25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Nəhayət, Naxçıvan Mərkəzi Seçki Komissiyası (MSK) Naxçıvan Muxtar Respublikasının (NMR) Ali Məclisinə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə qeydə alınmış namizədlərin siyahısını öz saytına (nmsk.gov.az) yerləşdirib.
Qeyd edək ki, 45 yerlik Ali Məclisə seçkilərdə Muxtar Respublikanın ali hakimiyyət orqanı formalaşacaq. Seçiləcək yeni tərkib yeni sədr və müavinlərini seçəcək. 2022-ci ilin 21 dekabrında keçmiş sədr Vasif Talıbovun istefasından sonra yaranmış qeyri-müəyyənlik həllini tapmalıdır. Təbii ki, yerli məmurlar arasında qarşıdurma həddinə çatan daxili intriqalar imkan versə...
Namizədlərin siyahısına diqqət etdikdə sözügedən qarşıdurmanın əlamətlərini aydın görmək olar. Əvvəla, onu qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisə seçkilərdən fərqli olaraq Ali Məclisə namizədlər irəli sürməyib. İqtidar partiyasından dairələr üzrə qeydə alınmış namizədlərin hamısı öz təşəbbüsü ilə namizədliklərini irəli sürüb. Bütün seçki dairələrində YAP-ın namizədləri var, 3 dairədə isə iqtidar partiyasının 2, 34 saylı Şahbuz şəhər seçki dairəsində isə nə az- nə çox, 4 namizədi bir-biri ilə yarışacaq.
Qeyd edək ki, bu, YAP-ın seçki prinsiplərinə ziddir, daha əvvəlki seçkilərdə partiyanın rəsmi namizədinə alternativ olan YAP üzvləri təşkilatdan xaric ediliblər. Naxçıvanda isə kimin hakim partiyanın rəsmi namizədi, kimin öz təşəbbüsü ilə deputat olmaq iddiasına düşməsini aydınlaşdırmaq mümkün deyil.
Diqqətçəkən məqamlardan bir isə ölkədə 25 siyasi partiyanın seçki prosesinə qatılmasına baxmayaraq Naxçıvan Ali Məclisinə seçkilərdə cəmi 2 partiyadan hərəsindən 1 namizəd olmaqla, (Ağ partiya və AMİP) 1 nəfər isə müstəqil namizəd (“Turan” İnformasiya Agentliyinin əməkdaşı) seçkilərdə iştirak edir. Vaxtilə Azərbaycnın siyasi mərkəzi hesab edilən Naxçıvanda ictimai-siyasi fəallığın bu qədər aşağı səviyyədə olması, siyasi partiyaların mövcudluğunu dayandırması, yaxud yerli seçkilərə maraq göstərməməsi ürəkağrıdıcı faktlardır.
Əksəriyyəti bitərəf olan namizədlər arasında fəaliyyət sahəsi kimi anbardar, bərbər, fərdi təsərrüfat işçisi, müəllim, sahibkar, maşinist, pensiyaçı, sürücü, elektrik mütəxəssisi, operator, gözətçi, tibb bacısı, işsizlər üstünlük təşkil edir.
Maraqlıdır, Ali Məclis mandatlarına iddiaçıların “təvəzökar” siyahısından rəhbərliyə kimlər seçilə bilər, növbəti 5 ildə muxtar bölgənin ali hakimiyyət orqanının sükanı kimin əlində olacaq?
Siyahıya göz gəzdirdikdə “parlaq” fiqurlar gözə dəymir. Yalnız bir neçə namizədin üzərində ehtimallar qurmaq mümkündür. Onlar YAP üzvü, Badamlı seçki dairəsindən namizədliyini irəli sürmüş NMR Ali Məclis sədrinin köməkçisi Ramiz Məmmədov, 30 saylı Naxçıvan şəhər seçki dairəsindən namizəd, YAP üzvü, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının sədri Şəhla Əhmədova, 33 saylı Naxçıvan şəhər seçki dairəsindən YAP-çı namizəd, “Naxçıvan Abadlıq” MMC-nin direktoru Emin Qasımov tutduqları vəzifələri ilə diqqət çəkir. Qeyd edək ki, Ramiz Məmmədovun hazırda Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə də köməkçilik etdiyi bildirilir.
Əlbəttə, Ali Məclisin sədrinin başqa namizədlərdən biri olması ehtimalı da eyni dərəcə mümkündür. Amma fakt budur ki, bu namizədlər siyahısında öz nüfuzu, təcrübəsi, tərcümeyi-halı ilə Naxçıvana rəhbərlik etməyə layiq bilinəcək, ümumilikdə Naxçıvan camaatının yaxşı tanıdığı bircə nəfər belə yoxdur.
Bir məqamı da qeyd edək ki, siyahıda adları qeyd olunan namizədlər arasında VI çağırış Ali Məclisin üzvlərinin olub-olmadığını müəyyənləşdirmək çətindir. Çünki bu barədə hər hansı qeyd aparılmayıb.
Yekunda qeyd edək ki, ilk növbədə Yeni Azərbaycan Partiyası Ali Məclisə seçkilərdə partiya olaraq iştirak etməməsinin səbəblərinə aydınlıq gətirməlidir. Maraqlıdır, YAP-a Naçıvanda nə mane olub ki, üzvləri öz təşəbbüsləri ilə seçkilərədə iştirak etmək məcburiyyətində qalıb? Bu barədə hakim partiyadan şərh almaq cəhdlərimiz baş tutmadı.
Mövzuya qayıdacağıq.
Azpolitika.info