Bu gün, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ötən gün ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul üzrə ikinci cəhd imtahanını keçirib.
Lakin imtahan günü Bakıda müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bir sıra namizədlərin imtahana vaxtında çatmasına mane olub. Belə ki, səhər saatlarından başlayan intensiv yağış şəhərin bir çox küçə və prospektlərində nəqliyyatın hərəkətini çətinləşdirib. Bununla yanaşı, beynəlxalq tədbirlə əlaqədar bəzi yolların bağlanması və marşrut dəyişiklikləri də paytaxtda əlavə sıxlıq yaradıb. Nəticədə imtahana gedən çoxsaylı bakalavr tıxac və gecikmələrlə üzləşib.
Sosial şəbəkələrdə paylaşım edən iştirakçılar bildiriblər ki, ictimai nəqliyyatın gec işləməsi, bəzi istiqamətlər üzrə hərəkətin məhdudlaşdırılması və yolların bağlanması səbəbindən imtahan mərkəzlərinə çatmaqda ciddi problemlər yaşanıb. Bəzi namizədlər imtahan binasına bir neçə dəqiqə geciksələr də, onların bir hissəsinin imtahanda iştirakına şərait yaradılıb. Buna baxmayaraq, müxtəlif səbəblərdən imtahan məntəqəsinə ümumiyyətlə çata bilməyən şəxslərin də olduğu qeyd olunur.
Təbii oaraq mövcud vəziyyət fonunda imtahana gecikən və ya iştirak edə bilməyən şəxslərlə bağlı hər hansı güzəşt mexanizminin tətbiq olunub-olunmayacağı da müzakirə mövzusuna çevrilib.
Bəs maraqlıdır, belə bir vəziyyətdə imtahanda iştirak edə bilməyən tələbələr üçün əlavə imtahan təşkil oluna bilərmi?
Bu barədə DİM-in mətbuat katibi Xanlar Xanlarzadə "AzPolitika"-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı gün ərzində yekun qərar verildikdən sonra qurumun rəsmi saytında ictimaiyyətə əlavə məlumat təqdim olunacaq.
Qeyd edək ki, magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 23 min 89 bakalavr ərizə təqdim edib. Onlardan 21 min 372 nəfəri Azərbaycan bölməsi, 1717 nəfəri isə rus bölməsi üzrə imtahan verməli idi. Namizədlərin 15 min 293 nəfəri cari ilin məzunları, 7796 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanda həmçinin 55 xarici ölkə vətəndaşının iştirakı nəzərdə tutulurdu.
Onu da bildirək ki, hələlik yaranmış çətinlik səbəbindən imtahanda neçə tələbənin iştirak edə bilmədiyinə dair rəsmi bir rəqəm açıqlanmayıb