8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev: "Rəhmətlik akademikimizdən sonra həmin vəzifəyə kimsə təyin olunmalıdır...”
"Bu, irəlicədən təşkil olunan bir kampaniyadır. Keçirilən islahatlar çərçivəsində kimlər vəzifə ala bilərsə, onlar haqda yazı yazdırırlar…”
Bu günlərdə bir qrup vətəndaş "Hürriyyət”in redaksiyasına müraciət edərək Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindəki özbaşınalıq və rüşvətxorluqla bağlı öz narazılıqlarını bildirmişdi. Biz də həmin şikayətlər əsasında "Səhiyyə sistemində rüşvət olmadığını deyən OQTAY ŞİRƏLİYEVİN MENYÜSÜNƏ” başlıqlı məqalə çap etmişdik. Məsələ ilə bağlı elmi-tədqiqat institutunun baş həkimi professor Yusif Əliyevin, eləcə də Səhiyyə Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz boşa çıxdığından məqaləni çapa verdik. Yazı dərc olunduqdan sonra vətəndaşların şikayətinə münasibətlərini öyrənmək ümidi ilə yenidən həm nazirliklə, həm də xəstəxana ilə əlaqə saxladıq. Nazirlikdən hələ cavab ala bilməmişik. Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi ilə isə, nəhayət, danışa bildik. Onunla söhbətimizi olduğu kimi oxucularımıza təqdim edirik:
(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/quotdesm_ki_he_kim_he_ksdn_pul_almir_yalan_olarquot)
- Sizcə, nədi məqsədimiz? Sizi tutduğunuz vəzifədən uzaqlaşdır maqmı istəyirik, fikrinizcə?
- Xeyr, belə düşünmürəm. Respublikadakı pasient kontingentinin böyük bir hissəsi məni tanıyır. Mən işini bilən, peşəkar həkim kimi tanınıram. Bu gün burada baş həkiməm, sabah gedib başqa bir yerdə həkim kimi işləyə bilərəm, professorluğumu edərəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, respublikada sayılıb-seçilən mütəxəssislərdən biriyəm. Mən vəzifə adamı deyiləm.
- Lap yaxşı. Elə isə məqsəd nədədir, sizcə?
- Rəhmətlik akademikimizdən sonra həmin vəzifəyə kimsə təyin olunmalıdır. Bu, irəlicədən təşkil olunan bir kampaniyadır. Keçirilən islahatlar çərçivəsində kimlər vəzifə ala bilərsə, onlar haqda yazı yazdırırlar, siz də buna getmisinizsə, afərin sizə.
- Demək düşünürsünüz ki, kimisə "vurmaq” üçün xəstəxananızla bağlı araşdırma aparırıq? Yanılırsınız. Bizi ağlımıza belə gəlməyən bir şeydə suçlayırsınız. Artıq qeyd etdiyim kimi, biz sadəcə öz vəzifə borcumuzu yerinə yetiririk, heç bir qərəzimiz yoxdur, heç kəsin sifarişini də yerinə yetirmirik. Biz öz peşəmizə hörmətlə yanaşırıq və heç vaxt jurnalist adımıza xəyanət etmərik.
- Siz məni fikrimdən daşındıra bilməzsiniz. Mən fikrimi dedim.
- Elə isə son sualımıza da cavab verin və sizinlə sağollaşaq. Xəstəxananızda işləyən rentgenoloq Sultan Manafovun yaşı 80-ni haqlayıb. Maraqlıdır, nədən qocaman professor bu günə qədər təqaüddə deyil?
- Əliyev Yusif Qəmət oğlunun, yəni mənim, heç bir icazəsi və səlahiyyəti yoxdur ki, elmi şuranın təyin etdiyi əməkdaşı işdən azad etsin. Sultan Manafov çalışdığı şöbənin elmi rəhbəridir, professordur. Siz deyəsən başqa xəstəxanalarla elmi-tədqiqat institutunu qarışdırırsınız. Elmi-tədqiqat institutunda baş həkim birinci şəxs deyil. Baş həkim əmr verib, əmr imzalamır. Bizim strukturda kadrlar baş həkimin tabeçiliyində deyil. Emi-tədqiqat institutlarında əsas adam direktordur. Biz direktorun müavinləri sayılırıq. Dediyim odur ki, hər kəsin öz səlahiyyəti var. Mənim səlahiyyətim ancaq şöbə müdirlərini işdən azad etməyə çatır, amma heç onları da vəzifəsinə mən təyin etmirəm, onları da elmi şura təyin edir, elmi şura da çıxarır.
Başqa sualınız var?
- Xeyr, Professor. Təşəkkür edirik.
- Sağ olun.
***
Əlbəttə, hörmətli professorun peşəkarlığına, təcrübəsinə heç bir şübhəmiz yoxdur, amma fakt faktlığında qalır. Onun başçılıq etdiyi səhiyyə ocağında baş verən özbaşınalıq, rüşvətxorluq göz önündədir.
Bizi qərəzli mövqedə, sifarişli yazı yazmaqda suçlayan professorun nəzərinə çatdırmaq istəyirik ki, biz jurnalst olmaqla yanaşı, həm də bu ölkənin vətəndaşlarıyıq. Biz də xəstələnirik, xəstəxanalarda müayinə, müalicə olunuruq və milli səhiyyəmizdə baş verən bütün neqativ halları öz gözlərimizlə görüb qiymətləndiririk. Amma obyektivlik xatirinə öz müşahidələrimizi dilə gətirmirik, çünki jurnalist etikası buna yol vermir. Jurnalist neytral mövqedə olmalıdır, biz də məhz belə edirik.
Bir daha qeyd etmək istəyirik ki, biz sadəcə öz vəzifə borcumuzu yerinə yetiririk və bizə müraciət edən vətəndaşların şikayətlərini ictimailəşdiririk.
Professor israrla hansısa kampaniyadan, mərhum akademikin boş qalan vəzifəsindən danışır. Onun sözlərindən belə anladıq ki, həmin vəzifəyə namizədlərdən biri də odur və düşünür ki, onun bu vəzifəyə təyinini əngəlləmək üçün bir kampaniya qurulub, biz də bu prosesin icraçılarıyıq. Doğrusu, bu iddia bizi çox təəccübləndirdi, tam səmimi etiraf edirik ki, nə haqqında danışılan mərhum akademikin kimliyi, nə də ondan sonra boş qalan vəzifə haqda heç bir məlumatımız yoxdur.
Yusif Əliyev respublikada sayılıb-seçilən həkimlərdən olduğunu, vəzifə hərisliyindən əziyyət çəkmədiyini dilə gətirsə də, əslində bu ittihamı ilə özünün əksinə getdi.
Ümumiyyətlə, professorun söhbətində sual doğuran məqamlar az deyil.
Belə ki, o, aprelin 26-da konqresdə olduğunu qeyd etsə də, elə həmin gün zəngimizə cavab verən köməkçisi baş həkimin sadəcə yuxarı çıxdığını bildirmişdi. İkinci söhbətimizdə isə elə həmin köməkçi onun əməliyyatdan gec çıxdığını, iş vaxtının artıq sona çatdığı üçün bizimlə əlaqə saxlaya bilmədiyini dedi. Maraqlıdır, baş həkimin köməkçisi (yaxud katibəsi) ilə baş həkimin sözləri nədən üst-üstə düşmür?
Bundan əlavə, professor əvvəlcə xəstəxanada bütün xidmətlərin ödənişsiz olduğunu söyləsə də, sonra etiraf etdi ki, 700 nəfərlik personalı izləyə bilməz. Bu səbəbdən də "desəm ki, heç kəs pul almır, yalan olar” - vurğuladı. Bütün məsuliyyəti də müavini olduğu direktorun üzərinə qoydu. Belə olan tərzdə, bəs baş həkimin vəzifəsi nədən ibarətdir? Onun gözünün qarşısında vətəndaşları soyurlar, o isə buna göz yumur. Nə üçün? Bunun yalnız iki səbəbi ola bilər: ya baş həkim rüşvətxorlarla əlbirdir, bunu isə o, qətiyyətlə təkzib edir, ya da öz vəzifə borcunu yerinə yetirə bilmir. Hər iki halda məsuliyyət onun üzərindədir.
Hörmətli professorun diqqətinə onu da çatdırırıq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci Maddəsinə görə, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya almasına görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Professor kifayət qədər həyat və iş təcrübəsi olduğunu və bu dünyanın işlərindən hali olduğunu vurğulayır. Bizi xəstəxanalarla elmi-tədqiqat institutlarındakı iş strukturundan xəbərsiz olmaqda suçlayır. Ona sual etmək istərdik. Əgər siz elmi-tədqiqat institutunun rəhbərisinizsə, bəs nədən həmin institutda insanlar müayinə və müalicə olunur, axı elmi-tədqiqat institutlarının vəzifəsi elmi tədqiqatlar aparıb, elmi kəşflər etməkdir. Əgər bir səhiyyə ocağında insanlar stasionar qaydada müalicə olunursa, həmin müəssisəni xəstəxana adlandırmaq haqqımız yoxdur?
Bir də çox maraqlıdır, əgər baş həkim heç kəsdən pul almırsa, bəs gün ərzində xəstələrdən alınan pullar (ötən yazımızda qeyd etdiyimiz gündəlik gəlir əslində real məbləğin heç yarısı da deyil, amma bu məbləğ belə baş həkimin hiddətinə səbəb oldu) kimin cibinə gedir? Axı həkimlər kiməsə haqq ödəməsə, belə arxayınlıqla xəstələri soya bilməzlər.
Gələk vətəndaşın çəkdiyi video yazının üzərinə. Hörmətli professor deyir ki, hər səhər xəstəxana qarşısında yaranan nizamsızlıq institutda keçirilən "çaparaq”la bağlıdır. Bütün həkim heyəti çaparaqda olduğundan xəstələr içəri buraxılmır. Xəstələr isə içəri daxil olmaq istəyir, bu da qələbəliyə və səs-küyə səbəb olur və qeyd etdi ki, bunun qarşısını almaq mümkün deyil.
Sizcə, baş həkimin söylədiyində məntiq var? Özünüz düşünün, əgər xəstəxananın qapısında yazılsa ki, qəbul səhər saat 11-dən sonra başlayır, insanlar sübh tezdən ora toplaşar? Ya bir gün əvvəldən növbə tutulsa, vətəndaşlara nömrələr verilsə, o cür nizamsızlıq yaranar? Bir də, əgər heç kəs içəri buraxılmırsa və bu dəyişməz qanundursa, nədən insanlar xəstəxanaya daxil olmağa can atır? Ona görə ki, qapıda duranlar onlara "hörmət” edənləri içəri buraxır, bu da xəstəxanaya gələn vətəndaşların haqlı narazılığına səbəb olur. Nədənsə xəstəxana müdriyyəti buna da göz yumur.
Qocaman rentgenoloq professora gəldikdə isə, təqaüd yaşını çoxdan keçmiş bu insanın nədən fəxri istirahətdə olmaq əvəzinə, hələ də xəstəxanada "külüng döyməsi” bizimçün müəmmalı qaldı. Yəni, həqiqətən belə əvəzolunmaz mütəxəssisdir?
Baş həkimin kadrlarla bağlı söylədiklərində də müəyyən təzadlı məqamlar var. Belə ki, əvvəlcə səlahiyyətinin yalnız şöbə müdirlərini işdən çıxarmağa çatdığını desə də, bunun ardınca, "amma heç onları da vəzifəyə mən təyin etmirəm, onıları da elmi şura təyin edir, elmi şura da çıxarır”, - deyə bildirdi.
Sonda bir daha qeyd etmək istərdik ki, yazdıqlarımızda heç bir qərəz yoxdur, vətəndaşların şikayətlərini ictimailəşdirmək bizim vəzifə borcumuzdur.
Heç kəs üçün sirr deyil ki, xoşagəlməz hallar təkcə Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş vermir. Təəssüf ki, ölkəmizdəki dövlət xəstəxanalarının əksəriyyətində vəziyyət heç də ürəkaçan deyil. Vətəndaşların şikayətlərini ictimailəşdirməkdə məqsədimiz Səhiyyə Nazirliyinin, eləcə də ölkə rəhbərliyinin diqqətini səhiyyəmizin yarıtmaz fəaliyyətinə çəkmək və nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsinə nail olmaqdır.
Banu OĞUZ, Hurriyyet.org