Qarayevin mürəkkəb RÜŞVƏT SXEMİ... - İLGİNC FAKTLAR


Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb. Araşdırmalar nəticəsində Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanıb.

Bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.

Dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib.

Bu cinayət işləri çərçivəsində konkret olaraq nəyin araşdırıldığı və kimlərin məsuliyyətə cəlb edildiyi açıqlanmır. Xatırladaq ki, 2020-ci ilin mayında korrupsiya ilə bağlı qalmaqallardan və nazir müavini də daxil olmaqla, bir neçə yüksək vəzifəli məmur həbs edildikdən sonra Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişdirilib.

Amma belə görünür ki, sabiq nazir Əbülfəs Qarayevin qurduğu mürəkkəb “rüşvət sxemi” ondan sonrakı dövrdə də işləyib. Azərbaycanın uzunömürlü nazirlərindən biri də Əbülfəs Qarayev idi. Əbülfəs Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri postunu tuturdu. Mədəniyyət Nazirliyi sahəsində rüşvət və yeyinti faktlarının qarşısını niyə almaq mümkün olmur? Əbülfəs Qarayevə qarşı konkret ittihamlar olsa da, onu həbs etmədilər. Bu cəzasızlıq mühiti isə nisbətən aşağı ranqlı məmurları “ürəkləndirir”. Azərbaycanda mütəşəkkil cinayətkarlıq, irimiqyaslı korrupsiya halları baş vermiş dövlət qurumlarının bəzi rəhbərləri cinayət məsuliyyətinə cəlb edilməyib. Məsələn, keçmiş rabitə naziri Əli Abbasov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev vəzifələrindən azad edilsələr də, həbs edilməyiblər. Baxmayaraq ki, adıçəkilən dövlət qurumlarının yüksək rütbəli məmurları ən ağır cinayətlərdə ittiham edilərək, məhkum edilib. Bu ittihamlar sırasında dövlətin yüz milyonlarla əmlakını mənimsəmə, quldurluq, adam oğurluğu, vəzifə saxtakarlığı və s. kimi əməllər var. İstintaq və məhkəmə prosesləri zamanı bu məmurların cinayətə bulaşdıqlarını təsdiq edən konkret sübutlar təqdim edilib, şahid ifadələri səsləndirilib. Amma məhkəmə və dövlət ittihamını müdafiə edən prokurorluq orqanları məmurlar barəsində heç bir hüquqi addım atmayıblar. Bu səbəbdən də təkcə mədəniyyət deyil, digər sahələrdə də korrupsiya hallarının qarşısını almaq çətinləşir.

Hurriyyet.az-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, son illər ölkədə gedən islahatların əsas istiqamətlərindən biri də korrupsioner məmur-oliqarxların vəzifədən kənarlaşdırılmasıdır: Lakin sabiq məmurların çox az bir qismi törətdiyi cinayətlərə, korrupsiya və yeyintilərə görə həbs olundu. Həbsdən kənarda qalanlar ümumilikdə korrupsiyaya qarşı mübarizəyə çox ciddi ziyan vurur. Ümumən götürəndə Azərbaycanda yalnız bəzi icra başçıları korrupsiya ittihamı ilə vəzifələrindən azad olunublar. Nazirlərin əksəriyyəti isə sadəcə, korrupsiyaya görə vəzifədən azad olunublar. Bu baxımdan ilk növbədə korrupsiya faktları araşdırılıb sübuta yetirilməlidir. Maliyyə sənədlərini araşdırmaqla bu və ya digər qurumda nə qədər maliyyə pozuntusunun olduğunu aydınlaşdırmaq olar. Bilmək olar ki, nə qədər maxinasiyalar olub. Korrupsiya faktlarını müəyyən etmək üçün o sənədləri tədqiq etmək lazımdır. Bunu isə hüquq-mühafizə orqanları edə bilmirlər. Hüquq-mühafizə orqanı əməkdaşı gedib Maliyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ya İqtisadiyyat Nazirliyində deyə bilməz ki, verin sənədlərinizə baxım, görüm nə qədər maliyyə itkisi var. Hətta baxsa belə, heç nə başa düşməz, çünki polis və ya prokurorluq işçisi o sahənin adamı deyil. Burada yalnız köhnə nazirləri, məmurları əvəz edən yenilər öz sözünü deyə bilər. Onlar fəaliyyətləri əsnasında yeyinti faktlarını üzə çıxartmalıdırlar. Yeni gələnlər çox aydın şəkildə görə bilərlər ki, öncəki məmur nə çirkli işlərlə məşğul olub. Çox təəssüf ki, yeni gələn məmur, nazir, yerli icra başçısı köhnənin əməlləri ilə bağlı susur, üstünü açmır. Çünki eyni mexanizmlərdən özü də istifadə etmək istəyir. Baxır ki, öncəki hansı yollarla pul qazanıb, onun üstünü açsa, onu tutacaqlar, ancaq özü istifadə edə bilməyəcək. Hətta işdən çıxarılan məmuru həmin faktlarla şantaj da edə bilər ki, əməllərinin üzə çıxmasını istəmirsənsə, qazandığından filan qədər verməlisən. Ancaq yeni təyin olunan peşəkar kadrlar var ki, onlar üzə çıxarırlar, kimisi daha tez, kimisi bir qədər gec olsa da, müəyyən faktlar ortaya qoyurlar”.

Hüquqşünas deyib ki, korrupsiyaya bulaşmış məmurun həbs edilməməsi çox ciddi problemlərin əsasını qoyur: “Nazirlikdə, komitədə və digər dövlət qurumunda 10 milyonlarla ölçülən korrupsiya faktı varsa, ilk olaraq həmin qurumun rəhbəri istintaqa cəlb olunmalı, barəsində həbs qərarı verilməlidir. Amma Azərbaycanda çox biabırçı ənənə yaranıb. Az qala nazirliyin qapıçısını da həbs edirlər, nazir qalır kənarda. Mədəniyyət Nazirliyində keçirilən antikorrupsiya əməliyyatında belə bir yanlış praktikadan istifadə olundu”.

Hüquqşünasın sözlərinə görə, xarici təcrübədə də belə hallar var ki, kimsə gəlib vurduğu zərəri ödəyirsə, istintaqla əməkdaşlığa gedirsə, barəsində həbs-qətimkan tədbiri seçilmir:

“Əbülfəs Qarayevin həbsi üçün kifayət qədər əsaslar var. Mədəniyyət Nazirliyindəki korrupsiya cinayətləri məhkəmə qərarlarında əksini tapıb. Artıq ittihamlar Azərbaycan məhkəməsinin hökmü ilə təsdiqini tapıb. Yəni Əbülfəs Qarayevin rəhbərliyi altında mədəniyyət sahəsinə dövlət büdcəsindən ayılan milyonların oğurlanması faktları ortadadır.

Zakir Sultanov 5 milyon manatdan artıq büdcə vəsaitini dövlətə qaytarıb. Ona görə də iş üzrə yeni həbslərin olması üçün çox ciddi əsaslar yaranıb. İndi üzə çıxır ki, Əbülfəs Qarayev nazir olanda Xorvatiyada üçulduzlu, üçmərtəbəli “Amfiteatr” hotelini 1 milyon avroya alıb. Həmin pul Azərbaycan

dövlətinin, Azərbaycan xalqınındır. Azərbaycan mədəniyyətindən oğurlanıb. İstintaq bu məsələni araşdırmalıdır".

Hüquqşünas deyib ki, Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinə rəhbərlik edərkən orada böyük korrupsiya cinayətləri baş verib: “O nazir olaraq hara baxırdı? Dogrudanmı Əbülfəs Qarayevin baş verənlərdən xəbəri olmayıb? Kiminsə nazirin rəhbərlik etdiyi qurumda baş verənlərdən xəbərsiz olmasına inanacağını gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Əbülfəs Qarayev də istintaqa cəlb olunmalı, həbsi gerçəkləşdirilməlidir. Azərbaycan xalqından oğurladığı hər qəpiyə, manata görə cavab verməlidir”.

Dia.az
 



Oxşar Xəbərlər

Xəbər lenti