Səlim Müslümovun işçisi qadından on min manat tələb edir

 


Nərgiz İmanovaya qarşı məhkəmə iddiasını nazir Səlim Müslümov və Ağdam rayon icra başçısı Raqub Məmmədov "sanksiyalaşdırıb”

Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin ediləndən sonra bu qurumun yerli təşkilatlarının vəzifəli şəxsləri tərəfindən elə əməllər törədilir ki, sabiq nazir Füzuli Ələkbərovun rəhbərlyi dövründə belə hərəkətləri təsəvvür etmək mümkün deyildi. Məsələn, Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Əhmədov soyadlı əməkdaşı min nəfərdən artıq rayon sakinini onlara ünvanlı sosial yardım düzəltmək adı ilə aldadaraq 250 min manatdan artıq pul toplayaraq, mənimsəmişdi. Laçın rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin  direktoru Arif Feyzullayev isə bir nəfərdən nazirlikdən gəlmiş yoxlamanı "yola salmaq üçün” beş min dollar borc almış, bunun müqabilində borc kağızı yazaraq Mərkəzinin möhrü ilə təsdiqləmişdi. Bu iki hal haqqında ilk dəfə "Yeni Sözçü” qəzeti xəbər vermişdi. İndi də daha bir şok xəbər Ağdam rayonundan gəlib.

Ağdam rayonundan redaksiyamıza daxil olan məlumatada ləğv edilərək Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyinin tabeçiliyinə verilən Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin müdiri Novruz Hacıyev rayonun Zəngişalı kəndinin sakini Nərgiz İmanovaya qarşı şərəf və ləyaqətin qorunması, mənəvi zərərin ödənilməsi iddiası ilə bağlı məhkəməyə müraciət etməsindən bəhs olunur. Dövlət Sosial Müdafiə Fondu ləğv edilməzdən əvvəl bu qurumun Ağdam rayon Şöbəsinə övladına pensiya kəsilməsi üçün müraciət edən Nərgiz İmanova üzləşdiyi problemlərin təsiri, eləcədə şöbənin müdiri Novruz Hacıyev haqqında mətbuatda dərc olunan  tənqidi materialların təsiri altında bir sıra qurumlara şikayət ərizəsi ilə müraciət edib. Qeyd edək ki, ləğv edilmiş Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin müdiri Novruz Hacıyevin fəaliyyəti ilə bağlı mediada bu günə kimi çoxsaylı tənqidi məqalələr yer alıb. Buna əmin olmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin müdiri Novruz Hacıyevi internet sistemlərində axtarış vermək yetərlidir. İndi Novuz Hacıyev Nərgiz İmanovanın şikayət ərizəsində yazılanları özünün şərəf və ləyaqətinə təhqir hesab edərək məhkəməyə müraciət edib. Qeyd edək ki, Nərgiz İmanova Ağdam rayonun cəbhəyanı kəndlərindən olan Zəngişalı kəndində yaşayır və bələdiyyə üzvüdür. Nərgiz xanımın, hətta bir müddət bu quruma rəhbərlik etdiyi də qeyd olunur. Nərgiz İmanova həyatda bir qadının üzləşə biləcəyi ən böyük faciələrlə üzləşib. Həyat yoldaşını və iki övladından birini itirib. Yeganə övladı xroniki xəstəlikdən əziyyət çəkir. Dövlət Sosial Müdafiə Fondu ləğv edilməzdən əvvəl bu qurumun Ağdam rayon Şöbəsinə də məhz həmin övladına pensiya kəsilməsi üçün müraciət edibmiş. Lakin həyatı boyu ən acı faciələri yaşamış, bu gün də erməni işğalçılarının tez-tez atəşə məruz qoyduğu kənddə yaşayan Nərgiz xanım ləğv edilmiş DSMF-nun Ağdam rayon şöbəsində gördüyü ögey münasibətin təsiri ilə şöbə rəisi Novruz Hacıyevlə bağlı bir sıra dövlət orqanlarına şikayət edib. İndi isə Novruz Hacıyev Nərgiz İmranovanı məhkəməyə verib, on min manat kompensasiya tələb edir.

Məlumata görə, Novruz Hacıyevin bu məhkəmə idiasını qaldırmasından həm Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, həm də əmək və əhalinin sosila müdafiəsi naziri Səlim Müslümov məlumatlı olublar. Ağdam rayonundakı mənbə isə bildirir ki, Novruz Hacıyev Nərgiz İmanovaya qarşı məhkəmə iddiası qaldırması, hətta icra başçısının yanında keçirilən iclasda müzakirə olunub və dəstəklənib. 

Beləliklə də iki dövlət qurumunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ağdam rayon İcra hakimiyyətinin dəstəyini qazanan Novruz Məmmədov dul bir qadına qarşı məhkəmə davası açıb. Hazırda iddia ərizəsi Ağdam rayon Məhkəməsində araşdırılır və yaxın günlərdə iddia ilə bağlı qərar verilməsi gözlənilir.

Məlumat üçün bildirək ki, bu olay Ağdam rayonunda böyük səs-küyə səbəb olub və gərginlik yaradıb. Bu isə səbəbsiz deyil. Ağdam rayonu qadın mövzusunda həddindən artıq həsas mövqeyi ilə seçilən rayonlardan biri, bəlkə də birincisi olub. İkincisi, isə Novruz Hacıyev Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun həmkəndlisidir və onun ilk vəzifə verdiyi şəxslərdən hesab olunur. Novruz Hacıyevin Nərgiz İmranovanı icra başçısı Raqub Məmmədovun və nazir Səlim Müslümovun "xeyir duası” ilə məhkəməyə verməsi indi Ağdam rayon sakinləri arasında böyük narazılıq yaradıb. Xüsusilə də vəzifəsi əhaliyə sosial xidmət göstərməli olan bir qurumun rəsmisinin bu addımı böyük narazılıq doğurub. Məlumatda qeyd edilir ki, hələ bu günə kimi heç bir nazirliyin və ya dövlət komitəsinin yerli təşkilatının rəhbəri Ağdam rayonunda bir qadına qarşı məhkəmə davası qaldırmayıb. İddialara görə, bir-iki dəfə buna oxşar cəhdlər olub, ancaq adlarını burada çəkmək istəmədiyimiz nazirlər buna yol verməyiblər. İndi isə Novruz Hacıyevin bir dul qadına qarşı on min manatlıq məhkəmə iddiası qaldırmasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə razılaşdırılması Səlim Müslümovla bağlı ağdamlılar arasında mənfi rəy yaradıb. 

Novruz Hacıyevin Nərgiz İmanovaya şərəf və lyaqətin müdafiəsi, on min manat təzminat davasının məhkəmə prosesini izləməyə davam edəcəyik. Adları çəkilən şəxslərin və qurumların mövqeyini də dinləməyə hazırıq. Əslən Ağdam rayonundan olan ziyalıların, ictimai-siyasi xadimlərin, eləcə də qadın hüquq-müdafiə təşkilatlarının da mövqeyini öyrənməyə çalışacağıq.

Nihat Hüseynzadə



Oxşar Xəbərlər

Xəbər lenti