"Mehdiyevlərin bankı" batır... - 5 milyonluq zərər


Azərbaycan bankları cari ilin ikinci rübünün nəticələrini açıqlayıblar.

Hurriyyet.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən 26 bankdan 24-nün həmin dövrü qazancla başa vurduğu və yalnız iki bankın zərər etdiyi məlum olub.

Ən böyük mənfəət əldə edən banklar sırasında Azərbaycan Beynəlxalq Bankı (118,4 milyon manat), “Kapital Bank” (127 milyon manat), eləcə də sabiq Milli Bank rəhbəri Elman Rüstəmovun olduğu iddia edilən “Bank Respublika” (38.8 milyon manat) var. Ən kiçik mənfəəti "Premium Bank" (78 min manat) və "Gunay Bank"”88 min manat) açıqlayıb.

Zərər açıqlayan 2 bank isə “Bank BTB” və Pakistan Milli Bankının Bakı filialıdır. İkincinin zərəri 271 min manat olub. “Bank BTB” isə nə az, nə çox - 5.3 milyon manat zərər etdiyini bəyan edib.

Səhmlərinin 75 faizi Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA Prezidenti olmuş Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsus olan “Bank BTB”-nin maliyyə hesabatlarından belə qənaət yaranır ki, bank batmaq üzrədir. Bankın ötən il üzrə rəsmən elan etdiyi hesabatlar da onun zərərlə işlədiyini əks etdirir. Məsələn, ötən il bankın xidmət haqlarıyla bağlı gəlirlər təqribən 2 dəfə aşağı düşüb. Ən əsası isə, bankın tələbli depozitləri, yəni şirkətlərin bankdakı pulları kəskin şəkildə azalıb. Bu da iri müştərilərin banka nə dərəcədə etibar etmələrinin göstəricisi sayıla bilər...

Qeyd edək ki, “Bank BTB”-nin 2021-ci ilin 1-ci rübünə aid maliyyə göstəriciləri də ürəkaçan deyildi. Belə ki, bankın rəsmi hesabatına görə, onun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə azalmışdı. Ümumilikdə isə bank 2020-ci ili 9 milyon 130 min manat xalis zərərlə başa vurub və bununla da onun təkcə ötən ilin əvvəlinə yığılmış zərəri 12 milyon manata çatmışdı.

Yeni hesabatlardan isə belə görünür ki, zərər arta-arta gedir. Hansı ki, bu bank Ramiz Mehdiyevin Prezident Aparatına rəhbərlik etdiyi dönəmdə ardıcıl olaraq, xalis mənfəət əldə edir və kapitalını artırırdı. Sual olunur ki, bankı iflasa aparan səbəb nədir? Nədən bankların demək olar hamısı qazanc etdiyi halda, “Bank BTB” zərər açıqlayır?

Məsələ ondadır ki, əksər bank mütəxəssisləri, ekspertlər bankların rəsmi maliyyə hesabatlarına böyük şübhə ilə yanaşırlar və qeyd edirlər ki, çox vaxt bu hesabatlar bankların real durumunu əks etdirmir. Məsələn, sabiq Vergilər naziri Fazil Məmmədovun “Atabank”ı son günə qədər guya mənfəətlə işlədiyini bildiridi. Lakin günlərin birində bankın müflis olduğu üzə çıxdı və əmanətçilər çox ciddi problemlərlə üz-üzə qaldılar. Odur ki, “Bank BTB”-nin kimə məxsus olduğu nəzərə alınsa, iki ildir ardıcıl olaraq zərər hesabatının verilməsi kifayət qədər müəmmalı görünür. Çünki bu bank vaxtilə ən azından ortabab banklar sırasında liderlərdən biri sayılırdı.

İndi bankın guya ziyan etdiyi barədə təəssürat yaradılmasının nəyə xidmət etdiyini isə demək çətindir. Ən azından bununla da bilərəkdən guya Mehdiyevlərin biznes imperiyasının çöküşü və ümumilikdə Ramiz Mehdiyevin əvvəlki təsir gücünün, həmçinin maliyyə imkanlarının qalmadığı, müflis olduğu görüntüsü yaradıla bilər. Ancaq Azərbaycanda buna inanacaq sadəlövh adamların da çox olmadığı birmənalıdır…

Qeyd edək ki, Bank ”BTB" ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir. Lakin təbii ki, Mehdiyevlərin biznesi təkcə bunlarla bitmir…



Oxşar Xəbərlər

Xəbər lenti