8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İqbal Ağazadə: "Kənarda qalmaqla seçkinin şəffaf və demokratik keçirilməsinə nail olmaq mümkün deyil"
"Sərdar bəyin təcrübəsi, siyasi aləmdəki yeri, çəkisi, o cümlədən müxalif düşərgə içərisindəki mövqeyi onu digərlərindən daha favorit edir"
Bəlli olduğu kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) 6 fevral 2018-ci il tarixli qərarı ilə Azərbaycanda 2018-ci il aprelin 11-nə növbədənkənar prezident seçkiləri təyin edilib. Artıq 15-ə yaxın şəxs seçkilərdə iştirak edəcəyini bəyan edib və bunun üçün müvafiq sənədlərlə MSK-ya müraciət edib. Lakin bir sıra siyasi partiyalar seçkiləri boykot etmək haqqında qərar qəbul edib. Ümid Partiyası isə prezident seçkilərində öz namizədi ilə iştirak etməyəcəyini elan edib. Odur ki, həm bunun səbəbləri, həm ölkədəki siyasi ab-hava, həm də müxalifətin mövcud durumu ilə bağlı fikirlərini öyrənmək üçün Ümid Partiyasını sədri İqbal Ağazadə ilə söhbətləşdik.
- Ümid Partiyası qarşıdan gələn növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. İlk öncə bunun səbəblərini öyrənmək istərdik...
- Prezident seçkilərində iştirak etməməyimizin nədənlərini Ali Məclisin son sessiyasında qeyt etmişik. Bizim qurultayımız may ayının 28-nə təyin olunub. Təxmini qrafik belədir. Təəssüf ki, texniki olaraq işlərimizi prezident seçkilərinə çatdıra bilmədik. Lakin bütün seçkilərdə iştirak etməyin tərəfdarıyıq. Çünki nizamnaməmizdə qeyd olunub ki, hakimiyyətə gəlməyin yeganə yolunu seçkidə görürük. Ona görə də 2008-ci ildən bu yana keçirilən bütün seçkilərdə iştirak etmişik. Çox istərdik ki, növbədənkənar prezident seçkilərində də iştirak edək, bu seçkilərdə də mövqeyimizi xalqa çatdıraq, platformamızı xalqla bölüşək və siyasi təşkilat olaraq sıralarımızı genişləndirmək, gələcək seçkilərə hazırlıq baxımından qalib gəlməsək belə, ən azı vətəndaşları siyasi kursumuzun arxasınca getməyə cəlb edə bilək.
- Seçki prosesində mümkün namizədlərdən hansını dəstəkləyəcəksiniz?
- Ali Məclisdə qərar verdik ki, partiyamızın üzvləri namizədlər arasında seçim etməkdə sərbəstdirlər. Amma hər halda qeydiyyat bitdikdən sonra Rəyasət Heyəti və ola bilsin Ali Məclis səviyyəsində toplanacağıq. O zaman bizə olan müraciətləri dəyərləndirəcək və seçki prosesində iştirak edən namizədlərə münasibətimizi bildirəcəyik. Artıq bizə seçki prosesində dəstəkləməklə bağlı müraciətlər var. Seçkidə öz namizədimiz iştirak etmədiyinə görə, aktiv şəkildə seçkini müşahidə missiyasını həyata keçirməyəcəyik. Lakin seçki prosesində qeydiyyata alınmış namizədlərlə bağlı fərdi qaydada və ya partiya kimi qərarımızı müzakirələrdən sonra verəcəyik.
- Namizədliyini irəli sürmüş müxalifət düşərgəsində təmsil olunan şəxslərdən kimi şanslı, qələbəyə daha yaxın hesab edirsiniz?
- Sərdar Cəlaloğlu bizə daha yaxındır. Tural Abbaslı da bizə yaxındır. Sərdar bəylə, Azərbaycan Demokrat Partiyası ilə uzun müddət bir yerdə, müttəfiq olmuşuq və bu gün də ölkənin taleyüklü məsələlərində ilk siyasi məsləhətləşmələr apardığımız siyasi təşkilat rəhbərlərindəndir. O cümlədən Tural Abbaslı ilə münasibətlərimiz həm partiya, həm də fərd olaraq çox yaxşıdır. Hər halda Sərdar bəyin təcrübəsi, siyasi aləmdəki yeri, çəkisi, o cümlədən müxalif düşərgə içərisindəki mövqeyi onu digərlərindən daha favorit edir. Tural bəy də gəncdir, seçkilərdə ilk dəfədir iştirak edir. Hər halda gəncliyin də özünün bir ağırlığı var. Amma təbii ki, əsas Sərdar bəydir. Çünki bu proseslərdə müxalif cameəsindən seçkidə iştirak edəcək adamların seçim etmək imkanlarında daha çox Sərdar bəydir. Düşünürəm ki, əgər kimsə müxalif düşüncəlidirsə, bu hakimiyyətin getməsini istəyirsə və həm də seçkidə iştirak edəcəksə, yəni seçki prosesinə laqeyd yanaşmayacaqsa, onların böyük əksəriyyəti Sərdar bəyə səs verəcək.
- Boykot taktikası müxalifətin mövqeyini zəiflədir və ciddi elektorat itkisinə səbəb olur. Siz necə düşünürsünüz, müxalifətdə təmsil olunan bir sıra partiya və təşkilatlar bu taktikanı seçməkdə doğru mövqe tutublar?
- Mən seçkilərə münasibətdə mövqeyimi əvvəlcədən ifadə etdim. Demokratiya həm də iştirakçılıqdır. Demokratiya seçki prosesində siyasi təşkilatların öz namizədi ilə və ya uyğun namizədi dəstəkləməklə mübarizə apardığı bir prosesdir. Amma boykot edənləri də qınamıram. Onların üzərinə gedilməsinin tərəfdarı deyiləm. Hər kəs siyasi təşkilatının marağını, siyasi təşkilatının cəmiyyətdəki yeri və mövqeyini hansı addımlarla daha çox möhkəmləndirə bilərsə, həmin addımı atır. Onlar da bu cür düşünür. Mən o siyasi partiyanın üzvü və yaxud da tərəfdaşı olmadığım üçün onların mövqeyini şərh etmək niyyətində deyiləm. İştirak edənləri və iştirak etməyənləri qınayanların da əleyhinəyəm. Hər kəs bu məslədə müstəqildir. Ölkədə proseslər çətindir. Təbii ki, problemlər çoxdur. Seçkinin şəffaflığı ilə bağlı problemlər var. Eyni zamanda, vətəndaş aktivliyi, namizədlərin təbliğatı, resurslar və sair məsələs də var. Lakin biz hamımız nizamnaməmizdə yazmışıq ki, hakimiyyətə gəlməyin tək yolunu seçkidə görürük. Ona görə də biz hər seçkidə iştirak etməklə seçkinin şəffaf və demokratik keçirilməsinə nail olmalıyıq. Kənarda qalmaqla buna nail olmaq mümkün deyil. Mən bu düşüncədəyəm. Bir başqası bu düşüncədədir ki, boykot etməklə seçkiyə xeyir verə bilər. Mən hər kəsin düşüncəsinə hörmət edirəm. Ümid Partiyasına gəldikdə, bu məsələlərdə mövqeyimiz tam şəkildə açıqdır. Biz hər bir, hətta ən ağır dönəmdə belə, vətəndaşların, partiya üvzlərinin, aktivlərin seçki prosesində iştirakçının tərəfdarıyıq.
- Sizcə bugünkü müxalifətlə 10-15 il öncəki müxalifət arasında hansı fərqli cəhətlər var?
- İnsanlar 10-15 il əvvəlki deyillər, dəyişiblərsə, təbii ki, müxalifətin də bazası insanlardan ibarətdir, deməli onlar da dəyişib. Zəifləməmi, güclənməmi-filan bunlar hamısı nisbi şeylərdir. Bunu bir seçki, mitinq və ya keçirilən tədbirlərlə ölçmək doğru deyil. Bunu proseslərlə ölçmək lazımdır. Bu gün proseslər Azərbaycanda, regionda və dünyada fərqli istiqamətdə cərəyan edir. Buna görə də hakimiyyət dəyişikliyi və seçki məsələlərində durğunluq var. Tutaq ki, 15 il bundan əvvəl Yaxın Şərqdə bir qaynar nöqtə var idi - İraq. Ukraynada, Gürcüstanda, postsovet ölkələrində nisbi sakitlik idi, Azərbaycanda atəşkəs idi və sakitlik idi. Buna görə də dünya dövlətləri daha çox demokratiya üzərində gəzişmələr edirdilər. Bu gün isə dünyanın nəzər diqqəti başqa məsələlərə yönəlib. Postsovet ölkələrində Azərbaycandan və seçkidən daha qaynar nöqtə - Avropaya daha yaxın, Rusiya ilə daha sərt münasibətlərdə olan, ərazisinin bir qismi işğal edilən, bir qismində isə itaətsizlik hökm sürən, hərbçilərin üz-üzə dayandığı Ukrayna var. Yaxın Şərq - Suriya, İraq, Liviya, Livan və digərləri bütövlükdə təlatüm içindədir. 2003-cü ildə İsrail proseslərə kənardan nəzarət edirdi, bu gün isə Yaxın Şərqdə baş verən proseslərin içərisindədir. ABŞ bir İraq məsələsi ilə ilgilənirdisə bu gün Suriya, İraq, Əfqanıstan, İran və başqa ölkələrin problemləri də var. Hətta bizim ən yaxın dost, müttəfiq olduğumuz Türkiyə belə, artıq proseslərin içindədir, antiterror əməliyyatı keçirən, müharibə aparan tərəflərdən biridir. Çünki sərhədi, dövləti üçün böyük təhlükələr yaradan amillər var. Ona görə də müxalifətin dünən, yoxsa bu gün güclü olduğunu regionda, dünyada baş verən hadisələr fonunda təhlil etmək daha mümkün olar. Bu gün dünya başqa problemlərlə məşğuldur. Ona görə də müxalifətçilik, yaxud da seçki və demokratikləşmə eniş xəttini yaşayır. Sabah isə proseslər fərqli istiqamətdə dəyişə bilər.
- Fikirlərinizdən belə qənaətə gəlmək olar ki, ABŞ, o cümlədən digər Qərb dövlətlərinin başı Yaxın Şərq və digər məsələlərə qarışdığından Cənubi Qafqaz regionu diqqətdən yayındığı, yaddan çıxdığı üçün Rusiyanın burada söz sahibliyi, hegemonluğu daha da möhkəmlənəcək...
- İnsan orqanizmi belədir ki, bir var qripdən xəstələnəsən, bir də var daha ağır xroniki xəstəliyin ola. Bu səbəbdən də xroniki xəstəliyə daha tez diqqət yetirirsən. Qriplə bağlı isə deyirsən ki, onsuz da asan sağalan bir şeydir. Bu gün Cənubi Qafqazda cərəyan edən hadisələr Rusiyadan asılı olan proseslərdir. Qərb də bunu çox gözəl anlayır. Çünki işğalları, etnik, milli münaqişələri təşkil edən Rusiyadır. Artıq Rusiya postsovet məkanı ilə yanaşı, həm də Yaxın Şərqə əl uzadır. Buna görə də bu gün Qərb məsələyə tamam başqa aspektdən yanaşır. Azərbaycanın təkbaşına apara biləcəyi mücadilə, Avropa ailəsində yer alması ölkəmiz üçün daha böyük itkilərlə, ağır sonluqla nəticələnə bilər. Lakin Rusiyanın fərqli şəkildə siyasətinin durdurulması istiqamətində atılan addımlar Azərbaycanın, Gürcüstanın, Ukraynanın və başqa ölkələrin qazanmasına gətirib çıxarar. Hətta bu gün Rusiyaya qarşı tətbiq olunan embarqo və sanksiyalarla, dünyadan təcrid etməklə, müəyyən iqtisadi blokadaya almaqla məhz bu taktika seçilib. Bununla da Rusiyanı bəzi addımlarından çəkindirmək niyyəti güdülür və qismən də buna nail olunub. Rusiya bu gün nə qədər desə ki, yox, bunlar bizə təsir etmir, bunlar yanlışdır. Ən azı Rusiya Milli Bankının rəhbərinin 2017-ci ilin dekabrın son günlərində çıxışındakı itkilərlə bağlı rəqəmlərə diqqət etsək görərik ki, Rusiya bu sanksiyalardan nə qədər itirib. Təsəvvür edin ki, bu embarqolar başlayandan təkcə Rusiyanın milli valyutası 2 dəfə dəyərini itirib. Ona görə də dünyada baş verən hadisələrdən sonra Qərb Qafqaza dünən önəm verirdi, bu gün isə vermir və sairə aspektdən yox, daha böyük baxmaq lazımdır.
- Bu il prezident seçkiləri qəflətən bir neçə ay önə çəkildi. Sizcə, eyni proses parlament seçkilərində də yaşana bilərmi?
- Deyə bilmərəm, bu suala cavab vermək çətindir. Çünki parlament seçkilərinin vaxtının qabağa çəkilib-çəkilməyəcəyi ilə bağlı gümanım, belə bir qəti mövqeyim yoxdur. 26 sentyabr referendumundan sonra Azərbaycan Respublikası Konstitusiyasının yeni müddəaları, prezidentə parlamenti buraxmaq səlahiyyəti verir. Bunun nədənlərini hakimiyyət özü üçün müəyyən edib buraxa da bilər, buraxmaya da. Lakin siyasi partiya, təşkilat olaraq biz hər gün seçkiyə hazırlaşmalıyıq. Məsələn, Ümid Partiyası olaraq bu dönəmdə bunun öhdəsindən gəlmədik. Qəflətən növbədənkənar prezident seçkiləri yaxaladı və biz ən azı təşkilat, qurultay məsələləri baxımından buna hazır olmadıq. Ona görə də biz Ali Məclisin sessiyasında, həmçinin Rəyasət Heyətində bunu müzakirə etdik və bildirdik ki, demək biz hazır olmalıyıq. Çünki parlament seçkilərinin vaxtı önə çəkilə də bilər, çəkilməyə də. Odur ki, növbəti parlament seçkiləri 2020-ci ildə keçirilsə də, vaxtı önə çəkilsə də biz buna hazır olmalıyıq.
- Bir anlıq qəbul edək ki, parlament seçkilərinin də vaxtı önə çəkildi. Bu zaman müxalifətin işində çətinlik yaranacaqmı?
- Öz adımdan və Ümid Partiyası adından deyirəm, əgər parlament seçkilərinin bu ilin payızında keçirilməsi ilə bağlı qərar qəbul edilərsə və biz onda da desək ki, hazır deyilik, demək təşkilat kimi bacarıqsızıq. Çünki başımıza bir dəfə gəldi və bundan nəticə çıxarmalı idik. Biz bundan nəticə çıxarmağı düşünürük. İndi əgər prezident seçkilərinin vaxtı irəli çəkildisə, deməli bir də baş verə bilər və biz buna hazır olmalıyıq. Onda da hazır olmadığımızı deyəcəyiksə, o zaman bu, bizim günahımızdır.
- Sizcə, müxalifət partiyaları əvvəlki qüdrətini geri qaytarmaq, elektoratını genişləndirmək, əhalinin narazı kütləsini ətrafına yığmaq üçün hansı addımlar atmalıdır? Ümumiyyətlə, mübarizə taktikasında dəyişiklik etmək daha doğru olmazmı?
- Nəzəri cəhətdən hər şey mümkündür. Amma istənilən halda regionda gedən prosesləri dəqiq, düzgün bilmək lazımdır. Dinamikaya təsir edən amillərdən biri və birincisi regionda, dünyada baş verən hadisələrdir. Prosesi onlar yaradır. Müxalifət qüvvələri bu prosesin önünə düşə, bir qədər aktivləşdirə bilərlər. Lakin bunlar yoxdursa, qeyd olunan məsələlər çox çətindir. Əhali də, müxalifət də sosial vəziyyəti bilir. Burda başqa limitlər əldə etmək lazımdır. Bu isə təkcə bizdən asılı deyil. Regionda baş verən proseslər bunu diqtə edir. Diqqət edin, 10-15 il bundan əvvəlki dönəmdə Azərbaycanda aktiv proses gedirdi. Noyabrda Gürcüstanda, yanvarda Ukraynada aktiv proses getdi, Qırğızıstan hadisələri baş verdi. Postsovet ölkələrindən ən azı 4-ü bu prosesin içində qaynayıqdı. Ermənistanda birləşmiş müxalifət yarandı. Bu gün isə Gürcüstanda da proseslər olduqca zəifdir. Orda da demək olar ki, Azərbaycanla eyni vəziyyətdir. Qırğızıstan da onun kimi. Yəni bütün bunlar dünyada baş verən hadisələr fonunda cərəyan edir. Bizim kimi ölkələr təkcə öz daxili gücü, potensialı ilə proseslər yaradıb vəziyyəti dəyişmirlər.
Hər kəs bir şeyi anlamalıdır ki, müstəqillik uğrunda mübarizə metodları və yanaşmalarla demokratiya uğrunda mübarizə və yanaşmalar arasında böyük fərq var. Təəssüf ki, biz bəzən müstəqillik uğrunda vuruşurmuş kimi meydana atılmaq istəyirik. Bunlar ayrı-ayrı şeylərdir. Normal, sivil qaydada mübarizə aparmalıyıq. Elə mübarizə aparmalıyıq ki, sabah hətta hakimiyyəti dəyişmək anı gələndə belə, tərəflər əlinə çomaq alıb bir-biri ilə döyüşməməlidir. Qarşı tərəf dərk etməlidir ki, hakimiyyətdən getdikdən sonra heç bir problem olmayacaq. Yox əgər münasibətləri elə bir səviyyəyə çatdırsaq və qarşı tərəf bilsə ki, hakimiyyətdən getdikdən sonra repressiyalar olacaq, o zaman o da əlinə silah alıb getməməyə çalışacaq. Odur ki, hakimiyyət bilməlidir ki, müxalifətlə sərt davranmaq olmaz, müxalifət də hakimiyyətə elə bir siyasət təqdim etməlidir ki, iqtidardan getdikdən sonra heç kim ona toxunan deyil. Bu düşmən münasibət aradan qalxmayanadək demokratiya sahəsində sistemli və ardıcıl addım ata bilməyəcəyik.
Onu da qeyd edim ki, tərəflərin bir-birinə inamı sarsılıb. Çox arzu edərdim ki, düşüncələri dəyişdirə biləcək yeni bir sistem qurulsun. Müxalifət və iqtidar arasında yeni körpü olsun və bu yeni körpü bizi mövcud münasibətlər müstəvisindən masa müstəvisinə gətirib çıxara bilsin. Bu məsələdə müxalifətdən daha çox iqtidarın üzərinə böyük yük düşür. Unutmaq lazım deyil ki, tarixdə hər kəs əməlinə görə qiymət alır.
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU