Trampın İran siyasətinə etirazlar artır

ABŞ Senatında respublikaçı senatorlar arasında Prezident Donald Trampın İranla müharibəni idarə etmə tərzinə qarşı narazılıq güclənir. Bu vəziyyət demokratlarda ABŞ qüvvələrinin geri çəkilməsini nəzərdə tutan müharibə səlahiyyətləri ilə bağlı qətnamə layihəsinin qəbuluna yaxınlaşdıqları qənaətini yaradıb.

Layihənin Senatın Xarici Əlaqələr Komitəsindən çıxarılması üçün indiyədək dörd respublikaçı senator dəstək verib. Demokratlar sənədin qəbul olunması üçün lazım olan beşinci respublikaçı səsi tapmağa çox yaxın olduqlarını bildirirlər.

Qətnamənin demokrat müəllifi, Virciniya ştatından senator Tim Keyn “The Hill” qəzetinə açıqlamasında bildirib ki, səsvermədə az fərqlə qalib gəlmək mümkündür. Beşinci respublikaçı səsin kim ola biləcəyi barədə danışan Keyn deyib: “Hələlik dəqiq ad yoxdur, lakin yaxın olduğumuzu düşünürəm”.

Trampın İrana qarşı hücumları dayandırmasını nəzərdə tutan qətnaməyə respublikaçı dəstəyinin münaqişə uzandıqca artdığı müşahidə olunur.

Layihəyə dəstək verən ilk respublikaçı Kentukki senatoru Rend Pol olub. Münaqişənin 60-cı günə çatmasından sonra Men ştatından senator Syuzan Kollins də sənədin irəliləməsi lehinə səs verib.

1973-cü il tarixli Müharibə Səlahiyyətləri Qanununa əsasən, hərbi əməliyyatlar 60 günü keçdikdə Konqresin razılığı tələb olunur.

Alyaska senatoru Liza Murkovski layihəyə dəstək verən üçüncü respublikaçı olub. Luiziana senatoru Bill Kassidi isə mayın 16-da keçirilən ilkin seçkilərdə məğlub olduqdan sonra qətnaməyə dəstək verən dördüncü respublikaçı kimi diqqət çəkib.

Tramp fevralın 28-də İsraillə birgə İrana qarşı hava zərbələri endirilməsi barədə göstəriş verərkən müharibənin dörd-beş həftə davam edəcəyini ehtimal edirdi. Lakin hazırda münaqişə 15-ci həftəsinə daxil olub və yaxın perspektivdə sona çatacağı görünmür.

ABŞ və İran arasında qarşılıqlı hücumların davam etməsi, eləcə də Trampın Tehranın sülh danışıqlarını ləngitdiyinə görə “bədəl ödəyəcəyi” barədə xəbərdarlığından sonra çərşənbə günü fond bazarlarında kəskin eniş qeydə alınıb. Neft qiymətləri isə bu həftə yenidən yüksəlişə keçib.

Jurnalistlərə açıqlama verən Tramp İranı “sərt” şəkildə vuracağını bildirib və Tehranın Vaşinqtonu “axmaq yerinə qoymasına” qəzəbləndiyini deyib.

Senator Rend Pol isə ABŞ və İran qüvvələri arasında qarşıdurmanın artmasının respublikaçı senatorların qətnaməyə dəstəyini daha da gücləndirə biləcəyini bildirib. O, çərşənbə günü verdiyi açıqlamada deyib: “Toqquşmalar davam etdikcə insanların bu layihəyə ‘hə’ demək ehtimalı da artır”.

Qətnamənin qəbuluna yol aça biləcək potensial senatorlardan biri Şimali Karolina senatoru Tom Tillis hesab olunur. Tillis son vaxtlar respublikaçı senatorların prezidentdən daha müstəqil mövqe sərgiləməli olduğunu daha açıq şəkildə ifadə edir.

Digər tərəfdən, Yuta senatoru Con Körtis də tərəddüd edən respublikaçılar sırasında göstərilir. O, daha əvvəl bildirmişdi ki, müharibə 90 günü keçərsə, hərbi əməliyyatlar Konqres tərəfindən təsdiqlənməlidir.

Trampın martın 2-də Konqresə rəsmi bildiriş göndərməsindən sonra başlayan müharibə səlahiyyətləri müddəti bu həftənin əvvəlində 100 günü geridə qoyub.

Çərşənbə günü Senatdakı səsverməyə qatılan Körtis jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. O, daha əvvəl Konqresin razılığı olmadan hərbi gücdən istifadəyə maliyyə dəstəyi verməyəcəyini bildirmişdi.

Müharibəyə ictimai dəstək azalır

Müharibə uzandıqca ABŞ ictimaiyyətinin hərbi əməliyyata dəstəyi də zəifləyir. Merilend Universitetinin Kritik Məsələlər Sorğusu tərəfindən mayın 15-21-də 1377 yetkin şəxs arasında keçirilən araşdırmaya görə, müstəqil seçicilərin 63 faizi, respublikaçıların isə 33 faizi müharibənin ABŞ-ın daxili və xarici maraqlarına müsbət deyil, mənfi təsir göstərdiyini düşünür.

“The Economist” və “YouGov” tərəfindən iyunun 5-8-də 1568 yetkin şəxs arasında keçirilən digər sorğu isə amerikalıların 62 faizinin Trampın İran siyasətini dəstəkləmədiyini ortaya qoyub. Bu qrupda müstəqil seçicilərin 67 faizi, respublikaçıların isə 25 faizi yer alır.

Respublikaçılar arasında fikir ayrılığı dərinləşir

Bununla belə, respublikaçı senatorlar arasında məsələ ilə bağlı vahid mövqe yoxdur. Daha əvvəl Trampın Venesuelaya qarşı hərbi addımlarını məhdudlaşdıran müharibə səlahiyyətləri qətnaməsinin komitədən çıxarılmasına dəstək verən İndiana senatoru Todd Yanq və Missuri senatoru Coş Houli demokratların hazırladığı İran layihəsinə səs verməyəcəklərini bildiriblər.

Yanq bu cür səsvermələrin siyasi xarakter aldığını deyərək bildirib: “Mənim mövqeyim dəyişməyib. Hesab edirəm ki, bu proses siyasiləşib. Belə layihələrə səs verərkən geri çəkilmə halında nə baş verəcəyinə dair cavabınız olmalıdır. Bunun nəticələri nə olacaq? Bu sual hələ cavablandırılmayıb. Öz qiymətləndirməmi aparanda ağlıma gələn əsas məsələ dərhal geri çəkilmənin yaradacağı təhlükələrdir”.

Houli isə aprelin 8-dən bəri tərəflərin məhdud hücumlarına baxmayaraq kövrək atəşkəsin qüvvədə olduğunu və Tramp administrasiyasının razılaşma axtarışını davam etdirdiyini bildirib. Onun sözlərinə görə, hazırkı mərhələdə prezidentə geri çəkilmə göstərişi verilməsi üçün əsas yoxdur.

“Biz hələ də atəşkəs mövqeyindəyik və bu, müsbət haldır. Prezident hücum əməliyyatlarını təxminən ay yarım əvvəl azaltdı. Mən bu prosesin başa çatdırılmasının tərəfdarıyam”, — deyə Houli bildirib.

Digər tərəfdən, bəzi respublikaçılar Trampın İranla apardığı sülh danışıqlarının nəticəsiz qaldığını hesab edir və hərbi əməliyyatların yenidən başlanaraq tamamlanmasını tələb edirlər.

Texas senatoru Con Kornin, Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker və Cənubi Karolina senatoru Lindsi Qrem bu mövqeni bölüşürlər.

Kornin bildirib ki, Tramp “bu işi sona çatdırmalıdır”. Onun sözlərinə görə, İran hakimiyyəti ilə əldə ediləcək istənilən razılaşmaya şübhə ilə yanaşmaq lazımdır: “Bu radikal rejimlə hər hansı razılaşmaya etibar etmirəm, çünki onlar qaydalara əməl etməyəcəklər. Onları nə Hörmüz boğazında təzyiq vasitəsi ilə, nə də bomba hazırlamaq üçün istifadə edə biləcəkləri zənginləşdirilmiş uranla baş-başa buraxa bilərik”.

Hərbi əməliyyatların bərpasına çağıran Kornin İranın Barak Obama administrasiyası dövründə imzalanmış nüvə sazişinə əməl etmədiyini xatırladıb və əlavə edib: “Etibar edə bilmədiyiniz, öhdəliklərini yerinə yetirməyən biri ilə necə danışıqlar apara bilərsiniz?”

Arzuman Loğmanoğlu,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti