8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Natiq Cavadov Ədalət Muradovun dəstəyini qazana biləcəkmi?
Ağdam rayon icra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun vəzifəsindən azad olunmasından iki aya yaxın vaxt keçir. İki ay müddətində Ağdam rayonuna icra başçısı təyin olunmaması bu posta yeni-yeni iddiaların meydana çıxmasına səbəb olur. Son məlumata görə iddialar arasında Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Natiq Cavadov da var. Məlumata görə, Kollec direktoru bu iddiasını reallaşdırmaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun dəstəyini qazanmağa çalışır. Rektor Ədalət Murdaovun Kollec direktoru Natiq Cavadovla yaxın münasibətlərinin olduğu iddia olunsa da, bu işdə rol alıb-almadığı haqqında dəqiq məlumat yoxdur. Məlumata görə, Elmar Vəliyevin Yunis Səfərov tərəfindən güllənməsindən sonra kadr təyinatında təsir imkanı olan məmurlar təşəbbüs göstərməkdən çəkinirlər. Ağdam rayonu sakinlərinin sosial-iqtisadi vəziyyətinə görə ən ağır rayonlardan hesab olunur. Əhalinin sosial-iqtisadi vəziyyətinin ağır olması isə onların hakimiyyət orqanları ilə münasibətlərinə mənfi təsir edir. Buna görə də icra başçısının üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətin öhdəsindən gəlmək isə Gəncə olaylarından sonra asan görünmür. Buna görə də, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun Kollec direktorunun istəyi ilə bağlı canfəşanlıq edəcəyi az ehtimal edilir. Xüsusilə onu da nəzərə alsaq ki, Natiq Cavadov Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru təyin edildikdən sonra bu orta ixtisas təhsil müəssisəsində rüşvətin ərşə çıxması ilə bağlı mediada çoxsaylı məlumatlar yayılıb. Əgər bu məlumatlarda az da olsa həqiqət payı varsa, o zaman bu şəxsin icra başçısı təyin edilməsi onsuz da sosial-iqtisadi vəziyyəti ağır olan Ağdam rayonunda vəziyyəti daha da gərginləşdirə bilər. Bu məqamı Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun, Prezident Adminstrasiyasının rəhbər şəxslərinin nəzərə alacağı isə çox gözləniləndir. Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Natiq Cavadovun icra başçısı olmaq niyyəti haqqında iddianı diqqətdə saxlamağa çalışacağıq və kollec rəhbərinin də bu məlumatla bağlı mövqeyini dinləməyə hazırıq.
Azad Aydın,
"Yeni Sözçü” qəzeti