Uçuruma gedən təhsil siyasətimiz

Uçuruma gedən təhsil siyasətimiz

 


Çağdaş dünya düzənində ABŞ, Yaponiya, İngiltərə, Almaniya, Kanada, Fransa, İsrail kimi gəlişmiş dövlətlərdə hərbi və polis qüvvələri deyil, təhsil sektoru ən mühüm strateji sahə sayılır. Elə buna görə də bu dövlətlərin çağdaş dünya siyasətində özümlü yeri var. Yaponiyanın Ana Yasası və dövlət qanunvericliyində belə qeyd olunur: "YAPONİYA DÖVLƏTİNİN ƏSAS GÜC STRUKTURU – TƏHSİL NAZİRLİYİDİR”. Azərbaycanda isə təhsil siyasəti "tünlük (tolkuçka) bazarı” anlayışından da aşağı səviyyədə durur. Təhsil haqqında gözəl qanunlar qəbul edilsə də, təhsil siyasətimiz yox kimidir. Aliminə və müəlliminə dilənçinin, hambalın gündəlik  qazancından da aşağı maaş verən YAP siyasətinin mahiyyəti bundan ibarətdir. Bu problemin dərinləşməsində siyasi müxalifətin suçu YAP-çılardan az deyil. Nə iqtidar, nə də müxalifət təhsil strategiyasının cəmiyyətlə uzlaşan addımları atmayıblar.

 

Yapon örnəyi

 

1957-ci ildə ABŞ dünya hegemonluğuna rəğmən yapon xalqından və dövlətindən açıq şəkildə üzr diləməklə yanaşı, milyardlarla dollar kompensasiya ödədi. 1945-ci ildə bəşəriyyətin ən dəhşətli faciəsi olan atom bombası Yaponiyanın Naqasaki və Xirosima şəhələrini yerlə yeksan etmişdi. Çünki, milyonlarla insanın ölümünə səbəb olan bəşəri faciənin gerçək mahiyyətini ABŞ-ın vicdanlı alimləri ortaya qoydular. Onlar bəşəriyyəti ayağa qaldıraraq atom izotoplarının fəsadlarının yüzillərlə davam edəcəyini bildirməklə yanaşı, insanlıq və humanizm naminə bunun qarşısının alınması yollarını da göstərdilər. ABŞ hökuməti məcbur olaraq, Yaponiyadan üzr diləməklə yanaşı, milyardlarla dollalıq yardımlar etdi. 1961-ci ildə ABŞ-ın Uzaq Doğu ekspertlərinin ölkənin ali qanunverici orqanları Senata və Nümayəndələr Palatasına təqdim etdikləri hesabatda bu qeydlər yer almışdı: "Yaponiya hökumətinə təqdim olunan ilk tranş maliyyə dəstəyindən 700 milyon dollar (indiki rəqəmlə 70 milyard) təhsil sektoruna ayrılıb.” Bu məsələni ABŞ hökuməti incələdiyi zaman Yaponiya hökumətinin cavabı belə olmuçdu: "O pullara biz Naqasaki və Xirosima tipli yüz şəhər tikə bilərdik. Gələcək nəsillərin onları düzgün idarə etməsi üçün milli kadrlarımız daha önəmlidir. Təhsil sistemi Yaponiya üçün birinci dərəcəli strateji və təhlükəsizlik sahə sayılır. Mədəniyyəti olmayan bir ölkənin aqibəti də yoxdur”. Elə o dönəmdən başlayaraq, Yaponiyada təhsil sektoru ən yüksək səviyyədə inkişaf edir. Buna görə də Yaponiya dünyada insanlığa ən çox dəyər verilən bir ölkə kimi tanınır. Yaponiyada adambaşına hər il çap olunan kitabların sayı 45-50 arasındadır. Məktəb müəlliminin aylıq gəliri polisin, prokurorun, hakimin, generalın maaşından 1.5 dəfə çoxdur. Orta məktəblərdə, universitetlərdə və kolleclərdə təhsil siyasəti nazirlik tərəfindən nizamlanır. Bir-birini təkrarlayan peşə sahələri təhsil nazirliyi tərəfindən qarşısı alınır. Universitet və kolleclər müəllimlərin və tələbələrin sayəsində elmi-texniki tərəqqi üçün çalışırlar. Hətta əldə olunan gəlirlər ədalətli şəkildə bölünür. Kimsənin haqqı tapdalanmır. Elmi kəşflər üçün nəhəng şirkətlər və fabriklər onları açıq şəkildə maliyyəlışdirir də. Dünyanın dörd bucağını elmi-texniki tərəqqi ilə heyran qoyan yapon zəkasının sirri bundadır. Ölkənin dinamizminin davamlılığı üçün tələbələrə və gənclərə üstünlük verilməsi ölkənin başlıca strategiyası sayılır. Ona görə də sıravi vətəndaşların öz ölkəsinə inamı reytinq cədvəlinə görə dünyada ilk sırada yer alır. Yapon olmaq bir qürur mənbəyi hesab olunur. 

 

Azərbaycan modelinin dəhşətləri

 

Keçmiş təhsil naziri Misir Mərdanovun kəraməti ucbatından təhsil sektorumuz tamamilə diz çökdürüldü. İllər boyu nazir işləsə də, bir dəfə də olsun təhsil siyasətinin dinamizmi yönündə gərəkən addımlar atmadı. Onun başlıca fəaliyyət düzəni universitetlərdə, orta məktəblərdə və kolleclərdə "müxalifət ovu” oldu. Hakimiyyətin yarıtmaz işindən narazı qalan mütəxəssisləri işdən qovmaqla təhdid siyasətini 1920-1930-cu illərdən sonra ilk dəfə olaraq yenidən rəsmiləşdirdi. Təhsil sektorunda çalışanlar sanki "ölüm düşərgələri” nin əsirlərinə çevrilmişdilər. Müəllimlərin maaşlarının yarıtmaz olması, tədris kitablarının tədricən cılızlaşdırılması sanki məqsədli şəkildə rəsmiləşdirilirdi. Ömrü boyu toylarda sintezator çalan və istedadsız tarzən kimi tanınan musiqiçi Siyavuş Kərimini "Milli Konservatoriya”nın rektoru vəzifəsinə yüksəltdi. Biz Misir Mərdanovun kadr siyasətini necə yönəltməsi haqqında bir nəfərin adını sadalayırıq. Halbuki, ölkə başdan-başa belə kadrların sayəsində idarə olunur. Onu korporativ idarəetmə üzrə ixtisaslaşmış, qoruqçu Mikayıl Cabbarov əvəz etdikdən sonra, Azərbaycanın təhsil sistemi 1906-cı ildən üzü bu yana ilk dəfədir ən ağır dönəmini yaşayır. Ölkənin maliyyə və iqtisadi durumu böhranla üzləşdikcə, müəllimlər ordusunun və alimlərin sosial haqlarının müdafiəsi ağırlaşmaqda davam edir. Mikayıl Cabbarov bircə dəfə də olsun, bu problemlərlə heç ilgilənməyib. Azərbaycanda sıravi polis çavuşunun maaşı alimin aylıq maaşından üç dəfə çoxdur. Bu faktın özü sübut edir ki, ölkə hərbi-polis qanunları ilə idarə olunur. Heç bir ölkədə alim və müəllimin bunca aşağılanması hallarına rast gəlinməz. Türk Dünyasının öndəri Mustafa Kamal Atatürk ölkənin Böyük Millət Məclisində yeni qurulan dövlətin strategiyasını bu sözlərlə ifadə etmişdi: "Ucqar kəndlərdə dərs deyən müəllimin maaşı valinin maaşından çox olmalıdır. Bunu unutmayın”. Azərbaycan müəllimi bu gün özünün və ailəsinin sosial  ehtiyaclarını ödəmək üçün məcbur olaraq "repetitor”luq edir. Çünki, aylıq maaşının və sosial hüquqlarının problemləri nazir Mikayıl Cabbarovu heç ilgiləndirmir. Bunun əsas səbəbi odur ki, alternativ təhsil sektorunun pullu xidmətə keçməsi sayəsində iri çəkili məmurların övladları "pullu məktəblər”də təhsil alırlar. Beləliklə orta və kasıb təbəqənin övladlarının necə təhsil alması kimsənin vecinə deyil. Təqribi hesablamalara görə DİN, Müdafiə, DTX, XƏİ, FHN, Gömrük Komitəsi və digər güc strukturlarının ümumi büdcəsi təhsil və elm sahəsindən on dəfələrlə çoxdur. 2016-cı il üçün təhsil və elmə 1 milyard 713 milyon və 131 milyon manat vəsait ayrıldığı halda, məhkəmə və prokurorluğun büdcəsi 1 milyard 13 milyon manat təşkil edir. Halbuki bu sektorda çalışanların sayı təhsil sahəsində çalışanlardan dəfələrlə azdır. Məşhur şair, alim və pedaqoq, görkəmli ziyalı Famil Mehdi vaxtilə "Dilən professor, utanma dilən” şeiri ilə Azərbaycanın təhsil sisteminin xarakterini bədii dillə ifadə etmişdi. Bu şeirin yazılmasından 20 il ötsə də, durum heç də dəyişməyib. Azərbaycanda inşaatda fəhləlik edənin, çayxanada çay daşıyanın, bazarda hambal kimi çalışanın gündəlik gəliri orta hesabla 30 manat təşkil edir. Alimin və müəllimin gündəlik qazancı isə 7 manat 10 qəpikdir. Müəllim və alim baba bütün haqsızlıqlara "susur” və "dözümlü” olmağa çalışır. "Dözümlü xalq” ayaması da buna görə yaranıb. Çünki, təhsil sektorunda hər hansı bir islahat aparılmır. Gözə kül kimi üfürülən test siyasəti "bir pəncərə”li kimi görünsə də müəllimlərin heç bir problemini çözmür. Alimlərin elmi ixtiralarının Azərbaycanda bir qəpik də olsa, dəyəri belə yoxdur. Hökumət və cəmiyyət alimdən və müəllimdən yeni nəslin tərbiyələndirilməsini tələb edir. Hansı üzlə? Hansı məntiqlə? Bunun cavabını kimsə verə bilmir. Heç umurunda deyillər.  

 

Ağlın məntiqi düzgün təhsildədir

 

İnsan ağlı, onun düşüncəsi, duyğuları və məntiqinin inkişafı ilkin təhsil sistemindən çox asılıdır. Əgər təhsil sahəsində problemlər varsa, deməli cəmiyyətin, özəlliklə yeni nəslin  də problemləri yetərincədir. Təhsil sadəcə insana elm öyrətmir, həm də onun mənəvi baxımdan tərbiyələnməsi deməkdir. Çağdaş standartlarda yer alan təhsil sistemi informasiya və tərbiyə üzərində qurulub. Dünya dəyişir, onun ritmi sürətlə fərqli biçimdə formalaşır. Azərbaycanın təhsil sistemi isə hər ötən ildə daha da fəsadlarla müşahidə olunur. Faktiki olaraq müəllimlərin və alimlərin sosial hüquqlarının müdafiə olunmadığı bir dönəmdə tədrıs vəsaitləri də kiflənmiş düşüncə tərzinə yuvarlanır. Məsafəli tədris isə demək olar ki, yox kimidir. Dördpilləli klassik alman təhsil sisteminin heç bir izi qalmayıb. Qonşu Gürcüstanda orta məktəblərdə tədris və təhsil sistemi yeni düşüncə üzərində köklənib. Orta məktəblərdə müəllim, valideyn və sağır şuraları bir araya gələrək illlik büdcəni, təhsil siyasətini uzlaşdıran qərarları verirlər. Beləliklə bəlli olur ki, hansı məktəbdə təhsil siyasəti necə aparılacaq. Bu üçlü şuralar direktor seçkisində də birgə qərar verirlər. Təyinat siyasəti aradan götürülüb. Təhsil nazirliyi əlaqələndirici statusla çıxış edir. İndiki dönəmdə bilgisayar və internet təhsil sistemi və klassik ənənələrin yaxşı dəyərləri harmoniya təşkil edir. Sonucda şagirdlər və müəllimlər təhsilə yaradıcılıq baxışı ilə yanaşırlar. Sabah orta məktəbi bitirən gənc həyatda nə edə biləcəyinə hazır olur. Bunun tək səbəbi keyfiyyətli təhsilin ölkədə bütün vətəndaşlara şamil olmasıdır. Azərbaycanda təhsil və elm sahəsi üçün min ideal qanun qəbul edilsə də onun heç bir işlək mexanizmi olmayacaq. Ömründə dərs deməyən, pedaqoqikanın təcrübəsindən xəbərsiz Mikayıl Cabbarov nə qədər ki, təhsil naziridir durum belə davam edəcək. O, bəlkə də yaxşı qoruq işçisidir, bankirdir, hüquqşünasdır. Ancaq, təhsil sektoruna nazir kimi rəhbərlik etməsi tamamilə yalnış addımdır. Mədəniyyət və turizm naziri postunu məngirləyən Əbülfəs Qarayev kimi. Onun da bu sahədən tamamilə bilgisi yoxdur. Təhsil sektorunun inkişafının idarəetmənin demokratik olmasından keçir. Müəllimin və alimin aylıq maaşının, sosial haqlarının günün tələblərinə uyğun olmadığı yerdə təhsilin və tədrisin inkişafından danışmaq mümkün deyil. Milli təhsil sistemi deyilən bir anlayış da vardır. Bu yöndə demək olar ki, təhsil nazirliyi 1991-ci ildə dövlət bağımsızlığımıza qovuşan andan indiyə kimi hər hansı ciddi addımları atmayıb. Ona görə də təhsil sektorunda dinamizm deyilən anlam yoxdur. Orta Məktəb, litsey və kollec direktorları, universitet rektorları inzibati amirlik metodu ilə "cıbbılı diktatorlar”a çevriliblər. Onların əsas görəvi müəllimlər, şagirdlər və tələbələrin üzərində həbsxana düşərgəsinin rəisi statusunda inzibati amirlik metodu ilə idarəetmə düzənini qorumaqdır. Təhsilin maliyyələşdirilməsi sistemi dəyişməyincə, ölkəmizin intellektual baxımdan hər hansı bir uğurları da olmayacaqdır. Təhsil nazirliyi "stavka” oyunu oynamaqla imtasiya edərək müəllimləri daha ağır durumda çalışmağa vadar etmə taktikasını sərgiləyir. Guya yaranmış böhrandan çıxış yolları arayır. Təhsilin maddi-texniki bazası qurulmadan bu sektorda başarıların ola bilcəyinə möcüzə kimi yanaşılır. Elə buna görə də hər il test imtəhanlarında ballar aşağı endirilir. Çünki, orta məktəbləri bitirənlər savadsızlar kütləsi kimi üstünlük təşkil edirlər. Universitetləri bitirənləri işə götürəndə onların savadlılıq  dərəcəsini ölçmək üçün əlavə testdən keçməyə məcbur edilirlər. Azərbaycanın təhsil sisteminin nə qədər yarasız olduğunu elə bu faktın özü sübut edir.              

Ənvər BÖRÜSOY



Oxşar Xəbərlər

Xəbər lenti