8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Necə ola bilər ki, Azərbaycanda "qul bazarları”nın sayı getdikcə çoxalmaqda olduğu indiki ərəfədə vətəndaşlar işləməkdən boyun qaçırsın?!
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yenə də mətbuatın və sosial şəbəkələrin diqqətini cəlb edən açıqlama ilə çıxış edib. Onun sözlərindən belə çıxır ki, Azərbaycanda işsizlikdən söhbət gedə bilməz, sadəcə insanlar işləmək istəmir: "Açıq danışaq, Bakıda və digər şəhərlərdə iş tapmaq olar, sadəcə olaraq, bir çox hallarda insanlar özləri işləmək istəmir”.
Öncə onu qeyd edək ki, nazirin bu açıqlaması haqlı olaraq sosial şəbəkələrdə böyük etiraza səbəb olub. Ən azı ona görə ki, Azərbaycanda iş yerlərinin ardıcıl olaraq qapadıldığı, demək olar ki, hər həftə bir xarici şirkətin ölkəmizi tərk etdiyi, insanların yaşayış durumunun fəalkətli həddə çatmaq üzrə olduğu indiki vaxtda işsizlik problemlinin olmadığını və yaxud insanların işləmək istəmədiyini dilə gətirmək normal düşüncənin məhsulu ola bilməz. Axı necə ola bilər ki, Azərbaycanda "qul bazarları”nın sayı getdikcə çoxalmaqda olduğu indiki ərəfədə vətəndaşlar işləməkdən boyun qaçırsın?!
Əksinə, yəqin sosial müdafiə nazirinin xəbəri olmamış deyil ki, bütün dönəmlərdən fərqli olaraq hazırda Azərbaycanda (Maştağada) "qadın qul bazarı” da mövcuddur. Bəlkə, nazirin iddia etdiyi kimi, "ölkədə orta aylıq əmək haqqı 522 manat olduğu” bir vaxtda bu qadınlar normal işlərdən imtina edib, varlıların qapısında qul kimi işləməyi daha üstün tuturlar? Bizə elə gəlir ki, Səlim Müslümov bu cür biabırçı açıqlamalar verməkdənsə, qadınları qul olmaq üçün "yarışa çıxdığı” bir ölkənin sosial müdafiəsi naziri olmaqdan utanc hissi keçirməlidir. O isə deyir ki, qadınlar işləmək istəmir: "Qadınların çoxu işləmək istəmir və bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir. Qadınlar açıq deyirlər ki, işləmək istəmirik, çünki ev işləri ilə məşğuluq. Və onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz”.
Görünür, nazirin "insanlar işləmək istəmir” gileyinin arxasında başqa maraqlar yatır. S.Müslümov ondan narazıdır ki, son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, yəni dövlətdən sosial yardım tələb edən vətəndaşların sayı sürətlə artmaqdadır. Nazir bunu öz açıqlamasında da etiraf edir: "Ölkədə orta aylıq əmək haqqı 522 manatdır. Tutaq ki, ailə beş nəfərdən ibarətdir. Bu ailənin minimal ehtiyac zənbili 580 manatdır. Əgər ailə başçısı 522 manat qazanırsa, o zaman o ailəsinin minimal ehtiyaclarını təmin edə bilməz və deməli, bu ailənin ünvanlı yardım üçün müraciət etmək hüququ var, elə deyilmi? Lakin biz ailələrin yardım üçün müraciət etmək hüququnu məhdudlaşdırmalıyıq. Məsələn, ailə 8 nəfərdən ibarətdir, onlardan 5-i əmək qabiliyyətlidir. Lakin işləmək istəmirlər, sosial yardım tələb edirlər. Sual olunur, niyə?”.
Təbii ki, bunun "niyəsi” nazirin özünə də bəllidir. Sadəcə, hörmətli Səlim Müslümov özünü o yerə qoymaq istəmir. Odur ki, həmin sualın "niyəsinə” biz aydınlıq gətirək. Birincisi, qeyd etdiyimiz kimi, Azərbaycanda işləmək istəməyən işqabiliyyətli vətəndaşın varlığından söhbət belə gedə bilməz. Bu, yalnız o şəxs ola bilər ki, hansısa obyekti var, icarəyə verib, onun pulu ilə ailəsini dolandırmaq imkanındadır. Ancaq bu insanlar arasında da işləməkdən boyun qaçıranlar 1 faizin altındadır. İkincisi, ölkədə kütləvi işsizlik şəraitində vətəndaşların DÖVLƏTDƏN sosial yardım tələb etməsi tamamilə normaldır və çarəsiz durumda olan vətənşların bu istəyi heç bir halda məhdudlaşdırılmamalıdır. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailəyə yardım ayırmaqdan boyun qaçırırsa, onda bu qurumun fəaliyyətinə nə ehtiyac var? Üstəlik, bu nazirliyin indiyədək "3-ü mənim, 2-si sənin” prinsipi ilə fəaliyyət göstərdiyi də çoxlarına bəllidir. Bəlkə, hörmətli Müslümov ondan narahtdır ki, hər kəs sosial yardım tələb edir, nazirliyin büdcəsində söküb-dağıtmağa, talan etməyə əlavə vəsait qalmır?!
Bəli, Səlim Müslümov haqlıdır ki, insanlar dövlətin sosial yardımına möhtac olmamalıdır. Amma bunun üçün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müxtəlif layihələrlə çıxış etməli, çoxsaylı iş yerləri açmalı, gözünü büdcədən ayrılan vəsaitə dikməməlidir. Bu halda inkişaf etmiş ölkələrdə olduğu kimi, heç bir vətəndaş dövlətin yardımı ilə yaşamağı özünə rəva bilməz, işləyib ailəsini öz zəhməti hesabına dolandırardı.
O ki qaldı evdar qadınlara, bəli, onlar müəyyən mənada işsiz hesab olunmaya bilər. Amma nazirin diqqətinə çatdıraq ki, inkişaf etmiş ölkələrdə evdar qadınlara hər ay maaş verilir. Məhz ona görə ki, onlar vətən üçün layiqli övlad yetişdirsinlər...
Elçin