KEÇMİŞ PROKUROR HAQDA ŞOK İTTİHAMLAR – “Oğlumu həbsdən çıxaracağını deyərək, məndən 8 min manat aldı...”


Ağdam rayonu, Kəngərli (Pirhəsənli) kəndində  qeydiyyatda olan, 1993-cü ildən Yevlax şəhəri, 32-ci məhəllə bina 3, mənzil 9-da ailəlikcə müvəqqəti məskunlaşan Rüstəmov Hüseyn Əli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidovdan şikayət edən H.Rüstəmovun məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Redaksiya!

Yazıb sizə bildirirəm ki, oğlum Teymur Rüstəmov 07 dekabr 2022-ci il tarixində həbs olunub. Ona məhkəmənin hökmü ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkməkdədir.

Qeyd edim ki, oğlum həbs olunduqdan sonra mən İbrahim adlı şəxsin vasitəsilə Bakı şəhəri, Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidovla tanış oldum. İlk tanışlığımız zamanı o, məndən oğlumun hansı səbəbdən həbs olunduğunu, cəzasını hansı cəzaçəkmə müəssisəsində çəkdiyini, neçə azyaşlı övladı olduğunu və s. haqda məlumatları öyrəndi. Mirələkbər Seyidov daha sora mənə “geniş əlaqələrim var, istəsən müəyyən xərcin qarşıllığında oğlunu həbsdən azad etdirə bilərəm", - dedi. Düzdür, mən bir ata olaraq oğlumun həbsdən azad olmasını istəyirdim. Çünki hər gün Teymurun azyaşlı övladlarının mənə baba, atam hardadır, biz atamızı istəyirik, atamız nə vaxt gələcək?”, - deyə verdikləri suala cavab tapa bilmirdim. Bu səbəbdən də Mirələkbər Seyidova razı olduğumu dedim.

Bildirim ki, bu məqsədlə bankdan kreditə pul götürdüm və üst-üstə ona 8 min manat pul verdim. Belə ki, həmin pulun müəyyən hissəsini onun göndərdiyi hesab kartına ("Leo banka" məxsus 4098584464261484 hesab kartına) köçürdüm, müəyyən hissəsini isə əlbəəl verdim. Hesab kartlarına köçürdüyüm pulların ödəniş qəbzləri məndədir. Əlbəəl verdiyim pulları isə ona çatdıranda yanımızda Fəqani adlı şəxs də olub. Sonuncu dəfə 2023-cü ilin mart ayında Mirələkbər Seyidova 3 min manat pulu Bakı şəhərində vermişəm.

Qeyd edim ki, bu şəxs oğlumu həbsdən çıxaracağına vəd versə də, indiyə kimi heç bir iş görməyib. Buna görə də 2023-cü ilin aprel ayından dirəniş göstərib, ondan verdiyim pulları geri qaytarmasını tələb edirəm. Buna baxmayaraq, hələ də Mirələkbər Seyidov mənə minbir bəhanələr danışır. Bir sözlə, nə işi həll edir, nə də verdiyim pulları özümə qaytarır.

Bankdan kreditə pul götürdüyümə görə, hazırda hər ay banklara 800 (səkkizyüz) manat pul ödəyirəm.

Mən ali təhsilli deyiləm və lazımi sənəd işlərindən də başım çıxmır. Belə bir səbəbdən də Mirələkbər Seyidovla tanış olduqdan sonra, uzun illər ərzində prokurorluq orqanlarında işlədiyini bilib, ona inandım. İndi isə çox səhv etdiyimi başa düşürəm.

Bütün bunları əsas tutaraq, səlahiyyətli qurumlardan kömək istəyirəm. Xahiç edirəm ki, Binəqədi rayonunun keçmiş prokuroru Mirələkbər Seyidova verdiyim pulun ondan geri alınması üçün mənə köməklik göstərilsin.

Ümid edirəm ki, aidiyyəti qurumlar mənim düşdüyüm vəziyyəti və durumu nəzərə alıb, bu yöndə lazımı addımlar atacaqdır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti