7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.
Bu azalmanı şərtləndirən əsas amillər hansılardır?
Açıqlama verən turizm eksperti Əziz Şiriyev söyləyib ki, Körfəzyanı ölkələrdə müşahidə olunan siyasi gərginlik səbəbindən bir çox hava limanlarının fəaliyyəti müəyyən dövrlərdə dayandırılır, sonra isə bərpa olunurdu:
“Təhlükəsizliklə bağlı narahatlıqlar olduğu üçün insanlar risk etmək istəmirdi. Bildiyiniz kimi, turizmdə turistlər üçün ən vacib amil təhlükəsizlikdir. Heç kim təhlükəli hesab etdiyi əraziyə səyahət etmək istəmir. Azərbaycan isə ən təhlükəsiz ölkələr sırasında yer alır və turistlərin böyük əksəriyyəti ölkəmizə səfər etmək istəyir. Lakin həmin turistlərin yaşadığı ölkələrdə, xüsusilə hava limanları ətrafında təhlükəsizliklə bağlı problemlər mövcud idi. Bu səbəbdən onlar mövcud vəziyyətdə hava nəqliyyatından istifadə etməyə tərəddüd edirdilər. Düşünürəm ki, yaxın gələcəkdə təhlükəsizliklə bağlı narahatlıqlar aradan qalxdıqdan və insanlar özlərini tam arxayın hiss etdikdən sonra yenidən dünyanın müxtəlif ölkələrinə, o cümlədən Azərbaycana səyahət edəcəklər”.
Ekspert hesab edir ki, bölgədə vəziyyət stabilləşdikdən sonra turist axını yenidən bərpa olunacaq.
Yəni, turist sayındakı azalma Azərbaycanla deyil, xarici ölkələrdəki təhlükəsizlik və nəqliyyat problemləri ilə bağlıdır.//Demokrat.az