İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırıldı? - RƏSMİ AÇIQLAMA + FOTO


İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulundan sonra iştirakçılardan (yerli sakin - red.) biri saxlanılıb.

Qəbulda iştirak etmiş 1961-ci il təvəllüdlü fermer İmişli rayon Su kanal İdarəsinin direktoru Dəyanət Kazımovun onu hədələdiyini iddia edib. Fermer bildirib ki, idarə direktoru ona məxsus torpaq sahəsinə su verilişini təmin edən boruları çıxararaq suyun verilməsini dayandıracağını bildirib. 

İmişli rayon İcra Hakimiyyətindən oxu.az-a bildirilib ki, fermer müəssisə rəhbərinə qarşı nalayiq ifadələr işlətdiyi üçün tərəflər arasında mübahisə yaranıb və barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib:

“Rayonun Muradxanlı kəndində təşkil olunan görüş zamanı bir neçə kənd sakini qəbulun formatına və mahiyyətinə uyğun olmayan ifadələr işlədərək qeyri-etik davranışlar nümayiş etdiriblər. Bundan sonra sözügedən şəxslər səyyar görüş təşkil olunan məktəb binasını tərk ediblər və qəbul bitdikdən sonra yenidən məktəbin ərazisinə qayıdaraq müəssisə rəhbərləri haqqında nalayiq sözlər işlədib onları təhqir ediblər. Sonra həmin şəxslər mübahisəni münaqişəyə çevirməyə çalışıblar. Bu səbəbdən onlar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun tədbir görülməsi üçün müəssisə rəhbərləri tərəfindən rayonun hüquq-mühafizə orqanlarına müraciət olunub”.

Qeyd edək ki, fermer müvafiq şikayət əsasında saxlanılıb. Fermerə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə rayon sakini İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinərək 100 manat cərimə edilib.



Oxşar Xəbərlər

Xəbər lenti