Aqil Babayevin məhkəməsini izləyən jurnalistlər zaldan çıxarıldı HAKİM “ZƏRƏRÇƏKƏN”LƏRİN VƏSATƏTİNİ QƏBUL ETDİ…


Özünü “İmam Mehdi” kimi təqdim edərək, qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sozcu.info xəbər verir ki, jurnalistlər növbəti dəfə prosesin yarısında zaldan çıxarılıb və məhkəmə qapalı keçirilib.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə proses əvvəlki proseslərə nisbətən sakit keçdi. Belə ki, məhkəmə başlayan kimi ötən prosesdə dava salıb Aqil Babayevə və vəkillərinə hücüm çəkən, alçaldıcı ifadələr işlədən “zərərçəkmiş” Azər İslamov hakim tərəfindən zaldan çıxarıldı. Hakim həmin vaxt ona “saçından-saqqalından utan, bura sizin üçün bazar deyil, məhkəmə zalıdır”, - iradını bildirdi.

Onu da qeyd edək ki, əvvəlki proseslərdən fərqli olaraq bu dəfə A.Babayev polislər tərəfindən daha güclü qorunurdu. Ötən məhkəmə proseslərində əvvəlki sırada “zərərçəkmişlər” əyləşərdi, indi isə nəzarət üçün orada polislər oturmuşdu.

A.Babayevin vəkilləri hakimə öz iradlarını bildirərək, “biz müdafiə edə, sual verə bilmirik. Təzyiqlər olunur, söyüşlər söyülür, üstümüzə hücum çəkilir. Biz vəkillər 5 nəfərik, onlar çoxdur, hücumlarının qarşısını ala bilmirik. Möhtərəm hakim, xahiş edirəm, “zərərçəkmişlər” bir-bir zala çağırılsın”, - deyə xahiş etdilər. Lakin hakim bu vəsatəti qəbul etmədi. Sadəcə, zalda əyləşən “zərərçəkmiş”lərə müraciət edərək bildirdi ki, kim özünü apara bilməsə zaldan çıxarılacaq. “Hətta 48 saat müddətinə həbs oluna bilərsiniz”, - deyə vurğuladı. Bundan qəzəblənən “zərərçəkmiş”lər jurnalistlərin zaldan çıxmasını və məhkəmənin qapalı keçirilməsini istədilər. Hakim Eldar İsmayılov vəsatəti təmin edərək, zalda əyləşən jurnalistləri növbəti dəfə kənarlaşdırdı. 

Xatırladaq ki, Aqil Babayev özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanları aldatmaqda, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.

Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti