8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Keçmiş deputat və sahibkar, həbsdə olan Hüseyn Abdullayev iyunun 3-dən aclığa başlayıb. O 6 il həbs cəzası çəkdikdən sonra ona qarşı yeni ittihamın irəli sürülməsinə etiraz edir.
İyunun 4-də Abdullayevin anası, 76 yaşlı Zeynab Abdullayeva oğluna dəstək məqsədilə aclığa başlayıb. Onun səhhəti kəskin pisləşdiyindən xəstəxanaya yerləşdirilib.
Bu barədə vəkil Cavad Cavadov bildirib.
Vəkilin sözlərinə görə, Hüseyn Abdullayev aclığa başlaması barədə 1 saylı Bakı İstintaq Təcridanasının rəhbərliyinə müraciət edib. Onun səhhətində dəyişikliklər olsa da, aclığı sonadək davam etdirəcəyini bildirib.
Keçmiş deputat Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupunun onun dərhal azadlığa buraxılması barədə qərarını Azərbaycan hökumətinin icra etməməsinə etiraz edir.
Penitensiar Xidmət Hüseyn Abdullayevin aclıq aksiyasına başlaması ilə bağlı xəbərləri şərh etmir.
* Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. Onun əlaltıları müxalifətin etirazlarının dağıdılmasında iştirak ediblər.
2005-ci ildə Abdullayev parlamentin deputatı olub və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin iclasında deputat Fəzail Ağamalı Abdullayevi davaya təhrik edib. Amma təkcə Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü ildə Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açılıb.
2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4 (dələduzluq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələrilə ittiham edilib.
2020-ci ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu Hüseyn Abdullayevin dərhal azadlığa buraxılması barədə qərar çıxarıb
6 illik həbs cəzasının bitməsinə 47 gün qalmış, bu il martın əvvəlində ona qarşı yeni ittiham irəli sürülüb. O, A cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittiham olunur. Hüseyn Abdullayev əsasən 2006-cı ildən 2014-cü ilə qədər 6 milyon manatın yuyulmasında ittiham olunur, baxmayaraq ki, istintaq onun 2000-2018-ci illərdəki hərəkətlərini araşdırıb.