8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Martın 16-da Avstriyanın paytaxtı Vyanada İran və "altılıq” ölkələrinin birgə komissiyasının iclası keçiriləcək. Bildirilir ki, iclasın müzakirə mövzusu açıqlanmır.
İranın nüvə proqramına dair birgə komissiyanın iclasları mütəmadi olaraq Vyanada keçirilir. Görüşlərdə İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının yerinə yetirilməsi müzakirə olunur.
Xatırladaq ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayının 14-də İran və "altılıq ölkələri”; - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. Sənəd iyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, 15 il ərzində İranın uran ehtiyatları 98 faiz azaldılaraq ümumi çəkisi 10 000 kiloqramdan 300 kiloqrama endiriləcək. 15 il ərzində İran uranın zənginləşdirilməsini 3,67 faiz həddə, yəni mülki və tədqiqat məqsədləri üçün kifayət edəcək səviyyədə saxlayacaq və bu müddət ərzində İran heç bir yeni uran zənginləşdirmə obyekti tikməyəcək. Qarşılığında isə İrana qarşı sanksiyalar tədricən ləğv ediləcək.
2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
"Avropa ölkələri iqtisadi nəhəng olsalar da, siyasi cırtdandırlar”
İran və "altılıq” ölkələrinin martın 16-da Vyanada keçiriləcək görüşü ilə bağlı politoloq Zərdüşt Əlizadə Hurriyyet.org-a dedi ki, görüşdə razılaşmanın təftiş edilməsi, İrana qarşı hansısa tədirlərin sərtləşdirilməsi və yenə nəzarətin sərtləşdirilməsi, hətta müqaviləni tam ləğvi müzakirə oluna bilər: "Müqavilənin ləğvi istiqamətində ən çox çalışan Donald Tramp administrasiyasıdır. Avropa ölkələri İranla nüvə razılaşmasını dəyərli bir beynəlxalq sənəd edirlər. Nə onu təftiş etmək istəyirlər, nə də ləğv etmək istəyirlər. Amma Avropa ölkələri iqtisadi nəhəng olsalar da, siyasi cırtdandırlar. Yəni onlar Amerikanın cibindədirlər. Amerika onlara nə əmr etsə, onlar da məcburdurlar onu icra etsinlər. Çox az halda onlar hansısa bir fərqli, müstəqil siyasət yürütməyə qadirdirlər. Orada başqa ölkələr də var ki, öz sözlərini deyə bilərlər. Mən düşünürəm ki, o ölkələr öz sözlərini deyəcəklər və hər şey yalnız Qərbdən asılı deyil. Mən Rusiyanı, Çini nəzərdə tuturam. Nə Rusiya, nə də Çin kor-koranə Amerikanın dediyini təkrar etmir”.
"Alçaldıcı nəzarətə İran razı olmayacaq”
Əlizadə yada saldı ki, iki ay əvvəl İranın xarici işlər naziri Cavad Zərif Avropa Birliyinin məhz bu müqavilədə iştirak edən xarici işlər nazirləri ilə görüşüb və onlar İranın mövqeyindən razılığını bildiriblər: ”Onlar deyiblər ki, İran öz öhdəliklərinə sadiqdir. İndi iki ay əvvəl bunu deyiblərsə, indi də durub üzə dursalar ki, İran razılaşmanı pozur, bu, özlərinə hörmətsizlik olar, alçaqlıq gətirər. Ona görə, mən düşünürəm ki, Amerika üçün böyük problemlər var ki, onlar bu müqaviləni ləğv etsinlər və ya məcbur etsinlər ki, İran Qərbin alçaldıcı nəzarətinə razılaşsın. İran onun suveren hüququnu pozmayan hər hansı bir beynəlxalq nəzarətə razıdır. MAQATE (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) tərəfindən gəlsinlər, yoxlasınlar, heç bir etriraz etmir. Amma onun suveren hüquqlarını məhdudlaşdıran hər hansı bir alçaldıcı nəzarətə İran razı olmayacaq. Ağayi Ruhani demişdi ki, onlar bu müqavilədən çıxarlasa, özləri peşman olacaqlar. Belə olan halda, İran nüvə proqramına qayıdacaq, hətta elan edə bilər ki, hərbi aspektə də diqqət yetirəcək. Bundan əvvəl, həmişə İran deyirdi ki, atom silahına malik olmaq istəyi dini əxlaqa ziddir, yəni kütləvi insan qırğını silahı İslam dəyərləri ilə fərqlidir. Amma Qərb həyasızcasına desə ki, sən tabe olmalısan, diz çökməlisən, mən deyəni etməlisən, onda Şimali Koreyanın nümunəsindən ibrət götürüb, öz nüvə proqramını həyata keçirməyə başlaya bilər. Yəni Qərb özü çox məntiqsiz və həyasız bir mövqe tutur. Qərb deyəndə ilk növbədə, ABŞ, İsrail nəzərdə tutulur”.
"Amerika ilə danışıq aparmağın əhəmiyyəti yoxdur”
"Tramp bu müqavilənin pozulmasına çox can atır. Amma bunu təkbaşına etməyə çəkinir. Çünki bütün dünyaya qarşı Amerikanı qoyublar. Amerika onsuz da bir çox beynəlxlaq müqavilələri batil edib. Uzun müddət Barak Obama administrasiyasının fəal iştirak etdiyi və böyük çətinliklərlə əldə edilmiş Sakit Okean iqtisadi razılaşmasını ləğv etdi. Sonra Atlantik Okean iqtisadi razılaşmasının, yəni Avropa İttifaqı və Şimali Amerika ölkələri arasında imzalanan razılaşmanın Tramp üstündən asanlıqla xətt çəkdi. İndi də İranla müqaviləni batil etmək istəyir. Bu, onu göstərir ki, Amerika elə bir dövlətdir ki, onunla danışıq aparmağın heç bir əhəmiyyəti yoxdur. Çünki istənilən anda o razılaşmanı pozacaq. Rusiya ilə neçə raket razılaşmasını pozub. Amerika elə bir ölkə deyil ki, ona etimad etmək olar, onunla danışmağın heç mənası yoxdur. Odur ki, hamı silahlansın, hamı müharibəyə hazılaşsın, onun mövqeyindən belə çıxır. Tramp özünü çox ötkəm aparır və benəlxlaq hüquqa hörmət etmir”, - deyə politoloq vurğuladı.
Şamo EMİN, Hurriyyet.org