2019-DA QARABAĞ PROBLEMİ HƏLL OLUNACAQ?

 

Sərdar Cəlaloğlu: "Azərbaycanın Dağlıq Qarabağda tərəf müqabili məhz Rusiyadır"

"Bu münaqişə həm Ermənistanı, həm də Azərbaycanı Rusiyanın əsarətində saxlamaq üçün bir açardır"

"Ermənistanda elə bir qüvvə yoxdur ki, Dağlıq Qarabağın həllində söz sahibi olsun"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2018-ci ilin yekunlarına dair bugünlərdə verdiyi müsahibəsində Qarabağ münaqişəsi ilə bağlı danışarkən, qeyd edib ki, Ermənistanda baş verən son hadisələr, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında MDB-nin Düşənbə, Sankt-Peterburq zirvə görüşləri çərçivəsində söhbətlər və onun ermənistanlı həmkarı ilə üç görüşü danışıqlar prosesinin irəli aparılması baxımından optimizm vəd edir. "Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq" deyən Elmar Məmmədyarov bildirib ki, Bakı Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır.

"Torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə sözügedən iki icma birgə yaşamalı olacaq"

Nazir həmçinin, qeyd edib ki, münaqişənin həllinin hüquqi bazasına dünyada sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, çoxsaylı digər beynəlxalq təşkilatların qərar və qətnamələri, o cümlədən, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamenti və digər sənədlər, eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir:"Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında qeyd olunan məsələ növbəti dəfə səsləndirildi. Xatırlayırsınızsa, bir müddət öncə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi. Lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin xidmətləri nəticəsində bu təmaslara son qoyuldu. Bilirsiniz, torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu təmaslar təşviq olunmalıdır".

Nəzərinizə çatdıraq ki, artıq Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Elmar Məmmədyarovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışına münasibət bildirib. Belə ki, Ermənistan XİN yaydığı bəyanatda Dağlıq Qarabağın "statusunun və təhlükəsizliyinin" İrəvan üçün prioritet olduğunu vurğulayıb: "Hesab edirik ki, kütləvi bəyanatlarda təmkin göstərmək və danışıqların gedişinə kömək etmək lazımdır - əlbəttə, əgər bu öhdəlikləri qorumaq istəyi varsa. Bu, xüsusilə, şəxsi birtərəfli baxışın şərt kimi təqdim edilməsi cəhdlərinə aiddir". Eyni zamanda, bəyanatda qeyd edilir ki, "Dağlıq Qarabağ xalqının" istəyini digərləri müəyyən edə, şərt və təhdidlər Ermənistanın danışıqlar prosesində mövqeyinə təsir göstərə bilməz: "Müxtəlif səviyyələrdə optimizm və yaxud pessimizm danışıqlar prosesinin gedişində effektsizdir. Hesab edirik ki, realist olmaq lazımdır və hər tərəfi qane edən həllin tapılmasına cəhd edilməlidir".

"Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur"

Yeri gəlmişkən, onu da qeyd edək ki, bugünlərdə "Rossiya-24" telekanalına müsahibə verən Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində müsbət irəliləyişlərin olacağıma ümid etdiyini bildirib: "Düşünürəm ki, bu ilin baharında Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanılması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir. Biz bu illər ərzində çox böyük inkişaf yolu keçmişik və Azərbaycanla Ermənistan arasında iqtisadi potensialın və bütün digər komponentlərin balansı artıq çoxdan pozulub. Düşünürəm ki, bizim iqtisadiyyatımızı, enerji, nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasətimiz müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub". Ölkə başçısı vurğulayıb ki, erməni cəmiyyətini narahat edən bütün digər məsələlərlə yanaşı, bu ilin baharında baş vermiş hadisələrin amillərindən biri Ermənistanın düşdüyü və ya özünü yuvarlatdığı ağır sosial-iqtisadi vəziyyət olub: "Bu isə mən qəti əminəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının nəticəsində baş verib. Buna görə də düşünürəm ki, həm Ermənistan cəmiyyətində, həm də hakim strukturlarda daha yaxşı başa düşəcəklər ki, münaqişə yalnız ədalətli nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə, düşünürəm ki, Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini gözləmək çətin olacaq. Yəni, biz öz siyasətimizin nəticələrini görürük. Biz münaqişəni həmişə danışıqlar yolu ilə nizamlamaq istəmişik və istəyirik. Lakin təbii ki, danışıqlar yolu ilə nizamlamaq üçün çox ciddi vasitələr lazımdır. Bizim apardığımız və aparacağımız siyasət sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklər yaranacağını göstərməyə yönəlib". Azərbaycan prezidenti əminliklə qeyd edib ki, Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur: "Bunun üçün isə onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmalı və yüz minlərlə azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verməlidirlər. Buna görə də ümid var ki, bu baxımdan daha çox anlaşma olacaq. Amma dəqiq deyə bilmərəm. Necə deyərlər, vaxt göstərər. Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq yürüdəcəyik, xüsusən görəndə ki, o, nəticə verir".

Qarabağ məsələsində hansı kreativ ideyadan söhbət gedir?

"İcmaların görüşü mənasız bir oyundur, sadəcə olaraq, həmsədrlər tərəfindən baş qatmaq üçün ortaya atılıb"

Bu arada, bir məqamı da nəzərinizə çatdıraq ki, xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsinin vacibliyini vurğulasa da, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bununla bağlı tamam fərqli mövqedədir. Belə ki, o, icmaların görüşünün mənasız bir oyun olduğunu bildirib:"Mənim icmalarla bağlı mövqeyim qısadır. Çünki 1998-ci ilədək həmin bu format var idi. Yəni erməni icması danışıqlarda iştirak edirdi və s. Robert Köçəryan hakimiyyətə gələndə dedi ki, artıq oyunçu bizə nəyə lazımdır, onsuz da qərar qəbul edən İrəvandır, işğalçı Ermənistandır. Odur ki, danışıqları daha da konkret etmək istədi. Bu da 20 ilin ərzində baş verib. İndi təzədən 20 il əvvəlki formata qayıtmağın nə mənası var? Ermənilər o vaxt bu fikri qəbul edirdilər ki, hamı bilir Qarabağda kimin ordusudur. Bu adamların təyinatları da İrəvanda baş verir. O baxımdan icmaların görüşü, məncə, mənasız bir oyundur. Sadəcə olaraq, həmsədrlər tərəfindən baş qatmaq üçün ortaya atılıb".

"Aprel döyüşləri istisna olmaqla, Azərbaycan tərəfi Dağlıq Qarabağ cəbhəsində heç bir hərbi üstünlük əldə etməyib"

MÜXALİFƏTİN UĞURSUZLUĞUNUN SƏBƏBLƏRİ - X HİSSƏ

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ cəbhəsində kifayət qədər hərbi üstünlük əldə etmədən və Rusiya bu məsələdə bitərəf mövqedə tutmadan münaqişənin həllində hər hansı bir irəliləyişdən söhbət gedə bilməz: "İndiki halda görürük ki, 2016-cı ilin aprel döyüşləri istisna olmaqla, Azərbaycan tərəfi Dağlıq Qarabağ cəbhəsində heç bir hərbi üstünlük əldə etməyib. Rusiya isə açıq şəkildə, birtərəfli qaydada Ermənistanı dəstəkləyir, öz hərbi qüvvələrini Ermənistanda saxlayır və Azərbaycan tərəfini öz hüquqlarından imtina etməyə məcbur edir. Belə bir şəraitdə Dağlıq Qarabağ məsələsində hər hansı irəliləyişin olacağından danışmağın heç bir əsası yoxdur".

"Dağlıq Qarabağ münaqişəsini yaradan, bu günə qədər onun həllinə imkan verməyən və bölgədə xalqları bir-birinə düşmən vəziyyətində saxlayan üçüncü tərəf var ki, o da Rusiyadır"

Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistanın əlində olmadığını vurğulayan ADP sədrinin sözlərinə görə, bu problem həm Ermənistanı, həm də Azərbaycanı Rusiyanın əsarətində saxlamaq üçün bir açardır: "Sadəcə olaraq, Dağlıq Qarabağ probleminə görə guya ermənilər müəyyən bir torpaq qazanmış, müəyyən nailiyyət əldə etmiş xalq kimi, Azərbaycan isə məğlub edilmiş tərəf kimi Rusiya ilə əlaqədədir. Fərq məhz budur. Ona görə də Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı hər hansı bir mövqe ortaya qoyması və ya söz sahibi olmasından danışmaq bu problemin mahiyyətini bilməməkdən irəli gəlir. Odur ki, Ermənistanda istər Amerikapərəst, istər Rusiyameyilli, istərsə də müstəqillik tərəfdarı olan, o cümlədən Azərbaycana qarşı ən qəti mövqedə duran elə bir qüvvə yoxdur ki, Dağlıq Qarabağın həllində söz sahibi olsun. Bunu Jirinovski də açıq şəkildə deyib ki, ermənilər elə başa düşür ki, Dağlıq Qarabağın onlara aidiyyatı var. Halbuki Dağlıq Qarabağın onlara aidiyyatı yoxdur, ruslar oranı tutub və məhz ruslar onun taleyini həll edəcək. Vaxtilə Cəfər Cabbarlının "1905-ci il" əsərində belə bir məqam var, erməni-müsəlman davasında atəş səsi gələrkən deyirlər ki, atan üçüncü tərəf - kazaklardır. Yəni biz bilməliyik ki, Dağlıq Qarabağ münaqişəsini yaradan, bu günə qədər onun həllinə imkan verməyən və bölgədə xalqları bir-birinə düşmən vəziyyətində saxlayan üçüncü tərəf var ki, o da Rusiyadır. Ona görə də istər Robert Koçaryan, istər Serj Sarkisyan, istərsə də Nikol Paşinyanın Qarabağla, daha doğrusu, həmin əraziləri öz gücləri hesabına almaları ilə bağlı bəyanatları heç bir məna kəsb etmir. Çünki erməni yazıçı Raffi deyirdi ki, ən cəsarətli erməni toyuqdan da qorxaqdır. Qeyd edim ki, ermənilər Azərbaycan və ya Türkiyə türklərinə qarşı dil uzatmaq iqtidarında deyil və olmayıblar da. Düzdür, onlar öz tarixlərini saxtalaşdırırlar. Guya, qədim keçmişləri, dahi sərkərdələri olub. Halbuki bunlar hamısı ağ yalandır".

"Qafqazda yaşayan ermənilər dünya ermənilərinin onda bir faizi qədərdir və bu da bir daha onu sübut edir ki, ermənilərin Qafqaza heç bir aidiyyatı yoxdur"

Ermənilərin Qafqaz xalqlarına aidiyyatının olmadığını, onların Fransadan çıxarıldıqdan sonra Aralıq dənizinin cənub sahillərinə qaçdıqlarını və daha sonra Dəclə Fərat sahillərinə gəldiklərini, Van ərazisinə sürgün edildiklərini deyən Sərdar Cəlaloğlu bildirdi ki, onlar məhz rusların köməkliyi ilə indiki Ermənistan dövlətini yaradıblar: "Ona görə də ermənilərin Qafqazla, hətta Yaxın Şərqlə heç bir əlaqələri yoxdur. Qeyd edim ki, ən böyük erməni diasporu Suriyadadır. Bu zaman sual oluna bilər ki, Qafqaz xalqı Suriyada nə edir? Heç kim iddia etmir ki, Ermənistandan ermənilər Suriyaya gediblər. Livanda və Suriyada çoxlu erməninin olması onu göstərir ki, ermənilər əslində ordan bura gəliblər. Çünki getdikcə ermənilərin miqdarı azalır və hazırda ən az erməni məhz Ermənistanda yaşayır. Yəni Qafqazda yaşayan ermənilər dünya ermənilərinin onda bir faizi qədərdir. Bu da bir daha onu sübut edir ki, ermənilərin Qafqaza heç bir aidiyyatı yoxdur".

"Ruslar bu bölgədə böyük bir türk dövlətinin olması ilə barışa bilmirlər"

Yür üzündə erməni qədər qandan qorxan ikinci bir millətin olmadığını qeyd edən prezidentliyə keçmiş namizəd bu qənaətdədir ki, Azərbaycanın Dağlıq Qarabağda tərəf müqabili məhz Rusiyadır: "Kreml Azərbaycanı təsir dairəsində saxlamaq üçün bu problemi yaradıb. Bundan əvvəl də eyni problemi Çar Rusiyası və sovet hökuməti yaratmışdı. Yəni ruslarda hakimiyyətin dəyişilməsindən asılı olmayaraq, Azərbaycana qarşı münasibət heç vaxt dəyişilməyib. Ümumiyyətlə, ruslar bu bölgədə böyük bir türk dövlətinin olması ilə barışa bilmirlər. Çünki onda türk dünyası bir geopolitik plastarma çevrilir. Lakin bir dəqiqəlik Azərbaycanı bölgədən götürsəniz, o zaman Anadolu türkləri ilə Asiya türkləri bir-birindən ayrılır və beləliklə də türk dünyası parçalanır. Bu, böyük siyasətdir və ABŞ, Fransa, İngiltərə də bu siyasətə dəstək verir. İranda farsdilli hakimiyyətin yaranmasının da 4 memarı var ki, onlar ruslar, fransızlar, ingilislər və farslardır. Əslində, Azərbaycan türklərinin də türk adlandırılmasının qarşısını almaq, konstitusiyada dilin adının dəyişdirilməsi ona xidmət edir ki, bu bölgədə türk sözü ilə bağlı heç nə olmasın. Yəni həm geopolitik cəhətdən bizi sıxışdırmaq istəyirlər, həm də ümumiyyətlə, türkün Qafqaz zolağında mövcud olmasına imkan vermirlər. Çünki bu zaman türk torpaqları birləşmiş, Turan bütünləşmiş olur. Beləliklə də Turanın parçalanmasının əsas faktoru Azərbaycan türklərini sıxışdırmaq, ərazilərimizi kiçiltmək, mümkün qədər parçalamaqdır. Baxın, ABŞ guya öz aləmində İrana qarşı müəyyən təzyiqlər edir. Bu təzyiqlərdən biri də İranın içərisində etnik qruplara dəstək verib onları hakimiyyətin üzərinə qaldırmaqdır. Bildiyiniz kimi, İranda ən böyük etnik qrup Azərbaycan türkləridir və sayları 30-40 milyona yaxındır. Lakin ABŞ heç vaxt Azərbaycan türklərinə istinad etmir. Ya Xuzistanda ərəblərə, ya da İranın qərbindəki kürdlərə istinad edir. Halbuki Azərbaycan türklərinə istinad etsə, o zaman İranın məsələsini asanlıqla həll edə bilər. Amerikanın Azərbaycan türklərinə istinad etməməsinin əsas səbəbi odur ki, ABŞ da bu regionda Azərbaycan türklərinin böyük bir dövlətinin yaranmasında maraqlı deyil".

"Avropa və ABŞ daha böyük qlobal siyasətdə Çinə və Rusiyaya qarşı müəyyən bir güc formalaşdırmaq istəyirsə, o güc yalnız və yalnız Turan ola bilər"

Bunun əbədi və dəyişməz bir mövqe olmadığını vurğulayan Sərdar Cəlaloğlunun sözlərinə görə, ola bilsin ki, sabah ABŞ və İngiltərə nəhayət, Turanın birliyindən qorxmaz və onun dünya siyasətində önəmli olduğunu başa düşər: "Bu gün ABŞ və Avropanın ən böyük rəqibi Rusiya ilə Çindir. Nəzərinizə çatdırım ki, Rusiya və Çinə qarşı yeganə güc isə məhz Turandır. Yəni Turanın güclənməsi, möhkəmlənməsi Rusiya və Çinin zəifləməsi deməkdir. Çox maraqlıdır ki, ABŞ və Avropa Turanı gücləndirmək əvəzinə, Rusiya ilə birlikdə Turanın zəifləməsində iştirak edirlər. Məsələn, Minsk Qrupunda ABŞ və Fransa Ermənistanı müdafiə edir. Çünki xristian təəssübkeşliyi onların uzaqgörən siyasət aparmalarına imkan vermir. Halbuki Avropa və ABŞ daha böyük qlobal siyasətdə Çinə və Rusiyaya qarşı müəyyən bir güc formalaşdırmaq istəyirsə, o güc yalnız və yalnız Turan ola bilər. Bunun üçün isə Anadolu ilə Orta Asiya arasında körpü rolunu oynayan Azərbaycanın birləşməsi, böyüməsi, Dağlıq Qarabağın işğaldan azad edilməsi, ölkəmizin stabil inkişafı olduqca vacibdir".



Oxşar Xəbərlər

Xəbər lenti