“Fövqəlnazir” yeni hökumətdə yer almaya bilər - Kəmaləddin Heydərov artıq hakimiyyət daxilində "əvəzedilməz şəxs" statusunu itirib

“Fövqəlnazir” yeni hökumətdə yer almaya bilər - Kəmaləddin Heydərov artıq hakimiyyət daxilində "əvəzedilməz şəxs" statusunu itirib

 

Sərdar Cəlaloğlu hakimiyyətdəki Rusiyameylli qüvvələrin planlarını alt-üst etdi

Düz bir həftə bundan əvvəl Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Bu, ölkədə baş verən ən mühüm siyasi hadisə olduğundan həm seçkilərdən öncə, həm də sonra məsələ ilə bağlı müxtəlifsəpkili fikirlər səsləndirilib. Məsələn, bir sıra politoloqlar, o cümlədən siyasilər iddia edirdilər ki, növbədənkənar prezident seçkiləri ərəfəsində hökumət Qərbin, əsasən də ABŞ-ın ciddi təqzyiqləri ilə üzləşə bilər. Digər qisim isə bu qənaətdə idi ki, Kreml baş verə biləcək bütün təzyiqlərin qarşısını almaq məqsədiylə əlindən gələni edəcək. Seçkinin nəticələrinə diqqət yetirdikdə prosesin məhz bu cür, yəni Moskvanın maraqlarına cavab verəcək tərzdə yekunlaşdığını görmək mümkündür.

Belə ki, Mərkəzi Seçki Komissiyası (MSK) 11 aprel prezident seçkilərinin yekun nəticəsini açıqlayarkən namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən İlham Əliyevin 86.03 faiz, öz təşəbbüsü ilə namizədliyi irəli sürülən Zahid Orucun 3.11 faiz, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun 3.03 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin 3.02 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin 1.52 faiz, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin 1.38 faiz, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin 1.17 faiz və "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin isə 0.74 faiz səs qazandığı məlum olur. Təbii ki, İlham Əliyevin bu dəfə də prezident seçiləcəyinə dair heç kimdə zərrə qədər də olsun şübhə yox idi. Çünki hakimiyyət seçkidə qələbəsini təmin etmək məqsədiylə bütün zəruri tədbirləri görmüş, əlində olan resurslardan yetərincə istifadə etmişdi. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, müxalifət düşərgəsində seçki ilə bağlı yaşanan fikir ayrılığı, o cümlədən boykot tərəfdarı olan AXCP və Müsavatın seçkiyə qatılan real müxalifəti - ADP sədri Sərdar Cəlaloğlunu dəstəkləməməsi hakimiyyətin qələbəyə olan inamını xeyli atrırmışdı. Halbuki ümumi müxalifət düşərgəsi ortaq məxrəcə gəlib Sərdar Cəlaloğlunun namizədliyini dəstəkləsəydi, o zaman seçkinin nəticəsi indikindən xeyli fərqli ola bilərdi. Lakin bu, baş vermədi. Niyə? Çünki daim demokratiyadan, inhisarçılıqdan dəm vuran AXCP və Müsavat müxalifətçiliyi belə, monopoliyaya almaq iddiasındadır. Məhz elə bu səbəbdən də onlar özlərindən başqa hər hansı bir qüvvənin, siyasi təşkilatın müxalifətçiliyinə şübhə ilə yanaşır, cəmiyyəti də bu istiqamətdə kökləməyə çalışırlar. Söz yox ki, bu da sonda ümumi müxalifət düşərgəsinin məğlubiyyətinə, hakimiyyətin isə növbəti dəfə qələbəsini təmin etməyə münbit şərait yaradır.

Prezident seçkiləri ilə bağlı digər maraqlı məqam isə Moskvaya xüsusi simpatiya bəsləyən namizədlərin, daha doğrusu onlara istiqamət verən, irəliləmələrində yardımçı olan qüvvələrin 2-ci və ya 3-cü yer uğrunda mübarizə aparması idi. Bu, onların təbliğat-təşviqat dövründə kütləvi informasiya vasitələrindəki çıxışlarından, İctimai televiziyada təşkil olunan debatlardan açıq şəkildə hiss olunurdu. Məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən, Rusiyameylli qüvvələrin ölkəmizdəki "danışan dili” kimi xarakterizə olunan BAXCP sədri Qüdrət Həsənquliyev debatlarda birmənalı şəkildə qonşu və qardaş Türkiyənin əleyhinə ifadələr işlədib, prezident seçiləcəyi təqdirdə Azərbaycanın Qərblə deyil, məhz Kremllə daha sıx əməkdaşlığına çalışacağını bəyan edib. Təxminən, eyni sözləri deputat Zahid Orucla da bağlı demək olar. Düzdür, o, təbliğat dövründə Qüdrət Həsənquliyevdən fərqli olaraq Türkiyə əleyhinə, Rusiyanın isə leyhinə açıq şəkildə hər hansı fikir səsləndirməsə də, Zahid Orucun məhz hakimiyyətdəki Rusiyapərəst qüvvələrin kadrı olduğu artıq çoxlarına bəllidir. Əgər bununla bağlı kiminsə şübhəsi varsa, o zaman google axtarış sistemində Qüdrət Həsənquliyev və Zahid Orucun Rusiya ilə bağlı açıqlamalarına nəzər yetirməyi məsləhət görürük. O zaman əmin olacaqsınız ki, adıçəkilən şəxslər ən xırda məsələdə belə, Kremlin mövqeyini müdafiə edir, Rusiyanın maraqlarını qoruyan açıqlamalarla çıxış edirlər. Böyüh ehtimalla, elə buna görə də seçkinin rəsmi nəticələrinə görə, Zahid Oruc 2-ci, Qüdrət Həsənquliyev isə 4-cü yerdə qərarlaşıb.

Yeri gəlmişkən, bir məqamı da diqqətinizə çatdıraq ki, seçki günü gecə saatlarında verilən məlumatda seçki kampaniyası ərzində açıq şəkildə Rusiyayönlü siyasətin tərəfdarı kimi çıxış edən Qüdrət Həsənquliyevin 2-ci yerdə qərarlaşdığı deyilirdi. Seçkinin səhəri günü isə BAXCP sədri 2 pillə gerilədi. Lakin bu, heç də Rusiyameylli qüvvələrin mövqeyinin zəifləməsi anlamına gəlməməlidir. Çünki Kremlin maraqlarını qoruyan Zahid Oruc seçkinin rəsmi nəticələrinə görə, 2-ci yerə "layiq" görülüb. Təbii ki, burada Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun "xidmət"lərini danmaq insafsızlıq olardı. Çünki bu və ya digər şəkildə seçkiyə dair son nəticələr məhz onun əlinin altından keçdikdən sonra elan edilir. Buradan da belə qənaətə gəlmək olar ki, Məzahir Pənahova "tapşırıq" verən qüvvələr ilk öncə, açıq-aşkar Rusiyanın maraqlarına hesablanmış çıxışlar edən, debatlarda ona ayrılan vaxtın bir hissəsini "missiyası"nın icrasına xərcləyən Qüdrət Həsənquliyevə 2-ci yeri verməklə Kremlə ismarış göndərməyi, nəyin bahasına olursa-olsun Azərbaycanda Moskvanın maraqlarına xələl gəlməyəcəyinə dair vəd verməyi planlaşdırıblar. Lakin həm ölkə daxilində, həm də xaricdəki heç bir qrupun, qüvvənin namizədi olmayan, çıxışlarında daim vətəndaşların sosial problemlərini qabardan, onların həll yollarını göstərən, iqtidarı Azərbaycanın milli maraqları naminə qardaş Türkiyə ilə daha sıx əməkdaşlıq etməyə çağıran, bir sözlə, hakimiyyətə gəlmək istəyini bir kənara qoyub xalqın mənfəətini düşünərək, bu istiqamətdə çıxış edən ADP sədri Sərdar Cəlaloğlunun Türk konfederasiyası yaradılması təklifini irəli sürməsi və bunun əhali tərəfindən müsbət qarşılanması Rusiyameylli qüvvələrin planlarını alt-üst etdi. Elə buna görə də hakimiyyətdəki Rusiyapərəst qüvvələr fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamı kimi tanınan Qüdrət Həsənquliyevi 4-cü yerə layiq gördülər. Əslində, bunu həm də fövqəladə hallar nazirinə yönəlik bir ismarıc kimi də qəbul etmək olar. Görünən odur ki, Kəmaləddin Heydərov artıq hakimiyyət daxilində "əvəzedilməz şəxs" statusunu itirib. Bu səbəbdən də onun tezliklə reallaşacaq kadr islahatları nəticəsində tutduğu postdan kənarlaşdırılacağı ilə bağlı məlumatlar dolaşır.

Belə ki, iddialara görə, qısa müddət ərzində Konstitusiyaya uyğun olaraq yeni hökumətin tərkibi formalaşdırılacaq və Kəmaləddin Heydərov həmin tərkibdə yer almayacaq. Bu barədə yayılan informasiyalarda o da qeyd olunur ki, artıq indidən fövqəladə hallar nazirinin "vurulması" istiqamətində zəruri tədbirlər görülür və bununla bağlı bütün işlər yekunlaşdıqdan sonra Kəmaləddin Heydərovun yola salınması rəsmiləşdiriləcək.

"Hürriyyət"in Araşdırma Qrupu



Oxşar Xəbərlər

Xəbər lenti