8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident İlham Əliyevin iyunun 3-də rayonlara səfəri zamanı Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxış edib və bu zaman mühüm bəyanatlar səsləndirib, mesajlar verib. Dövlət başçısının çıxışında diqqəti xüsusi cəlb edən və müzakirələr doğuran məqamlardan biri də qondarma "Dağlıq Qarabağ Respublikası”nda keçirilən seçkilərlə bağlıdır. Xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev proqram xarakterli mövqe bildirib, olduqca vacib məqamlara toxunub.
Prezident İlham Əliyev "Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən "məzhəkə oyununun” nəticələrini tanımayıb”, deməklə, həm də bu məsələnin və onun təşkilatçılarının, prosesin arxasında dayanan Ermənistan rəhbərliyinin tamamilə qeyri-ciddiliyinə münasibət bildirib.
Sitat: "Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı”.
Çıxışında İlham Əliyev bir məqama toxunub və bu, kifayət qədər nəzərləri cəlb edir. Sitat: "Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı”. Məsələ ondadır ki, AŞPA, bütövlükdə AŞ daim Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib, saxtakarlıqlar edib, ikili standartlarla yanaşıb. Faktiki olaraq AŞ bu kimi davranışları ilə qeyri-ciddi bir quruma çevrilib. Burada müxtəlif qruplaşmalar formalaşıb və onlar daim korporativ maraqlardan çıxış edərək, ermənilərə lobbiçilik ediblər, hətta maddi maraqlar qarşılığında eynilə xunta rejimi kimi saxtakarlıqlara baş vurublar. Belə bir mənzərə yaranır ki, AŞ-la xunta rejimi ortaq "dəyərləri” bölüşürlər. Amma bu faktlara rəğmən AŞ, AŞPA bəzən utanmadan demokratiya və insan haqlarından dəm vurur. Əslində bu "dəmvurmaların” məqsədi də bəllidir: təzyiq göstərmək, kimlərinsə sifarişlərini yerinə yetirmək...
Prezident İlham Əliyev çıxışında bu məsələlələrə çılpaqlığı ilə aydınlıq gətirən fikirlər səsləndirib, mövqe bildirib. Sitat: "Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”. Dövlət başçısı konkret bir çağırış edib, gözləntilərini qeyd edib. O, Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytardıqlarını, indi dünyada bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından bəyanat gözlədiklərini vurğulayıb.
Prezident İlham Əliyev çıxışında Avropa Şurasının qərəzli yanaşmalarını konkret, əyani nümunələrlə təsbit edib: Azərbaycan rəhbəri Avropa dövlətlərinin özlərində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, mitinqçilərin öldürülməsinin, onların hətta gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs olunmasının müşahidə edildiyini qeyd edib. Ancaq AŞPA bunları görməzdən gəlir. Prezidentin sitatı: "Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.
Musavat.com olaraq bir vacib detalı da qeyd edək: xunta rejimində prezident və parlament seçkilərinin dünyada COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsini də bir çox müvafiq beynəlxalq qurumlar sanki görməzdən gəldi. Koronavirusla mübarizə bütün dünyanın ümumi işidir və bu prosesdə hər kəs uzlaşdırılmış addımlar atır. Lakin pandemiya dövründə qondarma rejimdə keçirilən seçkilərlə əlaqədar Qərb dövlətləri və AŞPA səslərini çıxarmadılar. Niyə, səbəb nədir? Yoxsa ermənilərin bütün cinayətləri ilə yanaşı, bütövlükdə dünyanın əməl etdiyi pandemiya qaydalarını pozması da kimlərinsə vecinə deyil? Bu nə yanaşmadır?..
Bütövlükdə münasibətlər mövzusuna toxunan İlham Əliyev Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayıb. O, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklərə sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-nın ikili standartlar siyasəti həyata keçirdiyini xatırladıb: "Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq qalmışdır”.
Azərbaycanın beynəlxalq prinsiplərə, o cümlədən AŞ qarşısında götürülən öhdəliklərə sadiqliyinin qarşılığında daim qərəzli münaibətlərə məruz qalması, təbii ki, üzücüdür və heç şübhəsiz ki, reaksiyasız da qala bilməz. Bu baxımdan AŞPA-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev çox sərt bir şəkildə mövqeyini ortaya qoyub. Dövlət başçısı son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı nifrət aşıladığını deyib və təbii ki, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi diqqətindən yayınmayıb. AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə rast gəldiyini qeyd edən Prezident İlham Əliyev belə davam edib: "AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər. Bu gün biz dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, insanların üstünə itlər göndərilməsinin, atlarla əzilməsinin şahidi oluruq. Lakin Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən AŞ və Qərbin bəzi dairələri bu kimi hallara göz yumur və səsini belə çıxarmağa cürət, cəsarət etmir”... *** Bu gün dünyada hər kəsin izlədiyi bir proses də baş verir. Söhbət ABŞ-da yaşanan məlum olaylardan gedir. Bu prosesi Prezident İlham Əliyev olduqca maraqlı və detallı şəkildə şərh edib. Sitat: "ABŞ-ın Minneapolis şəhərində "Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir. Həmin səhnələrə baxdıqda məşhur Hollivud filmləri olan "Qara cəngavərin yüksəlişi” və "Coker” filmləri insanın gözü qarşısında keçir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir. İnternetdə hadisələr zamanı jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmin hadisələri görməzdən gəlirlər”. Təbii, bunlar haqlı irad və tənqidlərdir. Təsəvvür edin, Azərbaycanda razılaşdırmamış aksiyalar keçirən şəxsləri polis maksimum humanist davranışlarla ərazidən uzaqlaşdıranda, hətta hansısa bir müxalifətçi, yaxud fəal, lap elə sadə bir vətəndaş cinayət törədəndə bəziləri bunu hansısa maraqlarla siyasiləşdirir və ardınca AŞ, digər beynəlxalq təşkilatlar bəyanatı bəyanat dalınca göndərirlər. Amma indi ABŞ-da və bəzi Avropa ölkələrində baş verənləri sadəcə sükutla yola verirlər... Ancaq illərdir bu qurumlar və onların təmsilçiləri Azərbaycanda siyasi məhbus məsələsi üzərində spekulyasiyalarını, qərəzli mövqelərini dayandırmırlar. Dövlət başçısı bu məsələyə münasibətini bu cür açıqlayıb: "Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz ki, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal sezilirdi. Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik "Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!”
AŞPA və ATƏT-in Azərbaycana yönəlik haqsız siyasətini qiymətləndirən Prezident İlham Əliyev belə deyib: "AŞPA və ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki, hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Görünür, AŞPA-da bəziləri bu qurumu sırf "xristian klubu” kimi görmək istəyindədirlər. "Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür”.
Qərəzli beynəlxalq qurumların, o cümlədən AŞPA-nın Azərbaycana əsassız hücumlarının baş verdiyi ənənəvi dönəmlərdən biri də seçkilərdir. Bu ilin 9 fevral tarixində keçirilən parlament seçkiləri ilə bağlı da oxşar vəziyyət yarandı. AŞPA-nın tam qərəzli bir mövqeyinin şahidi olduq. Bu qərəzli və ədalətsiz münasibətə də Prezident İlham Əliyev nitqində yer ayırıb və tutarlı cavablar verib: "AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. Sual olunur: AŞPA Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA-nın bu qədər Azərbaycanı canı yanır?”
Nitqində ümumilikdə AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident İlham Əliyev qurumun təməlini təşkil edən bəşəri demokratik dəyərlərin təşkilatın özü tərəfindən heç də bəşəri qəbul edilmədiyini göstərən maraqlı müqayisə aparıb: "Əgər belədirsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir”.
Dünyanın bir çox təşkilatlarının, o cümlədən AŞ-ın da nə qədər qeyri-humanist və qərəzli olmasının bir nümanəsi də girovluqda saxlanılan iki azərbaycanlının – Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə yanaşmada özünü göstərir. Prezident İlham Əliyev buna da toxunub: "AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil”.
AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini, doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən Prezident İlham Əliyev deyib: "AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkünsüzdür. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir”...
***
Bəzən sual olunur ki, bəzi beynəlxalq təşkilatlar, müəyyən Qərb, Avropa dairələri niyə Azərbaycanı sevmir, qərəzi haradan qaynaqlanır? Əlbəttə, bu sualların cavabları var. Əvvəla, bu qurumlar yuxarıda da qeyd etdiyimiz kimi, hansısa dairələrin, erməni lobbisinin bir növ ruporları kimi çıxış edirlər. Digər tərəfdən isə bir çox dairələr Azərbaycan, bütövlükdə türk dünyasının, türk-islam ölkələrinin güclənməsini, öz ayaqları üstə dayanmasını, müstəqil siyasət aparmalarını həzm edə bilmirlər. Bu, bir faktdır ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iqtisadi, siyasi uğurlar qazandığını, nəhayət bu gün dünyada sözü eşidilən dövlətlərdən birinə çevrilməsini qəbul etmək istəməyən güclər var. Zaman-zaman biz bunun təzahürlərini görmüşük və görməkdəyik. Lakin bunların qarşılığında Azərbaycan sürətli inkişaf yolundadır. Təbii, sağlam şəkildə tənqid etmək üçün müəyyən nüanslar, detallar da dünya durduqca var. Lakin Azərbaycanın təkcə pandemiya dövründəki davranışları göstərdi ki, ölkəmiz hətta Avropanın inkişaf etmiş dövlətləri ilə müqayisə oluna bilər. Dövlətin, şəxsən Prezidentin qəbul etdiyi doğru qərarlar, yürütdüyü xətt, habelə istər vətəndaşlara, istərsə də digər ölkələrə göstərdiyi humanitar yardımlar, çevik hökumətin mövcudluğu göz önündədir və şərhlərə də xüsusi bir ehtiyac qalmır. Qərəzlərə səbəb olan digər bir məsələ isə Azərbaycanın beynəlxalq arenada davranışlar müstəvisində artıq icraçı deyil, məhz təşəbbüsçü, təşkilatçı rolunu almasıdır. Hansı ki, bu, çox böyük uğurlardır və obyektiv yanaşmalarda yalnız alqışlanır, faydalarından bəhrələnilir. Buna bir numünə də Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə pandemiya dövründə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləridir.
Təkcə Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirak ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib. Bu görüşlərin, təşkilatçılığın və davranışların çox ciddi nəticələri və əhəmiyyəti, faydaları var. Ən böyük nəticə odur ki, Azərbaycan artıq əhəmiyyətsiz beynəlxalq platformalarda deyil, təşəbbüsçü olaraq faydalı platformalarda çalışır. Bu isə əlbəttə ki, oyuncağa çevrilən qurumları narahat etməyə bilməz. Habelə, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri dünyanın enerji təminatı üçün olduqca əhəmiyyətlidir. Aparılan nizamlı siyasət və inkişaf strategiyaları, istiqamətlərinin nəticəsində Azərbaycan dünyada artıq "orta miqyaslı” (middle power) ölkə kimi tanınır. Beynəlxalq hesabatlarda belə qəbul edilirik! Çünki Azərbaycan ərazicə kiçik ölkə olsa da, həm regiondakı mövqeyilə, apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə ciddi töhfələr verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyi və davamlı inkişafında əvəzsiz rol oynayır.
Bunlarla yanaşı, Azərbaycan Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış edib. Həmçinin, Türkiyə ilə Rusiya arasında konfliktlər baş verən dönəmdə Azərbaycan bu iki ölkə arasında münasibətlərin normallaşmasında ciddi rol oynayıb. Əlbəttə, biz bu cür güclənməyimizlə, nüfuzumuzla fəxr edirik və dostlarımız da bununla qürurlanır, Azərbaycanı, onun Prezidentini alqışlayır. Eyni zamanda bu uğurlarımız Azərbaycanın bədxahlarının da qərəzli mövqelərdən çıxış etməsinə səbəb olur. Odur ki, bunları da bir növ təbii qarşılamaq lazımdır.