8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) Kərkük üzrə səlahiyyətli komandiri Vesta Rəsul RUDAW kürd xəbər agentliyinin müxbirinə açıqlamasında İraq ordusuna qarşı müqavimət göstərməyə qüvvələri olmadığından şəhəri tərk etdiklərini açıqlayıb. "Dünən gecədən bəri Kərkükə qarşısında heç cür müqavimət göstərə bilməyəcəyimiz həcmdə hərbi qüvvə cəmləşdirildi. 350 tank və zirehli maşınla 4 birliyimizə hücum etdilər”-kürd komandir bildirib. Vesta Rəsul deyib ki, sərəncamlarında olan qüvvələrlə İraq ordusuna qarşı müqavimət göstərə bilmədiklərini mərkəzi komandanlığa çatdırıblar və mövqelərini tərk ediblər.
Kərkükdəki digər kürd komandiri isə bildirib ki, onlara İraq ordusu ilə atışmaya girməmək təlimatı verilib. Son xəbərlərə görə İraq ordusu Kərkükdə bir sıra hərbi düşərgələri, neft terminallarını, strateji əhəmiyyətli kommunikasiyaları tutub.
Kürdlərin Kərkükün cənub hissəsindən də geri çəkildiyi xəbər verilir. Yerli qaynaqlar peşmərgələrin İraq ordusu ilə anlaşma şəraitində şəhərin içərsindəki mövqelərə çəkildiyini bildirirlər. Digər məlumata görə Kərkükdən peşmərgələrin qəfl geri çəkilməsindən sonra Ərbildən şəhərə əlavə qüvvələr göndərilib. İraq ordusu isə hələlik Kərkükün mərkəzinə daxil olmasa da şəhər ətrafındakı bir sıra mövqeləri tutub.
Peşmərgə qüvvələrinin kapitan rütbəli komandiri RUDAW agentliyinin müxbirinə deyib ki, onlara İraq ordusu ilə açıq döyüşə girməmək əmri verilib, nəticədə mövqelərini tərk ediblər. "Döyüşdüyümüz mövqelərdən niyə geri çəkildiyimizi anlamıram. Xalqın bu əmri verən komandirdən hesab soruşması lazımdır”-o deyib. Bu vaxt agentliyin müxbiri canlı yayımda ağlamaqdan özünü saxlaya bilməyib.
Kürd kapitan bildirib ki, İraq ordusunun hücumuna qarşı güclü müqavimət göstəriblər, bir neçə zirehli texnikanı vurublar. "3 saatdan çox minomyot və "Şilka”larla atışdıq. Amma təəsüf ki, sonda geri çəkildik. Yuxarıdan bizə əmr gəldi. Xalqdan bunun hesabını soruşmağı istəyirik. Xalq peşmərgəyə geri çəkilmə əmrini kimin verdiyini soruşmalıdır”-o deyib.
Ərbildə isə "Peşmərgə Nazirliyinin” sözçüsü Helgurt Hikmet geri çəkilmə ilə bağlı əmr vermədiklərini deyib və məsələnin araşdırılacağını bildirib.
Türkiyənin "Anadolu” agentliyi isə xəbər verir ki, peşmərgələrin geri çəkilməsindən sonra Bərzani administrasiyası Kərkükə yüzlərlə PKK-çıdan ibarət əlavə dəstələr göndərib. PKK-çılar hazırda Kərkükün mərkəzi küçələrində barrikadalar quraraq İraq ordusuna qarşı müqavimət göstərməyə hazırlaşır. Türkiyə XİN bununla bağlı bəyanat verərək bildirib ki, İraq hökuməti ilə Kərkükdə PKK mövcudluğunu aradan qaldırmaq və suverenliyi bərpa etmək məsələsində hər cür əməkdaşlığa hazırdır.
Xatırladaq ki, Bərzani administrasiyası ilə mərkəzi Bağdad hökuməti arasında gərginlik kürdlərin müstəqillik referendumundan sonra artıb. İraq hökuməti bu referendumun nəticələrini tanımır və Bərzani administrasiyasından tələb edib ki, ölkənin Türkiyə və İranla sərhəddəki sərhəd-keçid məntəqələrinə, habelə neftlə zəngin Kərkük şəhərinə nəzarəti Bağdada təhvil versin. Kürdlər bu ultimatumu qəbul etməyib və cavab olaraq İraq ordusu Kərkükdə hərbi əməliyyata başlayıb.