27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Zərdüşt Əlizadə: "Ermənistan yalnız Rusiyanın göstərişi ilə hərəkət edəcək və orada da mütərrəqiyə doğru ümid yoxdur”
Ermənistanda Serj Sərkisyanın istefaya getməsi yerli və xarici mediada Dağlıq Qarabağla bağlı müzakirələrə də yol açıb. Kimi Serj Sərkisyanın istefa verməsini Qarabağ məsələsinin həlli üçün yaranmış vəziyyət kimi şərh edir, kimi də Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Qarabağ məsələsinin həll edilməsinə inanmır.
"Serj Sərkisyanın və "Qarabağ klanı”nın gedişi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərəcək, amma nə cür təsir göstərəcəyi məlum deyil”.
Bu fikirləri isə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.
S.Markovun fikirlərindən görünür ki, Sərksiyanın getməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərsə də, amma bu ciddi təsir mənfi və yaxud müsbət yöndə ola bilər. "Təbiidir ki, Ermənistanda hakimiyyətə yeni qüvvələr gəldiyi təqdirdə Qarabağla bağlı yeni fikirlər, niyyətlər də ortaya çıxacaq. Amma yeni hakim rejimin Qarabağla bağlı strategiyası nədən ibarət olacaq, bunu indidən söyləmək çətindir. Görünür ki, o baxımdan da S.Makrov S. Sərkisyanın istefasının Dağlıq Qarabağ münaqişəsinin həllinə nə cür təsir göstərəcəyi məlum deyil”, - politoloq deyib.
Makrov onu da vurğulayıb ki, "Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi imkan verir: "Heç də bütün ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonların saxlanması və Azərbaycana qaytarılmamasına görə blokadada əziyyət çəkmək istəmir. Ona görə də "Kazan formulu” əsasında dinc yolla nizamlanma imkanı artır. Bu formula əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana verilir və bunun cavabında Ermənistanın blokadası qaldırılır”.
Ancaq Makrov ""Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi imkan verir” desə də, onun fikirlərində ciddi aqrument olmadığı aydın olur.
Sərkisyanın istefasından sonra mətbuata açıqlama verən keçmiş nazir Tofiq Zülfüqarovun fikiləri də diqqəti çəkir. Keçmiş nazir hesab edir ki, Ermənistan müttəfiq kimi Rusiyaya lazım deyil: "Rusiya artıq maliyyə baxımından Ermənistanı mənasız bir yer hesab edir və Ermənistandan çıxmaq istəyir”.
Açığı, Rusiyanın Ermənistandan çıxması heç ağlabatan deyil. Çünki Cənubi Qafqaz hələ Çar Rusiyasının vaxtından rusların təsir dairəsində olub və bunu daim qoruyub saxlamağa çalışıblar. Hərçənd ki, bu gün Gürcüstana dolayısı ilə təsir edən Rusiya Azərbaycana və Ermənistana Qarabağ kartı vasitəsilə birbaşa təsir edir. Ona görə də Rusiyanın hərbi poliqonu olan Ermənistandan çəkilməsinə heç cürə inanmaq olmur.
Məşhur Britaniya analitiki, Karnegi Fondunun böyük elmi işçisi, "Qarabağ: Ermənistan və Azərbaycan sülhlə müharibə arasında” kitabının müəllifi Tomas de Vaal isə hesab edir ki, Qarabağ münaqişəsini tədricən, addım-addım həll etmək lazımdır: "Amma bu gün bu, təsəvvür edilmir. İdealda Qarabağ münaqişəsinin həllini addım-addım, qarşılıqlı güzəştlər yolu ilə görmək çox yaxşı olardı. Məsələn, ermənilər tərəfindən Qarabağdan cənub-şərqdəki rayonlardan birinin, nəqliyyat əlaqələrinin açılışı və ya Qarabağ ermənilərinə böyük hüquqların verilməsinə əvəz olaraq, azad edilməsi.
Amma mən bunun bu dəqiqə mümkün olacağını düşünəcək qədər sadəlövh deyiləm. Münaqişə, politoloqların dediyi kimi, həddindən artıq elə ciddiləşib ki, istənilən güzəştlər hər iki tərəfdən bir növ satqınlıq və ya milli təhlükəsizlik maraqlarına xəyanət kimi qəbul edilir. Buna görə, mən tədricən dəyişikliklər haqqında danışarkən o kiçik addımları nəzərdə tuturam ki, atəşin dayandırılması ilə bağlı mandatın möhkəmləndirilməsi və ağır silahların təmas xəttindən uzaqlaşdırılması kimi daha əhəmiyyətli siyasi məqamlarla müşayiət olunsun”.
Tomas de Vaalın da dediyi kimi, Qarabağ münaqişəsinin həlli heç təsəvvür edilmir. Əlbəttə ki, bu, Ermənistanda hakimiyyətə gələcək yeni qüvvələrin təfəkküründən, qonşuluq siyasətindən, demokratiyaya, qanunlara sayğısından asılıdır. Ümumiyyətlə, Ermənistan başverən proseslərdən sonra Rusiyaya deyil, Qərbə doğru üz tutsa, o zaman Qarabağ məsələsinin həllinə müəyyən qədər ümid etmək olar. Amma yeni hakimiyyətdə Rusiyameylli şəxslər təmsil olunsa, bu, o qədər də inandırıcı görsənmir.
Qeyd edək ki, etirazçıların lideri, deputat N.Paşinyanın tələblərindən biri də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsidir. O, Sərkisyanın istefasından sonra bəyan edib: "Növbəti addım kimi parlament xalqın seçdiyi baş naziri təyin etməlidir. Bu, bir həftədən sonra baş tutacaq. Ona kimi müvəqqəti hökumət formalaşmalı, sonra isə növbədənkənar parlament seçkiləri keçirilməlidir”.
"Qarabağ məsələsində Ermənistan yalnız Rusiyanın göstərişi ilə hərəkət edəcək”
"Sərkisyanın istefası Dağlıq Qarabağ danışıqlarına təsir edəcəkmi” sualını cavablandıran politoloq Zərdüşt Əlizadə "Hürriyyət”ə bildirdi ki, Sərkisyanın istefaya getməsi Dağlıq Qarabağla bağlı danışıqlara heç bir təsir etməyəcək: "Əsla, sıfır qədər belə yox. Əvvəla, Qarabağda hakim komanda Qarabağ davasından gəlmiş komandadır, Rusiya ilə çox bağlıdırlar. İkincisi də nümayişçilərin lideri Nikol Paşinyan da dəfələrlə öz çıxışlarında dedi ki, Ermənistan-Rusiya birliyi sarsılmazdır, "Arsax” qələbəsi erməni xalqının qələbəsidir. Beləliklə təzə kim də olsa, yəni Sərkisyan, Melkonyan olmur, Karapetyan olsun, kim olur, olsun, Qarabağ məsələsində Ermənistan yalnız Rusiyanın göstərişi ilə hərəkət edəcək və orada da mütərrəqiyə doğru ümid yoxdur”.
"Qarabağ məsələsi Rusiyanın regiondakı alətidir”
Əlizadə dedi ki, Makrovun dedikləri də boş söhbətdir: "Qarabağ məsələsi Rusiyanın regiondakı alətidir və bu alət vasitəsilə Cənubi Qafqazı əlində saxlayır. Rusiya bu alətdən imtina edər? Nəyinə lazımdır ki, bütöv bir bölgəni itirsin?! Heç vaxt razı olmaz. Ermənistan, Azərbaycan rəhbərliyi Qarabağ məsələsində Rusiyanın sözü ilə oturub-durur və bir addım qırağa çıxa bilməzlər”.
"Rusiya Qarabağ amilindən heç vaxt imtina etməz”
"Keçmiş xarici işlər naziri T. Zülfüqarov deyib ki, Ermənistan müttəfiq kimi Rusiyaya lazım deyil. Sizcə, Ermənistan Rusiyaya lazımdırmı” sualına Əlizadə belə cavab verdi: "Mən Tofiq Zülfüqarovun xətrini çox istəyirəm, çox savadlı adamdır, gözəl, peşəkar diplomatdır. Amma bu məsələdə özümdə cəsarət tapıb onunla razı deyiləm. Ermənistan Rusiyaya çox lazımdır. Cənubi Qafqazda, Yaxın Şərqdə onun dayağıdır. Təsadüfi deyil ki, orada 5 min nəfərlik hərbi kontingent saxlayır, sərhədlərini qoruyur, iqtisadiyyatını nəzarətə götürüb və ordusunu, hakimiyyətini nəzarətdə saxlayır. Rusiya Qarabağ amilindən heç vaxt imtina etməz və imkan verməz ki, Ermənistan və Azərbaycan onun nəzarətindən çıxsın. Buna yalnız o zaman imkan olar ki, Ermənistan və Azərbaycan güzəştli sülhə razı olsunlar. Bunu da Rusiya qadağan edir, imkan vemir ki, Azərbaycanın və Ermənistanın sülpərəvər qüvvələr qarşılıqlı güzət maddələrini ortaya qoysunlar. Biz neçə vaxtdır deyirik, Ermənistanda Georgi Vanyan deyir, amma kimdi bunu yaxın qoyan, hamısı qışqırır ki, qələbəyə qədər vuruşmalıyıq. Ermənistanda Qarabağın ilhaqını qələbə kimi görürlər, Azərbayanda da görürlər ermənilər Qarabağdan qovulur və sonra Qarabağ qayıdır, ora rüşvətlə məmur təyin edirlər, vəssalam. Ermənsitan və Azərbaycan rəhbərliyində belə məntiqsiz bir mövqedir. Rusiya da məntiqsiz mövqe ilə həmrəydir və Rusiya rəhbərliynə itaət edirlər”.
"Ermənistanda hakimiyyətdə yüz faiz Rusiyameylli adam olacaq”
Zərdüşt Əlizadə hesab edir ki, Ermənistanda yeni hakimiyyət Rusiyameylli olacaq: "Sadəcə, Sərksiyan həddindən qartıq tamahkarlıq etdi, baş nazir qalmaq istədi, indi dedilər sən çəkil, biz gələk. Orada başqa meylli adam ola bilməz, yüz faiz Rusiyameylli adam olacaq. N. Paşinyanın Ameirkameylli adam olması da boş söhbətdir. O çıxışlarında neçə dəfə deyirdi ki, Ermənistan və Rusiya müttəfiqdirlər”.
"Parlament seçkilərində Paşinyan çox böyük səs qazanacaq”
"Doğrudur, Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə deyib, amma düşünürəm ki, hakimiyyətdə olan Qarabağ klanı seçkilərin keçirilməsinə çox müqavimət göstərəcək. Hər halda parlament seçkilərinin keçirilməsi ehtimalı var. Parlament seçkilərində Paşinyan çox böyük səs qazanacaq” – dedi politoloq.
Şamo EMİN, Hurriyyet.org