2021-Cİ İL QARABAĞIN DİRÇƏLİŞİ İLİDİR!


 

44 günlük Vətən müharibəsində möhtəşəm tarixi qələbəmiz Azərbaycan xalqında böyük ruh yüksəkliyi, özünə inam yaratdı. İndi qarşıda duran əsas vəzifə xalqın bu müsbət enerjisini dövlətin imkanları ilə birləşdirərək işğaldan azad edilmiş torpaqlarımızın, şəhər və kəndlərimizin bərpasına və dirçəldilməsinə yönəltməkdir.

Qarabağın dirçəldilməsinin prioritet hədəf olduğunu Aərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müharibənin başa çatmasından qısa müddət sonra bölgəyə bir-birinin ardınca baş tutan səfərləri, quruculuq istiqamətində verilən vacib sərəncamlar və böyük infrastruktur layihələrinin bir qisminin artıq icrasına başlanılması da təsdiq edir. Kifayət qədər sıx qrafikə maliknövbəti belə səfər fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına oldu.

Dövlət başçısının azad olunan torpaqlara səfərləri bir neçə aspektdən böyük əhəmiyyətə malikdir. İlk növbədə, bu səfərlər Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərində erməni vandalizminin ağır nəticələrini, yerlə-yeksan edilmiş şəhərləri, kəndləri, qəbiristanlıqları, dini-mədəni abidələri, talan edilmiş meşələri, qoruqları bütün dünyaya əyani surətdə nümayiş etdirir. Dövlət başçısının demək olar ki, kənd-kənd gəzdiyi azad edilmiş ərazilərdəki acı mənzərələr illər boyu özünü dünyaya sivil ölkə kimi tanıtmağa çalışan Ermənistanın qəddar, talançı, vəhşi simasını ifşa edir. Ölkə rəhbərliyinin bu məsələdə prinsipial mövqeyi Azərbaycan torpaqlarında törədilən bütün dağıntıların və ölkəmizin bu illər ərzində həmin ərazilərdə məhrum olduğu potensial gəlirlərin qiymətləndirilərək beynəlxalq məhkəmələrə çıxarılmasını və Ermənistanın törətdiyi cinayətlərə görə cavab verməsini təmin edəcəkdir.

İşğaldan azad olunmuş ərazilər böyük enerji və kənd təsərrüfatı potensialına malikdir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxışında rayon işğaldan azad olunandan ay yarım sonra bu kənddə generasiya gücü 8 meqavat olan Su Elektrik Stansiyasının istismara verildiyini xüsusi vurğulayıb. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Düşmən tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarının bərpası və yenilərinin qurulması ilə Azərbaycan özünün enerji təhlükəsizliyini ən yüksək səviyyədə təmin edəcəkdir.

Dövlət başçısının çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyi,bölgədə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılacağı xüsusi vurğulanır. Bu istiqamətdə ilk olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndinin bərpası nəzərdə tutulub. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. 

Qarabağda gerçəkləşəcək “ağıllı şəhər”, “ağıllı kənd” layihələri nəinki Azərbaycanın digər bölgələri üçün, eləcə də dünya miqyasında ən müasir yaşayış sahələrinin quruculuğunda bir nümunə rolunu oynayacaqdır. Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında isə əsasən Günəş enerjisindən istifadə oluna bilər. Azərbaycanın indiyədək beynəlxalq səviyyədə həyata keçirdiyi uğurlu iqtisadi layihələr sayəsində qazandığı etibarlı tərəfdaş imici müharibədən yenicə çıxmış bu bölgələrə xarici investorları və şirkətləri cəlb etməyə imkan verəcəkdir.

Təbiətin qorunmasına və bərpasına verilən böyük önəmin ən bariz göstəricilərindən biri dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyevanın Zəngilan rayonunda 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə səfəri oldu. Dövlət başçısı və ailə üzvləri erməni vandalizminə məruz qalmış, ağacları qırılmışqoruqda bərpa işlərinə start verərək çinar ağacları əkdilər, Bəsitçaya balıqlar buraxdılar.

Digər mühüm məsələ azad edilmiş ərazilərdə mina və partlamamış sursatlardan təmizləmə işinə paralel olaraq regional əhəmiyyət daşıyan mühüm infrastruktur və nəqliyyat xətlərinin bərpası və yenidən qurulması işlərinin sürətlə aparılmasıdır. Qeyd edək ki, son səfəri zamanı Prezident İlham Əliyev Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Böyük strateji əhəmiyyət daşıyan, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq.Bu yol həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolundan sonra ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Eyni zamanda, bu yoldan bütün bölgə ölkələrinin istifadə etmək imkanları olacaqdır. Belə ki,Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı qurulacaqdır.Türkiyə ilə Rusiya arasında da dəmir yolunun qurulması mümkün olacaq. Bu regional layihə Ermənistanın Rusiya, Türkiyə və İranla bağlantılarını qurmaqla, onu tranzit ölkəyə çevirməklə iqtisadi dalandan çıxmasına imkan yaradacaq. Prezident İlham Əliyevin məsələ ilə bağlı çıxışlarında verdiyi əsas mesaj da ondan ibarətdir ki, bu günədək Ermənistan özünün işğalçı, aqressor siyasəti üzündən blokada vəziyyətinə düşmüş, regiona çevrilmişdir. Lakin 2020-ci il 10 noyabr bəyanatından sonra münaqişənin sona çatması ilə Ermənistan Azərbaycanın mərkəzi və birləşdirici rol oynadığı regional əməkdaşlığın bir parçasına çevrilmək şansı əldə edib. Bu şansdan nə dərəcədə yararlana biləcəyi isə Ermənistanın bundan sonrakı addımlarından, 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarına sadiqliyindən, daxildəki və xaricdəki revanşist meyillərə qarşı gəlmək bacarığından asılı olacaqdır.

Beləliklə, Qarabağın azad edilməsi ilə bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıda, Azərbaycan özünün iqtisadi imkanlarından tam yaralana biləcək, yeni iş yerləri yaranacaq, yeni beynəlxalq əməkdaşlıq layihələri icra olunacaq, ölkəmizin regional tərəfdaşlıqdakı mövqeyi daha da möhkəmlənəcək, bölgəmizdə davamlı sülh və əmin-amanlıq təmin olunacaqdır. 

 

Güllü Yoloğlu

tarix elmləri doktoru,

Dünya Türkologiya Mərkəzinin rəhbəri,

AzTV-də Beynəlxalq Departamentin Türkdilli Dövlətlərlə Əlaqələr şöbəsinin müdiri



Oxşar Xəbərlər

Xəbər lenti