməti tərəfindən dövlət büdcəsinin icrasının tam həyata keçirilməsi, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi istiqamətində tapşırıqlar müəyyənləşdirilib.

Xüsusilə sosial proqramların tam icrası nəzarətə götürülüb. Ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələr tam icra ediləcək. Bu il dövlət büdcəsinin sosialyönlü xərcləri 10,4 milyard manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 2,6 milyard manat və ya 33,5 faiz çoxdur".

Vüsal Qasımlı ile ilgili görsel sonucu

V.Qasımlı bildirir ki, özəl sektor da mövcud iş yerlərinin saxlanılması və yeni iş yerlərinin açılmasında fəal olmalıdır: "Cənab Prezidentin tapşırığına uyğun olaraq kiçik və orta sahibkarlığın daha geniş miqyasda dəstəklənməsi və ölkədə sərmayə qoyuluşunun artırılması istiqamətindəki tədbirlər xüsusi olaraq iqtisadi artımın dayanıqlılığının təmin edilməsinə hesablanıb. Bu ilin ilk iki ayında əsas kapitala yönəldilən vəsaitlər 12,7 faiz artıb və hökumət bu tempin saxlanılmasına çalışacaq. Hökumətin tədbirləri sırasına qlobal böhranın təsirindən daha çox ziyan çəkmiş sahələrin dəstəklənməsi də daxildir.

 Xüsusən neftdən sonra ölkəyə ən çox gəlir gətirən turizm sektorunun dəstəklənməsi gündəlikdədir. İqtisadiyyat üçün sistem əhəmiyyətli müəssisələrin dayanıqlılığı təmin olunacaq. Neftin qiymətlərinin tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb ki, bu sahədə görülən tədbirlər tədiyə balansının tarazlığının qorunmasını təmin edəcəkdir. Hökumətin antiböhran tədbirlərinin səmərəliliyinin artırılması üçün özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq qurumlarla əməkdaşlıq da gündəmdədir".

İqtisadçı-ekspert Rövşən Ağayev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, hökumətin ilkin addımlarından biri keçici olaraq biznes subyektlərinin cari hesablarına müəyyən məhdudiyyətin tətbiq olunması ola bilər: "Yəni xaruci valyutada öhdəliklərin icrası və valyuta ilə zəruri ehtuyacların qarşılanması ilə bağlı müqavilələr üzrə tələbat həcmində manatdan xarici valyutaya konvertsiyaya imkan verilməli, bundan kənar ən azından yaxın 30 gün üçün limitlər müəyyən edilə bilər. Xüsusilə də bu, yerli sahibkarlara münasibətdə tətbiq edilə bilər. Dövlət satınalmalarına nəzarət maksimum artırılmalı, Satınalmalar üzrə Dövlət Agentliyi yeni, beynəlxalq praktikada istifadə olunan risk indikatorları əsasında risk menecmenti tətbiq etməlidir. Bu riskin əhatə dairəsinə düşən satınlama müqavilələri dərhal təftişə götürülməlidir. Dövlət büdcəsinin 2 bölməsi - invesitisya və əsas bölmələrə aid edilməyən xidmət bölmələri üzrə xərclərin səmərəliliyi yenidən qiymətləndirilməli, həmin bölmələr üzrə səmərəliliyi şübhə doğuran layihə və tədbirlərin maliyyələşdirilməsi təxirə salınmalıdır. Dövlət ehtiyacları üçün idxalın səmərəliliyi araşdırılmalı, gərəksiz idxal azaldılmalıdır”.

Ekspertin sözlərinə görə, ölkədə parlament və hökumətin birgə antiböhran qərargahı yaradılmalıdır: "Ehtiyac bilsələr bura araşdırmaçı və ekspertləri də dəvət edə bilərlər. Bu qərargah hər gün toplanıb müzakirə aparmalıdır. Bir də şəffaflıq - hökumət gərəkli statistikanı doğru və zamanında açıqlamalıdır. Çünki biznes yalnız belə mühitdə hökumətə ehtimad edir. Xüsuslə də Mərkəzi Bank - Türkiyə və Rusiyada olduğu kimi, tədiyə balansının statistikasını rüblük yox, artıq aylıq açıqlamalıdır. Eyni zamanda Mərkəzi Bank təcili olaraq Beynəlxaql İnvestisiya mövqeyinə dair detallı statistika açıqlamalıdır. Hökumət məşğulluğa və yoxsulluğa dair gerçəklikdən uzaq statistikadan əl çəkib, cəmiyyətə daha obyektiv statistika təqdim etməli, baş verən proseslərin həyat səviyyəsinə təsirini obyektiv ölçməli, nəticələrə uyğun real və ehtiyaca uyğun tədbirlər görməlidir. Bunlar qısamüddətli tədbirlərdir. Ortamüddətli dövr üçün ölkədə təcili əksmərkəzləşmə islahatı qəbul edilməli, yerli seçkili orqanların gücü artırılmalı, mərkəzləşmiş strukturların təsir rıçaqları zəiflədlilməlidir - ən azından yerli əhəmiyyətli sosial-iqtisadi problemlərə münasibətdə. Vətəndaş cəmiyyətinə münasibətdə ən azından 2014-də qədərki status-kvo bərpa edilməlidir”.



Oxşar Xəbərlər

Xəbər lenti