Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Hidayət İbrahimov: "Həmin vaxt o, tək Sərdar Cəlaloğlu ilə yox, Aparıcı Heyətlə görüşdü”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və bir qrup partiya üzvünün 26 il öncə Dilan xanım adlı kürd qadınla görüşünü bəzi saytlar dəfələrlə "Sərdar Cəlaloğlu PKK terror təşkilatının lideri Abdullah Öcalanın Avropa üzrə təmsilçisi, "Dilan” kod adlı xanım terrorçu ilə gizli görüş keçirib” kimi təqdim ediblər. Guya ki, həmin görüş zamanı Sərdar Cəlaloğlu PKK-nın "Dilan” kod adlı nümayəndəsindən hakimiyyətə gəlmək üçün dəstək istəyib. ADP sədri dəfələrlə bu məsələyə aydınlıq gətirsə də, bəzi mətbu orqanlar öz ağalarından S.Cəlaloğluna qarşı hücuma keçmək əmri alanda yenidən bu əssasız ittihama istinad edirlər. Odur ki, bu dəfə həmin görüşün təşəbbüskarı, vaxtilə Azərbaycan Demokrat Partiyasının aparıcı funksionerlərindən olan Hidayət İbrahimovla söhbətimizdə bu məsələyə daha ətraflı aydınlıq gətirməyə çalışdıq.
"Mən, kürd Əli, həmin qadın getdik, Naxçıvanda Sərdar bəyi tapdıq”
H.İbrahimov "Hürriyyət”ə bildirdi ki, həmin vaxt "kürd Əli” deyilən tanışı vasitəsilə bu görüş baş tutub: "Əli gəldi ki, bəs, mənim qonağım var, Elçibəylə görüşmək istəyir. Mən də dedim ki, Elçibəylə bizim o qədər əlaqəmiz yoxdur. Olsa-olsa Sərdar bəy Elçibəylə əlaqə yarada bilər. Onun israrından sonra "kürd Əli”, mən və həmin qadın getdik, Naxçıvanda Sərdar bəyi tapdıq. Daha doğrusu, həmin vaxt Sərdar bəy yox idi, hüzur yerində idi, xəbər etdik, o, gəldi.
Heç nə, gəldik, oturduq. İstəyirsən bəzi müddəalar yadımda qalıb nə danışdılar, onları da deyim. Görüşdə belə qələmə verildi ki, həmin "Dilan xanım” dediyimiz qadın alimdir, Avropada təhsil alıb və s. Sərdar bəy soruşdu ki, bunları başa düşdük, gəlişinizin səbəbi nədir? Onda Dilan xanım dedi ki, Ermənistanla müharibə gedir, biz kürd xalqının taleyini fikirlərşirik. Guya, Azərbaycan hökuməti kürd xalqını erməni ilə öz arasında yerləşdirib, bufer zona yaradır ki, o tərəfdən də hücum olanda kürdlər qırılır, bu tərəfdən də hücum edəndə kürdlər qırılır. O, bu məsələyə etiraz etdiyini çatdırdı. Sonra dedi, istəyirəm Elçibəyi görəm ki, Bəyin özü bir əncam çəksin, bizim xalq qırılmasın. Sərdar bəyin sözü heç yadımdan çıxmır. Dedi ki, "bizim dövlətimiz onları bufer zonasına yox, onların yaşam şərtlərini nəzərə alıb, dağ zonasına yerləşdirir. Ümumiyyətlə, bizdə tarixən kürdlər heyvandarlıqla məşğul olduqlarına görə, o zonada yerləşiblər. Bu, tarixən belədir. Bu təkcə erməni məsələsinə görə deyil. Mən də çalışaram ki, Elçibəylə əlaqə yaradım, çox istəyirsinizsə Elçibəylə görüşün”. Vəssalam, bu qədər. Sonra o qadın getdi və Elçibəylə görüşdülər, görüşmədilər, bilmirəm”.
"O görüşdə yadımda qalan bufer məsələsidir, yəni ki, guya kürdlər qırılır”
"O görüşdə kürd Əli, həmin o kürd qadın - Dilan xanım, İsmayıl həkim var idi, qalanlarını xatırlamıram. Bir də Sərdar bəyin özü idi. Bəzən deyirlər ki, Sülhəddin bəy də orda olub, amma mən Sülhəddin bəyin orada olmasını dəqiq deyə bilmərəm. Uzun zaman keçib, yaddan çıxıb hər şey. O vaxtı ADP təzə yaranmışdı, bizdə İdarə Heyəti yox, Aparıcı Heyət idi. Özü də bizdə sədrlik yox idi. Partiyanı Aparıcı Heyət idarə edirdi. Yəni o Dilan xanım tək Sərdarla yox, Aparıcı Heyətlə görüşdü. Aparıcı Heyətdə mən, Sərdar bəy, İsmayıl həkim, Cabbar həkim, Sülhəddin bəy var idi.
O görüşdə yadımda qalan bufer məsələsidir. Yəni guya, kürdlər qırılır. Onu da kürd Əli gətirmişdi və o, həmin vaxt məşhur həkim idi. Həmin vaxt da Elçibəylə görüşü yalnız Sərdar bəy təşkil edə bilərdi. Amma kürd Əlinin elə səlahiyyəti yox idi. O vaxtı nəinki kürd Əlinin, Demokrat Partiyasının üzvlərindən Sərdar bəyin, Sülhəddin bəyin Elçibəyin yanında hörməti daha çox idi. Elçibəy həmin vaxtlarda AXC-nin sədri idi. Yadımda qalan odur ki, hakimiyyətdə həmin vaxtı Ayaz Mütəllibov idi. Amma Elçibəyin də yaxşı vaxtları idi, seçkilər ərəfəsi idi. Yəni bilirdik ki, bu hərəkat Elçibəyin hakimiyyətinə tərəf aparır”,- deyə H. İbrahimov bildirdi.
"Biz bilmirdik ki, o, hansı təşkilatdan gəlib”
Hidayət İbrahimov onu da qeyd etdi ki, görüş zamanı kürd qadın özünü sadəcə Avropada yaşayan alim kimi təqdim edib: "Biz biz bilmirdik ki, o, hansı təşkilatdan gəlib. Yəni o, rəsmi şəkildə demədi ki, mən filankəsəm. Düşünürdük ki, kürd Əlinin tanışıdır. O, dövrə görə müasir geyimli, təhsilli qadın idi, oturduq, söhbət etdik. Bir onu bilirəm ki, kürd xalqının qırılmasını istəmədiyini bildirdi. Amma nə Sərdar bəy, nə də mən onun PKK-nın nümayəndəsi olduğunu bilmirdik. O vaxtı PKK-ya da Kürd Fəhlə Partiyası deyilirdi və biz bu partiyanı terrorçu təşkilat kimi tanımırdıq. Sonradan onlar terrorçu oldu. O vaxtı belə partiyalar çox idi. Kommunist Partiyasının bir çox ölkələrədə özəkləri var idi, bunlar da birbaşa Sovet İttifaqı Kommunist Partiyasına bağlı idi. Yəni harada fəhlə partiyası varıydısa, onların bir tərəfi Sovet İttifaqı Kommunist Partiyasına bağlı idi. Onları Sovet İttifaqı yaratmışdı. Biz də Sovetin şinelindən çıxdığımıza görə, Kürd Kommunist Partiyası deyirdik”.
"Ondan sonra o qadınla keç kim görüşməyib”
"Hərdən bir mətbuatda "Dilan xanım” adı gündəmə gələndə ab-hava dəyişir, pis bir əhval-ruhiyyə yaradılır. Mən ancaq o görüşdə pis bir şey görmədim. Məsələn, bu gün bizim prezidentlə Ermənistan prezidenti görüşəndə pis bir şey yaranır? Yox. Dövlət rəhbərləridir, görüşə bilərlər. O xanım da bir siyasi təşkilatın üzvü olubsa, burda qəbahət yoxdur. Bizlər də bir siyasi təşkilatın üzvü olmuşuq. Yəni görüş belə olub. Yoxsa, gedib meşədə görüşməmişik ki. O görüşdə heç bir gizli məqam olmayıb. Hələ o görüşdən sonra gülürdük ki, bir gözəl-göyçək qadın gəlib, təkbaşına kürdləri müdafiə edir. Bizə gülməli gəlirdi. Görüş mənim yanımda olub, sonradan deyirlərsə, Sərdar bəy görüşüb, yalan deyirlər. Mən bu sözü Sülhəddin bəy və ADP-ni yaradanların hamısı haqqında da deyirəm ki, ondan sonra o qadınla keç kim görüşməyib. Çünki heç görüşməyə ehtiyac da yox idi. Ona görə ki, söhbət orada qurtardı. O, Naxçıvanda bircə gün qaldı, sonra da çıxıb getdi. Heç bilmədik, Bakıya Elçibəylə görüşə gəldi, yoxsa öz vətəninə getdi. Sonra kürd Əlini 1-2 dəfə gördüm. Dedi Elçibəylə görüş alnmadı”,- deyə keçmiş ADP-çi xatırlatdı.
"Bəyəm, erməni, kürd və yaxud ləzgi, talış ilə danışmaq qəbahətdir?!”
H.İbrahimovun fikrincə, əslində, demokartik ölkədə bu kimi görüşlırə kimsə söz etməz:"Amma indi "sən PKK üzvü ilə görüşmüsən”, "sən xalq düşmənisən”, "sən ermənisən”, deməyə başlayırlar və onu da qəbul edirlər. Bəyəm, erməni, kürd və yaxud ləzgi, talış ilə danışmaq qəbahətdir?! Bu gün biz talışla, ləzgi ilə söhbət edirik, sabah onlar da desələr ki, biz hökumət qururuq, PKK-nın bir tayı olacaqlar, talışla danışanı tutub içəri atacaqlar? Bunun hamısı belə etmir ki. Biri vardı Əlikram Hümbətov, onu da tutub içəri atdılar. Bu, o demək deyil ki, talış xalqının hər hansı bir nümayəndəsi ilə görüşmək satqınçılıq, düşmənçilikdir. Belə söhbətlər olub və olacaq.
Təxminən başa düşürəm ki, niyə belə PKK axtarırlar. Yəni "sənə istəyirdim filan vəzifəni verəm, amma keçmişində bir PKK var”. Heç dəxli var?! Sadəcə, silahdır, ondan istifadə edirlər. Bəyəm, Almaniyada belə şey ola bilər? Biri adını "PKK”, bir adını "cinsi azlıq” qoyur, çıxırlar mitinq də edirlər. Çünki demokratik olkədir”.
H.İbrahimov ADP-dən uzaqlaşmasının səbəbini də açıqladı: "O vaxtı 22 təsisçidən bir də mən idim. İlyas İsmayılov gələnə qədər Azərbaycan Demokart Partiyasını öz partiyam bildim. Çünki o, Sovet hökumətinin prokuroru idi. Ona görə, mən uzaqlaşdım getdim. Sonra eşitdim ki, İlyas İsmayılov da çıxıb gedib. Yenidən gəldim, istədim ki, yenə doğma partiyama qoşulam, bu dəfə Rəsul Quliyev gəldi. O gələndə bir də çıxıb getdim. Çünki korrupsiyaya bulaşmış bir adamla alınmazdı”.
Şamo EMİN, Hurriyyet.org