25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Həsrət Rüstəmov: "Mitinqlərdə iştirak etmək hər bir Azərbaycan vətəndaşının hüququdur”
"Müstəqil şirkətlərin öz abonentlərini Konstitusiyaya zidd olaraq polisin, hökumətin əlinə verməsi biabırçı haldır”
Bəzi müxalif partiyaların 19 yanvar mitinqindən bir neçə gün keçsə də, bu gün də aksiyada iştirak edən ayrı-ayrı şəxslərin polislər, hətta yerli icra hakimiyyətlərinin nümayəndələri tərəfindən dindirilməsi sosial şəbəkələrdə müzakirə olunur. Bu müzakirələrdə diqqəti çəkən məsələlərdən biri Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun paylaşımıdır. Həmin statusu olduğu kimi təqdim edirik:
"Sosial şəbəkələrdə 19 yanvar mitinqinin iştirakçıları ilə polislər, yerli icra hakimiyyətlərinin, hətta Mənzil İstismar İdarələrinin nümayəndələri arasında danışıqlar yayılır. Onları dinlədikcə düşüncələrimi sizinlə bölüşmək qərarına gəldim. Çünki, hesab edirəm ki, mobil telefon operatorlarının hakimiyyətlə əlbir və qanunsuz fəaliyyəti ictimaiyyət tərəfindən qınanmalıdır. İddia etmirəm ki, danışqıları onlar yayıb, əksinə şübhəm yoxdur ki, mitinq iştirakçılarının müəyyənləşməsinə onlar kömək edib. 20 mindən artıq iştirakçının kordinatlarının aşkarlanması başqa cür mümkün deyil. Belə ki, mobil telefon operatorları onun xidmətindən istifadə edən hər kəsin hərəkət trayektoriyasını izləyə və dislokasiyasını müəyyənləşdirə bilir. Odur ki, onlar mitinq günü həmin saatlarda "Məhsul” stadionunda olanların telefon nömrələrini qeydə alır və sonradan da nömrə sahiblərinin ad və soyadlarını qeydiyyatda düşdüyü ünvanla birlikdə müvafiq orqanlara çatdırırlar. Bu fəaliyyət həmin şirkətlərin birmənalı şəkildə müştərisi olan vətəndaş əleyhinə siyasətə qoşulmasıdır və eyni zamanda fərdi informasiyaların məhkəmə qərarı olmadan paylaşması ilə qanunları pozmasıdır. Hakimiyyətin qanunsuz əməllərinə şərik olan belə şirkətlər ilk növbədə mitinq təşkilatçıları tərəfindən məhkəməyə verilməlidir”.
Q. İbadoğlu hesab edir ki, mobil operatorları məhkəməyə verməzdən öncə, informasiya hüququ ilə məşğul olan müstəqil hüquqşünaslar (Ələsgər Məmmədli, Xalid Bağırov, Farhad Mehdiyev, Xalid Ağalı və digərləri) bu məsələyə hüquqi rəyini açıqlamaldırlar: "Bu əməl ictimaiyyət tərəfindən qınanmalı, ağıllı telefonlardan istifadə edən istehlakçılar onların xidmətlərindən istifadəni müxtəlif vasitələrlə (Facebook, WhatsApp, Signal, Face Time və digər vasitələrlə danışıqlara üstünlük verlməklə) məhdudlaşdırılmaldır”. ADR sədri bır neçə təklif də edib:
1. bununla bağlı Azərbaycanda fəaliyyət göstərən mobil operatorların xaricdəki investorlarına da müraciət edilsin.
2. Bu məsələyə dair müstəqil hüquqşünasların rəyi toplansın.
3. Milli Şuranın təşkilatçılığı, polis təzyiqlərinə məruz qalmış yüzlərlə mitinq iştirakçılarının imzası ilə məhkəməyə müraciət edilsin.
4. Kütləvi informasiya vasitələrində alternativ vasitələrdən (Facebook, WhatsApp, Signal, Face Time və s.) istifadəyə dair izahat işləri aparılsın.
5. Sosial şəbəkələrdə mobil telefon şirkətlərinin boykot kampaniyasına start verilsin.
"Bu, həm qanunsuzdur, həm də xüsusi mülkiyyətin qaydalarına ziddir”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov da "Hürriyyət”ə dedi ki, demokratlar əvvəllər də bu hallarla rastlaşıb: "Düzü, indi konkret bir situasiya ilə rastlaşmamışam. Yəni bizim əlimizdə elə bir fakt yoxdur ki, üzvlərimizdən buna görə kimisə çağırsınlar. Çünki bizim çoxsaylı üzvlərimiz mitinqdə iştirak etməyib. Bəlkə də ona görə bizə rast gəlməyib. Amma belə bir fakt haqqında eşitmişəm və inanıram ki, belə bir şey mümkündür. Çünki əvvəllər biz aksiya keçirən dövrdə də belə hallara rast gəlmişik. Faktın özü biabırçı bir haldır. Yəni özünün adını müstəqil şirkət qoymuş, öz abonentlərinin sirrini başqasına verməmək öhdəliyi götürmüş bir şirkətin öz abonentlərini belə qanunsuz, Konstitusiyaya zidd olaraq polisin, hökumətin əlinə verməsi cox biabırçı bir haldır və ciddi araşdırılmalıdır. Bu, həm qanunsuzdur, həm də xüsusi mülkiyyətin qaydalarına ziddir. Ona görə, elə hesab edirəm ki, bu cür hallar rəsmən cəzalandırılmalıdır”.
"Öz abonentlərini pis vəziyyətə qoyan şirkət hökumətin sifarişi ilə interneti də məhdudlaşdıra bilərdi”
"Mitinq iştirakçıları həmin vaxt meydanda internetin zəif olmasından da gileylənirlər. Mobil şirkətlər mitinqin daha az yayılmasının qarşısını almaq üçün internetin sürətini bilərkdən zəif edə bilərdilərmi” sualına H. Rüstəmov belə cavab verdi: "Əgər mobil operatorlar belə bir addım atırlarsa, niyə də internetin sürətini zəiflətməsinlər ki. Hər halda bu da araşdırılacaq bir mövzudur. Amma bunu bəhanə edə bilərlər ki, çox adam toplaşıb, internetin də zəifləməsi onunla əlaqədardır. Hərçənd bu ağılabatan bir versiyadır. Amma güman edirəm ki, siz dediyiniz daha doğru variantdır ki, öz abonentlərini pis vəziyyətə qoyan şirkət hökumətin sifarişi ilə interneti də məhdudlaşdıra bilərdi. Nəzərə alsaq ki, bu şirkətlərin çoxu heç müstəqil deyil, onda vəziyyət tam aydın olur. Yəni Azərbaycanda vəziyyət elədir ki, müstəqil biznes ağılagələn bir şey deyil, şirkətlər məmurların, deputatların, nazirlərin özlərinə və onlara yaxın şəxslərə məxsusudur. O baxımdan, belə hesab edirəm ki, bu şirkətlərin özlərini qanunsuz, Konsitusiyaya zidd aparmasının arxasında hakimiyyətin maraqları durur”.
"Təəssüf ki, bizdə azad, müstəqil məhkəmə yoxdur”
H. Rüstəmov onu da vurğuladı ki, biznesin müstəqil olması haqqında həm qanunda, həm də Konstitusiyada olan müddəalarda məqsəd budur ki, biznes, o cümlədən rabitə ilə məşğul olan biznes sahələri hakumətə aid olan adamların əlində olmasın və bundan da siyasi maraqlar üçün istifadə edə bilməsinlər: "Bizneslə nazirin, deputatın məşğul olmasına qoyulan qadağanın mahiyyəti budur. Təbii ki, başqa məqsədlər də var. Yəni haqsız rəqabət olmasın, biznes maraqları naminə siyasi hakmiyyətdən istifadəyə cəhd olmasın, bir məqsəd də odur ki, siyasi hakimiyyəti həyata keçirəndə öz biznesindən bir alət kimi istifadə edə bilməsin. İndiki halda bundan istifadə ediblər. Ancaq bunun qarşısını almağın yeganə yolu məhkəmələrdir. Təəssüf ki, bizdə azad, müstəqil məhkəmə yoxdur. Çox güman ki, bu məsələni Azərbaycanda araşdırıb, başa çatdrımaq qeyri-mümkün olacaq. Müstəqil bir araşdırma qrupu yaradılmalıdır. Çox gərgin, çətin bir işdir. Bu qrupu kim yaradacaq, kim bu işlərlə məşğul olacaq, bu məsələ açıq qalır. Ya da ki, Azərbaycan məhkəmələrində bununla bağlı prosesi keçəndən sonra beynəlxalq məhkəmələrə qaldırmaq olar. Nisbətən perspektivli görünən budur. Ən başlıcası ilə bu məsələni detallı şəkildə araşdırıb, mətbuatda dərc etmək olar. Bununla o şirkətlərin reputassiyasını aşağı salmaq olar. Bundan sonra, artıq müştərilər qərar verməlidir ki, belə bir şirkətdə onlar abonent olmaq istəyəcək, yoxsa yox. Yəni kütləvi təbliğat apararaq onların biznes maraqlarına zərbə vurmaq olar ki, bu cür şirkətlər Azərbaycanda pul qazana bilməsinlər”.
19 yanvar mitinqi icazəli idisə...
Rüstəmovun fikrincə, mitinqdə iştirak edən ayrı-ayrı şəxslərin polislər, yerli icra hakimiyyətlərinin və Mənzil İstismar idarələrinin nümayəndələri tərəfindən dindirilməsi qanuna ziddir: "Özü də 19 yanvar mitinqi icazə verilmiş bir mitinq idi. O mitinqlərdə iştirak etmək hər bir Azərbaycan vətəndaşının hüququdur. Vətəndaşlar öz hüquqlarını müdafiə etmək üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər, onlara imkan verməməlidirlər”.
"Belə hallar Azərbaycana başucalığı gətirmir”
" Bilirsiniz ki, Bəhruz Məmmədov ADP-nin ağsaqqal üzvlərindən biridir, heç mitinqə getmədiyi halda mitinqə getmək bəhanəsi ilə iki sutka ac-sussuz polis bölməsində saxlayblar. Bundan sonra da məhkəmə ona 200 manat qanunsuz cərimə kəsib. Tamamilə biabırçı bir haldır. Belə hallar Azərbaycana başucalığı gətirmir, bizdə də gələcəyə qarşı pessimizim yaradır. Bunlara qarşı mübarizə aparmaq lazımdır”, - deyə ADP sədrinin müavini əlavə etdi.