Jurnalistikamızın dünəni və bu günü

Jurnalistikamızın dünəni və bu günü

İndi zaman o zaman, dövran o dövran deyil. Siyasi-ictimai və iqtisadi mühit kimi, dövrün qəzetləri və qəzetçiləri – jurnalistlər də dəyişib.

 

O zamanın jurnalistikasında da problemlər var idi. Jurnalist istədiyini yaza bilmirdi. Bütün yazılar "Qlavlit” deyilən mətbuatda dövlət sirlərini qoruyan idarənin zərrəbi altından keçirdi. Yazılarda partiyanın və dövlətin qərarlarının və tələblərinin əleyhinə heç nə yaza bilməzdim və yazsam da "Qlavlit”in müfəttişi onun çapına "veto” qoyurdu.

Mən də 50 ilin jurnalisti kimi duzu-istiotu artıq olan yazılarım həmin zərrəbin altında əyri körünüb. Amma söhbət bu tələbdən getmir. Aqillər demiş, onda təlabat da var idi, jurnalist də, hələ üstəlik jurnalistə inam və xətir-hörmət də, üstəlik, jurnalist də sənətkarlığı da, məsuliyyət hissi də var idi. Jurnalist nəyi necə, hansı formada, janrda yazmağı əla bacarırdı. O zaman jurnalist dəyərli və vaxtında yazdıqları yazıları ilə özünə geniş aidotoriyada hörmət, etibar, inam qazanırdı. Yazdığı materialda qarşıya çıxacaq faktları, rəqəmləri dönə-dönə araşdırıb, doğruluğunu dəqiqləşdirdikdən sonra yazırdı. Yazdıqlarında "qonorar”dan savayı bir kimsədən heç nə ummurdu, bir kimsənin önündə suçlu adamlar kimi gözükölgəli, başıaşağı dayanmırdı. Həmişə, hər yerdə vicdanının səsinə qulaq asıb, ədaləti-ədalətsizliyin, haqq-nahaqqın qulağından asmırdı. Jurnalist etikasını və jurnalist mədəniyyətini hər zaman uca tuturdu.

Bu sayaq əli təmiz, vicdanı saf, mədəniyyəti yüksək və mənəviyyatı uca olan jurnalisti mən hələ altıncı sinifdə oxuyanda görmüşəm. Onda adicə bir kolxozçunun yazdığı şikayət məktubunun dalınca Bakıdan "Kommunist” qəzetinin redaksiyasından kəndimizə gəlmişdi o jurnalist. Çox da yaşlı deyildi, cavanlıqla ahıllıq arasında duran bir kişi idi.

İki gün kənddə qaldı. Məktubda sadalanan faktları bircə-bircə səbr və təmkinlə yoxladı. Fermada, məktəbdə və s. yerlərdə oldu. Camaatla söhbət elədi. Bir sözlə, ikicə gündə hamıya qaynayıb-qarışdı. Geri qayıtmaq ərəfəsində kolxoz sədri xəlvətə salıb onun pencəyinin cibinə konvertdə nəsə qoymuşdu. Ferma müdiri ilə anbardar da bir toğlu cəmdəyi tədarük etmişdilər. Həmin jurnalist cəmdəyə gözünün ucu ilə də baxmadı. Camaatla görüşüb ayrılanda sədrə yaxınlaşıb həmin konverti hamının gözü qabağında sədrə qaytardı və astadan pıçıldadı: "Xahiş edirəm bir də bu sayaq hərəktlərə yol verməyin”-  deyərək hamı ilə görüşüb rayon mərkəzinə, oradan da Bakıya qayıtdı. Deyilənə görə, kolxoz sədrin adamları, rayon mərkəzində, hətta Bakıda da o jurnalistə "xod” tapa bilməyiblər.

İki həftədən sonra "Kommunist” qəzetində həmin jurnalistin imzası ilə "Gəmiricilər” adlı felyeton dərc edildi. Və bu felyeton təkcə bizim kəndi yox, bütün rayonu silkələdi. Rayon partiya komitəsinin xüsusi komissiyası felyetonda göstərtlən faktları yoxlayıb, büroda müzakirə etdi, günahkarları partiyadan çıxartdı və yoxlama sənədlərini prokurorluğa göndərdi. Arxası da məlumdur. Bir neçə nəfər elədiyi əməllərin acısını çəkdi.

Baxın, o sayaq vicdanını heç nəyə satmayan, cəmiyyət qarşısında məsuliyyətini dərk edən, vicdanı saf, mənəviyyatı təmiz jurnalistlər mətbuatı "Dördüncü hakimiyyət” səviyyəsinə qaldırıb, xalqın inamını, etibarını və dərin hörmətini qazanmışdılar.

Elə o vaxtdan məni bu nəcib peşəyə həvəsləndirən həmin müxbirin yüksək əxlaqı, jurnalist etikası və mədəniyyəti, prinsipiallığı və vicdanını nəyəsə satıb, nəfsinin qulu olmaması idi. İstəyimin arxasınca Bakıya gəldim. ADU-nun jurnalistika fakültəsinə qəbul oldum. Düz beş il sevimli müəllimlərimdən jurnalist sənətkarlığının sirlərini və nəzəri əsaslarını öyrəndim. Sonar da qəzetlərin birində təcrübəli və peşəkar jurnalistlərin yanında bilmədiklərimi öyrənə-öyrənə bu çətin, həm də mənim üçün olduqca şərəfli peşənin uzun, narahat və nahamar yollarında əlli ildir addımlayıram. Bu yolda neçə yol çətinliklərə, nadanların, xəyanətkarların, rüşvətxorların və sair tiplərin hədəsinə, hərzi-hədyanına tuş gəlsəm də, bircə cinqi də nə jurnalist adına, nə də şərəf və mənliyimə ləkə vurulmasına imkan vermədim. Mənə qurulan torlara ilişib, atılan badalaqdan yıxılmadım. Hər zaman, hər yerdə nə qədər çətinliyə düşsəm də, nakəslərin qarşısında əyilməyərək, ləyaqətimi, şərəfimi, mənliyimi qorudum.

Yenə deyirəm, 50 ilin jurnalistiyəm. Bu peşədə ilk əmək fəaliyyətimə korrektorluqdan, müxbirlikdən başlamışam, baş müxbir, şöbə müdiri, məsul katib, redaktor, baş redaktor işləmişəm. Müxtəlif mövzularda yüzlərlə məqalə, oçerk, felyeton, satirik şeir yazmışam. Neçə-neçə kitab müəllifiyəm. Amma yenə də özümə peşəkar jurnalist və publisist deməyə çətinlik çəkirəm. Elə günüm olmur ki, Azərbaycan jurnalistikası klassiklərinin – H.B.Zərdabinin, C.Məmmədquluzadənin, Ü.B.Hacıbəylinin, A.B.Haqverdiyevin, Ə.B.Hüseynzadənin, Ə.B.Ağaoğlunun, S.Rəhmanın, N.İmanquluyevin, N.Babayevin, S.Dağlının, S.Qədirzadənin, R.Əhmədzadənin və qeyri-peşəkar jurnalistlərin, satiriklərin əsərlərinə müraciət etməyim. M.Ə.Sabirin "Hop-hopnamə”si, M.Cəlilin "Molla Nəsrəddin”i isə stolüstü kitablarımdır.

Bəli, bu illər ərzində mən oxumaqdan, yazmaqdan, öyrənməkdən yorulmamışam. İşimdə, vəzifəmdə, arxayınçılığa, səhlənkarlığa yol verməmişəm. Yazdığım məqalənin, felyetonun üstündə dönə-dönə işləmişəm, topladığım faktların doğruluğunu dəfələrlə yoxlamışam. Hər zaman, hər yerdə çiynimə götürdüyüm işin, vəzifənin məsuliyyətinin böyüklüyünü duymuşam… "Vicdanımın səsinə qulaq asaraq haqq-həqiqəti müdafiə etmişəm, doğrunu oğrunun ayağına verməmişəm. Əli təmiz, ürəyi açıq, üzü ağ, nəfsi tox yaşamışam və Tanrının böyüklüyünə şükürlər olsun ki, yenə də yaşayıram. Dövlətdən ödülüm, mükafatım, fəxri adım olmasa da, xalqımın arasında hörmətim var. Peşəkar jurnalist həmkarlarım, yazar dostlarım, məni yaxından tanıyan sənət adamları və candan-ürəkdən sevdiyim millətimin çoxsaylı nümayəndələri tanıyır, dəyişməz, dönməz, birsözlü, birüzlü insan kimi dəyərləndirirlər. Bu mənim üçün hər şeydən qiymətlidir.

O vaxtlar mənə örnək olan peşəkar jurnalistlərin çoxu da bu sayaq təmiz adlı, böyük hörmətlə, dəyişməz əqidə-amalla, gözü-könlü tox yaşayıb, haqqa qovuşmuşlar.

 

İndi zaman o zaman, dövran o dövran deyil. Siyasi-ictimai və iqtisadi mühit kimi, dövrün qəzetləri və qəzetçiləri – jurnalistlər də dəyişib. Jurnalistə  nəyi yaz, nəyi yazma deyən yoxdur. Mətbuatda söz və fikir də azaddır. Kim nəyi istəyir, necə istəyir, onu da yazır. Amma nə yazır, nədən yazır və necə yazır? Fərq bundadır. Qəzet çıxaranlar peşəkarlardır, yoxsa hərəsi bir pəncərədən atılıb və bu sənətin xiridarı olanlar?

Düzdür, müasir mətbuatımızda, ixtisasca ali təhsilli jurnalist olmayan yazarlarımız az deyil. Onlar öz intellektləri, maraqlı yazıları iti, qələmləri ilə oxucuların rəğbətini qazanıblar və uğurlarını da inamla davam etdirirlər. Onlara mənim də hörmətim var və yazdıqlarını da maraqla oxuyuram.

Əsas iradım jurnalistika nə olduğunu bilməyən, bu peşənin çətinliyini və məsuliyyətini anlamayan, adını jurnalist qoyub, ancaq  jurnalistikanın tələblərini duymayan, yazdığı yazının janrını, stilistikasını, üslubunu, hətta qəzetin ölçüsünü, şriftin adını deyə bilməyən qeyri-peşəkarların mətbuat meydanında at oynatmasınadır.

Aldığım məlumata görə, indi Azərbaycan Respublikasında 600-dən çox qəzet-jurnal "nəşr olunur”. Bunu "Azərbaycan” nəşriyyatının doqquz mərtəbəli və beş mərtəbəli binalarında çoxsaylı otaqlarının qapılarına vurulmuş qəzet adları yazılan lövhələrdən görmək olar. Bu, çox yaxşıdır. Deməli, dövlətimiz azad mətbuata geniş imkan, onların müntəzəm çıxmasına şərait yaradıb. Amma lövhələr vurulmuş həmin qapılardan paslı qıfıllar asıldığını müşahidə edirik, Bakının kiosklarını bircə-bircə gəzsən, adlarını qapılardakı lövhələrdə oxuduğum qəzetlərin yüzdə doxsan doqquzunu satışda tapa bilməzsən. Niyə? Ona görə ki, onları əsl qəzetçilər, peşəkar jurnalistlər, uzun illər qələmini mətbuatda sınayan yazarlar yox, mətbuat azadlığından məharətlə istifadə edib qəzeti, jurnalı özünə dolanışıq vasitəsinə çevirən əldəqayırma cızmaqaraçılardır. Onların kimliyini yoxlasan, jurnalistdən və peşəkar yazardan savayı, nə peşə sahibi desən – mexanizator, aqronom, baytar, texnik, mamaça, həkim və s. və i.a. tapılan "dırnaqarası jurnalistlərdir”. Onun üçün "dırnaqarsı jurnalistlər” deyirəm ki, bu redaktorların nəinki jurnalistika sənətkarlığı məsələsindən, onun forma və metodlarından, yazı maneralarından, janr formasından, stilistikasından, hətta qəzet korrektorluğundan belə xəbəri yoxdur. Nə qələminin hünəri var, nə də sözünün kəsəri. Nöqtə ilə vergülün yerini dəyişik salan, sözü sətirdən sətirə keçirə bilməyən bu "jurnalistlər” ildə iki dəfə çap etdiyi 200-300 nüsxəlik qəzetlərini qoltuqlarına vuraraq, rayonları gəzir, icra başçılarının, idarə və müəssisə rəhbərlərinin, məktəb direktorlarının, icra nümayəndələrinin qapısını kəsərək, beş-üç manat dilənçi payı yığırlar.

Maraqlıdır ki, həmin qondarma qəzetçilərin də hər birinin bir düjun "xüsusi müxbir”i var. Yerlərdə bu müxbirlərə "bölgə müxbir”ləri yox, bölgə dilənçiləri deyirlər. Və onların gəldiyini eşidən idarə-müəssisə rəhbərləri qapıdan yox, pəncərədən qaçırlar.

Eşitdiyimə görə, bu sayaq qəzet dəlallarının sayı Respublika Ədliyyə Nazirliyindəki qeyd şöbəsində daha çoxdur. Buna baxmayaraq, yandaş qəzetlərin və qəzetçilərin  sayı artır. Amma, nədənsə qeyd şöbəsinə müraciət edən redaktor və təsisçidən soruşulmur ki, buraxacağınız qəzetin maliyyə mənbəyi və ya sponsoru varmı? Onun redaktoru hansı peşənin, sənətin sahibidir, yazıb-yaratmaq üçün iti qələmi, odlu ürəyi varmı? Söyləmir ki, "istedadın, bacarığın varsa, buyur gəl, yoxsa, bu sənət aləminə olma sən əngəl”.

Çox təəssüf ki, bunların heç birisi o qəzet-jurnal "aşiqlərindən” soruşulmur.

Müstəqi dövlətimiz müstəqil mətbuatımızın xətti-hərəkətini nizama salan, qalmaqallı yazıları araşdıran və bir növ mətbuata kömək edən rəsmi orqan kimi mötəbər Mətbuat Şurası yaradıb. Şuranın nizamnaməsindən çox jurnalistin xəbəri olsa da, işindən ətəri yoxdur.

Sözümün sonunda onu da deyim ki, bizdə cəmiyyətimiz qruplara – varlılara, ortabablara və kasıblara bölündüyü kimi, mətbuatda işləyən jurnalistlər də üç qrupa: dilənçilərə, yaltaqlara və əsl peşəkar jurnalistlərə bölünüb. Dilənçi jurnalistlər onun-bunun qapısında boyun bükməklə çörək pulu qazanırlar. Yaltaq, yalançı və məttah jurnalistlər yaradıcılıqlarını bütünlüklə məmurlara, bəy tərifinə həsr edərək batıb-barınanlar və media baronluğu iddiasında olanlardır. Əsl peşəkar jurnalistlər isə jurnalist adını, jurnalist şərəfini və jurnalist mənəviyyatını hər şeydən uca tutaraq, Şəhriyar demiş "çul-çuxası çoxdan yırtılıb və hərəsi bir bucağa dürtülən”, aldığı təqaüdü dərman puluna belə çatmayan kəslərdir.

Neyləməli. Bugünkü həyatımızın da, mətbuatımızın da reallığı belədir.

 

Məmməd Əfşan,

yazıçı-publisist



Oxşar Xəbərlər

Xəbər lenti