“Qızıl Kəlmə” polemikası: Yazıçı Şəmil Sadiq Cəlil Cavanşirə açıq məktub yazdı – MƏTN

 

Cəlil Cavanşirə Açıq Məktub!

 

 

Əzizim Cəlil Cavanşir, " Qızıl Kəlmə” Mükafatının qaliblərinə sevgilərlə…” adlı yazını oxudum və kədərləndim…

Mükafat haqqında ürək dolusu bir yazı yazmısan, yenə bəzi həqiqətlərini üzlərə çırpmısan. Bu kədəri çox yaxşı başa düşür və anlayıram. Şairin səmimiliyinə də şübhə etmirəm. İndi ki, sən səmimi bir yazı yazıb, məni də qıdıqladın, o zaman gəl mən də sənə ürəyimi açım.

Deyirsən, "Bəri başdan deyim ki, bu mükafatın obyektivliyinə zərrə qədər də inanmıram”. Haqlısan, şübhə həqiqətin açarıdır. Tanrını təbliğ edən peyğəmbərlər belə onun varlığına xeyli müddət şübhə edib, bəlkə də ölənəcən ediblər, bu heç. Səndə inanma və inanmamağa da haqqın var.

Hə, öncədən deyim ki, mən də 2015-ci ildə bu mükafatı Natiq Məmmədli ilə bölüşmüşəm. Bəyan edirəm ki, mənim "OdƏrlər” romanıma verilən bu mükafatın obyektivliyinə mən inanıram. Bu cümləni oxuyan kimsə indi gülümsəyib deyəcək ki, Şəmil müəllim eləmə, axı səni tanıyırıq, əlaqələrin var, dostların var münsiflər heyəti içində, kiminsə səni tapşırmasını, xahiş etməsini istəyəcək gücdəsən. Mən razı… Amma bir şeyi deyim, oxucular da bilsin ki, kiməsə bu barədə bir kəlmə demədən, əsərimi müsabiqiyə vermişəm, hətta müsabiqənin nəticəsini gözləməyi də unutmuşdum ki, təsadüfən görüşdüyümüz Rəşad Məcid zarafatla "qonaqlığı hazırla, şad xəbər var” deməsi və niyəsini bir neçə dəqiqən sonra bilmişəm.

Bu cavabı ona görə yazmıram ki, mənimdə mükafatım var və müdafiə məcburiyyətindəyəm. Qətiyyən, elə bir kompleksim yoxdur, mən buna haqqım olduğuna əminəm. Hətta onu deyim ki, mükafatın bölüşdürüldüyü Natiq Məmmədlinin "Körpüdə Ümid” romanını evə gedən kimi birnəfəsə oxudum və dərindən nəfəs aldım. Çünki onun da haqqı idi… Nəsə bu da heç.

Ona görə deyirəm ki, əziz şair mənim səmimiyyətimə inanan adamdır, elə ona görədə yazısını mənə poçt adresilə göndərmişdi ki, oxuyum. Bu da heç, çünki sən ümumi yazsanda, sözsüz ki, son mükafatlandırmaya görə bu gün ilhamlanmısan.

"Azərbaycanda müsabiqələrin hansı formada, hansı meyarlarla keçilməsi heç kəsə sirr deyil. Hamı, hər şeyi bilir. Hamı hər şeyi bilsədə, heç nə düzəlmir. Əksinə, "hər şeyi bilən” "hərkəs”lər tədricən hər şeyi unudur, "balıq yaddaşlı” yaradıcı adamlar  təcrübəsiz balıq kimi tora düşür, düşdüyü torda bir müddət çabalayır və sonda ovçu tavasında qızarır.” Bu hissədəki fikirlərinin bir qismi ilə razıyam. "Hər şeyi bilən” "hər kəs”lərin tədricən hər şeyi unutmasını bəlkədə, sərf edəndə unudur, etməyəndə unutmur yazsa idik, daha obyektiv olardı.

Sənin də mənim də yaxşı tanıdığımız adamlar var ki, bu cür mükafatları bəyənməyib, etiraz edənlər, özləri alsa idi, bəh-bəhlə tərifləyəcəkdi. Yaxşı tanıdıqlarımız var ki, məhz bu hər şeyi bilənlərdəndir, amma yenə qoşulub, almadığına görə zəhər tuluğuna dönüb. Əllərini vicdanlarının üstünə qoyub düşünsünlər ki, mükafatçı olsa idilər, bu cür olarlarmıydılar?! Cavab istəmədiyim üçün nida qoyuram, bilirsiniz. Mən də cavabı çox yaxşı bilirəm və dəfələrlə şahidi də olmuşam.

Qardaş, deyirsən ki, "İllərdir bu ölkədə keçirilən elə bir müsabiqə yoxdur ki, bir əmması çıxmasın. Hansı birini deyəsən, hansı birini nümunə göstərəsən?” Bu cür seçimlərin olduğu dünyadaki bütün layihələrdə aşağı-yuxarı həmişə etiraz olub, inam olmayıb. Sadəcə bizim Azərbaycan toylarında həmişə küsənlər olur, nisbətdə Avropa toylarındakı küsənlərdən bizdə çox olsa da, dünyadaki heç bir mükafat da xali deyil bu məsələdən. Gəl nə mən sadalayım, nə də sən oxu…

Etik olmasa da, bizim bir məsəli sənə xatırladım: pişik və ət… Pişiyin ağzı ətə çatmayanda deyər, murdardı… Çatanda isə sənin də xatırlatdığın kimi iştahla yeyirlər. Maraqlı bir faktı xatırladım, mən mükafatı alanda eyhamla, necə aldığını bilirik deyən dostlardan biri bu mükafatçılardandır və bir neçəsi də kənarda qalanlardan. Sənin mükafata qoşulub-qoşulmadığını bilmirəm, bəy! Amma qoşulub, tapşırtdırılıb almayanların da olduğunu yaxşı bilirəm, etibarlı mənbələrim var sənin kimi!

"Müsabiqələri, mükafatları, təqaüdləri tənqid edənlər beyqafıl təqaüd alır, müsabiqələrdə qalib olur, mükafat alıb tənqid etdiyi adamlarla sevincək şəkillər çəkdirir, bəxtəvərliklə böyük-böyük adamlara, yekə-yekə təşəkkürlər edir və…xırda-xırda xırdalanır, kiçilir, cılızlaşır” fikrinlə tamam razıyam, "Ustad”dərgisinin ikinci sayında "Ədəbiyyatın onları” adlı bir məqaləmdə də mən bundan kədərləndiyimi (Kədər sözünü sevdiyin üçün çalışıram tez-tez işlədim) ifadə etmişdim. Sonda demişdim ki, "Onlar və Bunlar arasındaki fərq əslində bir hərfin yaratdığı fərq qədərdir”. Sənin dediyin bu məsələ insanın "sadə həqiqətinin” gizlin xarakteridir.

Mübarizə bu gündə var, yarında, sən ol onun ön sıralarında, ölməyə qəti gərək yoxdur. Bu depressiya əlamətidir, bir mükafata görə ölmək arzusunda olmaq isə pafosdan başqa şey deyil, güclü olmaq lazımdır qardaş, güclü. Həmdə inanmaq lazımdır, inandırmaq lazımdır, pozitiv olmaq lazımdır, onsuz da hər gün hər şey insanları ruhdan salır, yorur, bir də sən kimlərinsə vicdanla gördüyü işi (Mənsə bunu ehtimal edirəm ki, əksəriyyət ədalətli alıb, kimsə kiməsə görə yerində deyilsə, bu yenə kimsələrdən biri üçün problemdir, biri üçünsə qələbədir.) gözdən salmağı da məqbul hesab etmirəm.

Gəl səninlə yalnız ikmizik kimi bir şeyi danışaq, məsələn, Şəhriyar Del Geraniyə, Fərid Hüseynə, Nərgiz Cabbarlıya, Vaqif Bayatlı Odərə, Mirmehdi Ağaoğluya verilməyəydi, bəs kimə veriləydi? Bu şəxslərin adını ona görə çəkirəm ki, bir neçəsinin dostun olduğunu bilirəm. Qardaşımsan, öz aramızda deyirəm ha, bunu adam yanında soruşmaram. İndi sən, sən olsan, bir analitik ədəbiyyatçı kimi, faktla çıxış edərsən ki, məhz filankəs layiq deyildi və buna görə. Onun yerinə filankəsin filan əsəri daha layiq idi. Bilirsən niyə demirsən və başqaları (mən də daxil) niyə demir və yazmırıq, ona görə ki, səmimi ola bilmirik. Axı sən öz dostunu necə yıxıb sürüyəsən, və ya mən. Bax əzizim, sən səmimi ola bilmədiyin üçün məhz cəmiyyətimiz də səmimi ola bilmir. Yox əgər sən bu adların almağını haqq və ədalət bilib, yerdə qalanları nəzərədə tutursan, bu zamansa qərəzli olarsan ki, sənin qərəzlə heç bir əlaqənin olmadığına əminəm.

Mən də yorulmuşam, qardaş, həmdə çox. Səndən də çox…

Ondan yorulmuşam ki, cəmiyyətimizdə inam hissini hər kəs hər addımda məhv edir…

Ondan yorulmuşam ki, səmimi sözünün özü belə bu sözü eşidəndə nifrət edir…

Ondan yorulmuşam ki, ballı barmaqlar ağızdan çıxanda acı dadır…

Ondan yorulmuşam ki, birinin yanında işləyəndə həmin adam olur böyük adam, ondan ayrılandan sonra bütün cəmiyyət yanında həmin adamın dalınca danışıb qeybətini edirlər… (Kimi nəzərdə tutduğumu sən də, ədəbi camiyə də yaxşı bilir)

Ondan yorulmuşam ki, siz qələm sahibləri gəncliyi, sevmədən bir damın altında yatmağa məcbur olanları, uğursuzluqla bacarmayanları ruh yüksəkliyinə səsləməkdənsə, kədərə dəvət edirsiniz, həmdə iştahla…

Ondan yorulmuşam ki, kişilər onlara yaraşmayan depressiyanın məşuqəsi olublar dəlicəsinə…

Ondan yorulmuşam ki, insanımız reallığı dərk etməkdən uzaqdır…

Ondan yorulmuşam ki, sən tez-tez yorulursan, yorlumağa haqqın yoxdur, sənə bir enerji verilib və sən onu gəncliyə ötürməlisən, bax beləcə yazmalısan, lap ədalətsizliyin dədəsini yandırmalısan, amma sənin haqq bildiyini mən nahaqq bilib mən də sənin ədalətinin dədəsini yandırmalıyam, o zaman yerdə qalanlar Axundzadənin təbirincə desək, yananlardan sonra yerdə qalanlar ədalət olacaq, əsil tənqid olacaq…

Mənsə yola davam deyib, hər gördüyümdə İsa kimi bir yaxşı əlamət axtarışında olub, ölmək yox, yaşamaq istəyirəm! Yaşatmaq istəyirəm, səninki səndə, mənimki məndə demirəm!

P.S. Məqalənin adını "Mükafatçılardan Cəlil Cavanşirə sevgilərlə” də qoya bilərdim, amma mükafatçıların dostu kimi yazıram deyə sonda "Dostlardan sevgilərlə…” deyirəm.



Oxşar Xəbərlər

Xəbər lenti