8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sabiq deputat İlham Əliyev və şəriki Şabranda yerli sahibkarın gilas bağlarını dələduzluqla əlindən alıblar
Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev barəsində məhkəmə iddiası qaldırılıb. Yerli medianın məlumatına görə, İlham Əliyevə qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı avqustun 16-da Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Növbəti məhkəmə iclası sentyabrın 1-nə təyin olunub.
Məhkəmə iddiası müqavilənin ləğv olunması ilə bağlıdır. Ramiz Mehdiyevin kürəkəninə qarşı iddia Mənsur Nəmətulla oğlu İbrahimov tərəfindən qaldırılıb. Məhkəmə prosesində maraqlı şəxs kimi “Dostluq-MK” MMC adlı şirkət də iştirak edir. Məlumat üçün bildirək ki, İlham Əliyev Azərbaycan Milli Məclisinin IV və V çağırış (2010-2020-ci illər) deputatı olub. Mehdiyevin kürəkəni həm 2010, həm də 2015-ci illərdə 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat olub. 2 il əvvəl - 18 avqust 2020-ci il tarixində ölkədə sərt karantin rejiminin olmasına baxmayaraq İlham Əliyev qızına toy mərasimi keçirib. Ramiz Mehdiyevin və tanınmış şəxslərin iştirak etdiyi toy mərasimi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub. İlham Əliyev isə karantin qaydalarını pozduğu üçün Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb.
İlham Əliyevin cavabdeh olduğu məhkəmədə maraqlı tərəf kimi iştirak edən “Dostluq-MK” MMC o, deputat olduqdan qısa müddət (4 ay) sonra - 18 mart 2011-ci ildə Şabran rayonu, Gəndob kəndində qeydiyyata alınıb. Mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, İlham Əliyev “Dostluq-MK” MMC vasitəsilə Gəndob kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub. Kənd sakinləri ilə İlham Əliyev arasında dəfələrlə torpaq mübahisələri yaşanıb. Şabran rayonunun Gəndob kənd sakini, yerli sahibkar Mənsur İbrahimov məhkəmələrdə haqqını tələb etdiyi bir vaxtda ona qarşı cinayətlərdən xəbərdar olanlar bu prosesin nə ilə yekunlaşacağını diqqətlə izləyirlər. İllərlə Azərbaycanın şimal zonasında at oynadan İlham Əliyevlə şəriklərinin yerli iş adamlarının başına açdıqları müsibətlər barədə “Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev də maraqlı açıqlama ilə çıxış edib. O, yerli iş adamı Mənsur İbrahimovun İlham Əliyevə qarşı iddiası ilə bağlı bunları yazır:
“Şabran rayonunun Gəndob kənd sakini, yerli sahibkar Mənsur İbrahimov özünü vaxtında çatdıra bilmədi. Artıq gilas bağlarının ələyi ələnib, xəlbiri göydə fırlanır... Mənsur ümid edirdi ki, iyunun 10-da iddiaçı olduğu halal bağından meyvə dərə biləcək. Mən də getdim. Baxmayaraq ki, müxtəlif xəbərdarlıqlar gəlirdi ki, oralara girmək üçün ”ağ atlı oğlan" olmaq lazımdır. Heç də belə deyil. 2-3 nəfər yolkəsənlik etməyə və çəkilişi dayandırmağa çalışsalar da, bunun mənasız olduğunu görüb geri çəkildilər. Yəqin ki, ərazinin mübahisəli olmasının fərqində idilər. Həm də Mənsur İbrahimovun gilas yığımı ilə bağlı yüksək dövlət instansiyalarına aprelin 28-də etdiyi müraciətdən duyuq düşüb və həm də qorxub vaxtında işlərini görmüşdülər. Olsun... Amma mən bu problemin sonadək çözülməsində israrlıyam. Videonu izləyəndə görəcəksiniz ki, Ramiz Mehdiyevin kölgəsi, kürəkəni və keçmiş deputat İlham Əliyev nələr “yaradıb”.
Söhbət 500-700 min vəsaitdən getmir. Ortalıqda milyonlar oynayır. Şübhəli əməliyyatlar var. “TURaz” MMC-ni müxtəlif yollarla ələ keçirən İlham Əliyev-Kərim cütlüyü çox arxayın olublar. Hesab ediblər ki, qarşılarına heç kəs çıxa bilməz. Amma Mənsur İbrahimov hər şeyi-özünün yazdığına görə, hətta ölümünü belə göz önünə alaraq üsyan edir. Dövlətin birinci şəxsindən tutmuş, nazirlərədək, Şabran icra hakimiyyəti başçısına da, ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə də qalaq-qalaq məktublar ünvanlayıb. Məhkəmələrə üz tutub. Hər dəfə qarşısında Ramiz Mehdiyev peyda olub. Bunlar haqqında sonra yazacağam. Hələlik isə İlham-Kərim cütlüyünün Gəndob varidatını sizlərə təqdim edirəm. Möhtəşəm üzümlüklər, alma, nar, heyva, nektarin bağları, tikintisi müəmmalı soyuducu anbar, müxtəlif texnikalar... Özü də statistik hesabatlarda bir cür, şirkətin sənədlərində başqa cür qeyd edilir. Saxta yolla milyonlar qazanmaq üçün. Hə, yadımdan çıxmamış, yerli camaatın dediyinə görə, bunlar ərazidəki - videoda görəcəyiniz gölün suyunu da mənimsəyiblər. Vaxtilə bu göldən yerli əhali öz təsərrüfatları üçün istifadə edib. Təmiz Samur suyudur. Mən heç kəsin haqqına girmək istəmirəm. Başa düşürəm, qarşı tərəfin də burada hansısa payı ola bilər. Bəs Mənsurun və ailə üzvlərinin payı necə olsun? Amma halal pullardırmı? Dövlətin vergi borcunu doğru-düzgün ödəyiblərmi? Bəzi sənədlər göstərir ki, ciddi şübhələrə kifayət qədər əsaslar var. Mütləq yoxlanılmalıdır! Yoxlanılmalı “TURAZ” , “Dostluq-MK”, “Hikmət-Aqro” MMC-lərdir. Deyilənə görə, Türkiyəyədək gedib çıxır... Görəsən, dövlətdə bu məsələləri araşdırmağa cəsarət edən qurum tapılacaqmı?"
Müqəddəs Mehdiyev yerli sahibkarın əlindən alınan gilas bağına da baş çəkib, orada video çəkərək paylaşıb.
“İlham Əliyev Ramiz Mehdiyevin səlahiyyətlərindən istifadə edib yerli iş adamı Kərimlə əlbir olmaqla Mənsur İbrahimova məxsus gilas bağlarını dələduzluqla, aldatma yolu ilə əlindən alıblar. Bu bir rüsvayçılıqdır, özbaşınalıqdır. Hesab edirəm ki, bu özbaşınalığa son qoyulmalıdır”, - deyə paylaşdığı videoda Müqəddəs Mehdiyev bildirib.
musavat.com