Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi

Əməkdar jurnalist Səhrəd Məmmədov – ömrünün 80-ci baharında


Jurnalistikamızın tanınmış simalarından, Əməkdar jurnalist Səhrəd Məmmədov ömrünün 80-ci baharını qarşılayır.


Peşəkar fəaliyyətə ilk olaraq "Abşeron" qəzetində başlayan Səhrəd Məmmədov görkəmli jurnalistlər – Namiq Abbasov, Məmməd Əfşan, Polad Qasımov, Əjdər Fərzəli, Əbdül Qəni kimi qələm ustalarının yanında zəngin təcrübə qazanmış, gənc yaşlarından peşəkarlığı ilə seçilmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı illərdə artıq sanballı jurnalist kimi tanınmağa başlamışdır.


Universitetdə keçirdiyi unudulmaz beş il ərzində Mir Cəlal, Nurəddin Babayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nüsrət Bağırov, Seyfulla Əliyev, Nəriman Zeynalov, Fəmil Mehdi, Cahangir Məmmədov, Akif Rüstəmov, Qulu Xəlilov kimi görkəmli alim və pedaqoqların zəngin təcrübəsindən bəhrələnmiş, jurnalistika elminin incəliklərini dərindən mənimsəmişdir.


55 ildən artıq davam edən yaradıcılıq fəaliyyətində respublikanın müxtəlif dövri mətbuat orqanlarında çalışan Səhrəd Məmmədovun oçerk, məqalə və felyetonları həmişə oxucular tərəfindən maraqla qarşılanmışdır. O, jurnalist adının məsuliyyətini daim yüksək tutmuş, haqqı nahaqqa verməmiş, qərəzdən və şantajdan uzaq olmuşdur. Hər yazısını böyük məsuliyyətlə qələmə almış, hadisələri bədii və satirik dillə oxuculara çatdırmışdır. Özünün də dediyi kimi, həmişə jurnalist adının ucalığına söykənmiş və bu peşə ilə fəxr etmişdir. Həyatda qazandığı bütün uğurlara isə yalnız öz qələmi, zəhməti və istedadı sayəsində nail olmuşdur.


Onun "Sovet kəndi", "Azərbaycan gəncləri", "Qalibiyyət bayrağı", "Kəndin səsi" qəzetlərində və "Kirpi" jurnalında fəaliyyət göstərdiyi illər xüsusilə məhsuldar olmuşdur. Bu dövrdə Azərbaycan jurnalistikasının inkişafına dəyərli töhfələr vermiş, öz imzasını oxuculara sevdirmişdir.


Səhrəd Məmmədov həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə ön cəbhədə çalışan fəal jurnalistlərdən olmuş, erməni silahlı qüvvələrinin törətdiyi cinayətləri operativ şəkildə ictimaiyyətə çatdırmışdır. 1990-cı il martın 24-də Qazax rayonunun Bağanıs Ayrım kəndində baş verən faciə barədə respublika mətbuatında ilk yazını da məhz o qələmə almışdır. "Odlara qalanan kənd" məqaləsi həmin dövrdə ölkənin əksər mətbuat orqanlarında dərc edilmiş, müəllifi olduğu "Viran qalmış yurd yerləri" kitabı isə müharibənin ağrı-acılarından bəhs edən qiymətli publisistik əsərlərdən biri olmuşdur.


Məhsuldar qələm sahibi olan Səhrəd Məmmədov artıq 30 ildən çoxdur ki, "Kirpi" jurnalında yorulmadan fəaliyyət göstərir. Onun satirik yazıları və felyetonları daim aktuallığı, kəskinliyi və yüksək peşəkarlığı ilə seçilir. Oxucular onun hər yeni yazısını maraqla gözləyirlər.


Uzun və şərəfli fəaliyyəti dövründə Səhrəd Məmmədov çoxsaylı yüksək mükafat və fəxri adlara layiq görülmüşdür. O, SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Əməkdar jurnalist" fəxri adına, "150 illik yubley medalı", "Qızıl qələm" mükafatına, çoxsaylı Fəxri fərmanlara, diplom və digər mükafatlara layiq görülmüşdür. Bütün bunlar onun uzun illər ərzində göstərdiyi gərgin əməyin və peşəsinə sonsuz sədaqətinin bəhrəsidir.


Hazırda "Kirpi" jurnalının redaktoru vəzifəsini icra edən dəyərli qələm dostumuz Səhrəd Məmmədovu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayırıq. Qələmi daim iti, sözü həmişə kəsərli olsun!

Arzuman Loğmanoğlu 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti