8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gömrük rəsmiləşdirmələrində isə "Bir pəncərə” prinsipi pozulur
Nazirlər Kabinetinin yeni tərkibi formalşdırılarkən Dövlət Gömrük Komitəsinin sədri dəyişdirildi. 12 ildən artıq bir müddət ərzində - 2006-cı ilin fevralından 2018-ci ilin aprelinədək Dövlət Gömrük Komitəsinə rəhbərlik edən Aydın Əliyev vəzifədən azad edildi. Onun yerinə isə 2006-cı ilin fevralından 2018-ci ilin aprelinədək - Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini işləmiş Səfər Mehdiyev təyin edildi. Səfər Mehdiyevin son 12 il ərzində Komitə sədrinin birinci müavini işləməsi, bundan da əvvəl iki il ərzində Komitə sədrinin müavini olması faktını nəzərə alanda yeni sədrinin gömrük məmurları, xüsusilə də yüksək vəzifəli gömrük məmurları üçün doğma şəxs olması təəssüratını yaradır.
Əslində, vəziyyət belə idi. Dövlət Gömrük Komitəsinin kabinetlərində baş verənlərdən və dəhlizlərində gəzən söz-söhbətlərdən məlumatlı şəxslər bilir ki, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov Səfər Mehdiyev birinci müavin olduğu müddətdə ona müraciətdə həmişə sədr ifadəsindən istifadə edib. Halbuki, həmin dövrdə Komitənin sədri Aydın Əliyev idi. Səfər Mehdiyevin xeyr-şər məclislərinə bir qayda olaraq Vüsal Novruzovun müşaiyyəti ilə getməsi haqqında da söz-söhbətlər vardı. Məlumatlı mənbənin məlumatına görə, əksər vaxtlarda Vüsal Novruzov Səfər Mehdiyevin xidməti avtomobilinin arxa oturacağında yanaşı əyləşirlərmiş. Ön oturacaqda isə çox zaman Komitə sədr müavini Rza Həsənəliyev imiş. O zaman belə söz-söhbətlər yayılmışdı ki, Səfər Mehdiyev Komitə sədri olacağı tərzdə Vüsal Novruzov birinci postuna gətiriləcək. 11 aprel növbədənkənar prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibi yenidən formalaşdırılarkən Səfər Mehdiyev Dövlət Gömrük Komsənin sədri təyin olunsa da, Vüsal Novruzov birinci müavin ola bilmədi. Üstəlik, Vüsal Novruzov 2006-cı ildən rəhbərlik etdiyi Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini də itirdi. Çox maraqlıdır ki, bu hadisə məhz Səfər Mehdiyevin əmri ilə reallaşdı. Məlumatlı mənbə bildirir ki, Səfər Mehdiyevin həyata keçirdiyi kadr dəyişiklikləri gömrük orqanlarının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrlarının təmizlənməsi prosesi çərçivəsində baş verir. Vüsal Novruzov da məhz buna görə vəzifəsini itirib. Gömrük orqanlarında baş verən prosesləri yaxından izləyənləri ən çox təəccübləndirən isə İsmayıl Hüseynovun ildırımsürətli karyera yüksəlişidir. Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə gətirilən İsmayıl Hüseynov çox qısa müddət sonra Komitə sədrinin birinci müavini təyin edildi. Məlumatlı mənbənin verdiyi bilgiyə görə, bu təyinatdan sonra əksər gömrükçülər Səfər Mehdiyevə müvvəqəti sədr kimi, İsmayıl Hüseynova isə tezliklə Komitəyə rəhbərlik edəcək şəxs kimi baxırlar. Bununla da Dövlət Gömrük Komitəsində iki hakimiyyətlik yaranıb.
Dövlət Gömrük Komitəsində iki hakimiyyətlik yaranması ilə yanaşı, yumşaq desək bir anlaşılmaz vəziyyət də yaranıb. Belə ki, 10 il əvvəl imzalanmış və 2009-cu ilin yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "Bir Pəncərə" prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanın tələbləri pozulmağa başlayıb. Həmin fərmanın ikinci və üçüncü bəndlərinə nəzər salaq:
2. Azərbaycan Respublikası dövlət sərhəddinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunsun.
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini Azərbaycan Respublikasının gömrük orqanları həyata keçirir.
İndi isə bu tələblər pozulmağa başlayıb. Gömrük rəsmiləşdirmələrinə Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb olunub. Bu isə gömrük rəsmiləşdirmələrində dolaşıqlıq yaradıb. Bu vəziyyətin ağırlığını isə iş adamları çəkir. İş adamları ümid edir ki, bu anlaşılmaz vəziyyətə tezliklə son qoyulacaq. Gömrükçülər isə Dövlət Gömrük Komitəsində yaranmaqda olan iki hakimiyyətliyin onların hər birinin karyerası üçün təhlükə yaradacağından ehtiyyat edirlər. Belə görünür ki, həm iş adamları, həm də gömrükçülər hələ bir müddət bu dolaşıq vəziyyətdə işləməli olacaqlar.
"Yeni Sözçü” qəzetinin redaksiyasına isə vəzifəsini itirmiş gömrük məmurları ilə bağlı məlumatlar daxil olmaqdadır. Həmin məlumatlarda vəzifəsini itirmiş bəzi yüksək vəzifəli məmurların fəaliyyəti və şəxsi əmlakları ilə bağlı araşdırmaların aparılmasından bəhs edilir. Həmin məlumatlar üzərində araşdırmamız davam edir. Mövzu ilə bağlı ictimaiyyətin marağını nəzərə alıb, araşdırmalar zamanı üzə çıxan məlumatları oxucularımıza təqdim edəcəyik.