“Ərdoğanın Suriya strategiyası müsbət nəticəsini verəcək” - POLİTOLOQ

“Ərdoğanın Suriya strategiyası müsbət nəticəsini verəcək”

 

Məhəmməd Əsədullazadə: "Türkiyə Suriya qüvvələrinə zərbələr endirəcək”

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında Türkiyənin Suriya məsələsində bundan sonrakı strategiyasını açıqlayıb.

""Adana razılaşması ” Türkiyəyə lazım gələrsə Suriya ərazisində əməliyyat keçirmək hüququ verir. Bəziləri "Suriya ərazisində nə işiniz var, sizi ora kim dəvət etdi?" deyirlər. ABŞ-ı da dəvət etmədilər. Amma bizim əlimizdə "Adana razılaşması" kimi sənəd var. "Türkiyənin Suriyada nə işi var" deyənlər ya qafildir, ya da bu millətin düşmənləridir”,-deyə Türkiyə prezidenti bəyan edib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən uzaq durmaq üçün illərlə səbr etdi: "Rejimin hücumlarından qaçan suriyalı qardaşlarımıza qapılarımızı açmaqda tərəddüd etmədik. 2015-ci ildən etibarən Suriyadakı böhran tamamilə nəzarətdən çıxdı”.

Ərdoğan ölkəsinin İdlibdə 8 şəhid verməsinə də toxunub: "Bu hücum Suriyanın yeni bir dönəminin başlanğıcıdır. Türkiyə əsgərinin qanının axdığı bir yerdə heç bir şeyin eyni vəziyyətdə davam etməsinə icazə verməyəcəyik”.

"Rusiyadan yeganə gözləntimiz Suriyadakı həssaslığımızı anlamasıdır. Dünən axşam Putinlə danışdım. Suriya və Liviyadakı gözləntilərimizi ona söylədim. Danışıqlardan sonra onunla görüşəcəyik. Suriyada ABŞ, Rusiya, İran və koalisiya adı altında bəzi Avropa ölkələri var. Suriyada bəzi Körfəz ölkələri da var. PKK terror təşkilatı, İŞİD-in qırıntıları da var. Suriyada hər kəs var. Əlbəttə, Türkiyə də olacaq!”, - dövlət başçısı vurğulayıb.

"Türkiyənin Suriyanın şimalında əməliyyatlar keçirməsi qanunauyğundur”

Картинки по запросу

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın açıqlamasını şərh edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə "Hürriyyət”ə xatırlatdı ki, Türkiyə Suriya ilə 1000 kilometrdən artıq bir sərhəddə malikdir: "Türkiyə həmçinin regionda böyük bir dövlətdir və regional maraqları kontekstində öz sərhədləri çərçivəsində gedən geosiyasi proseslərdə mühüm rol almalıdır. Çünki Türkiyənin milli təhlükəsizliyinə, suverenliyinə təhdid birbaşa onun cənub sərhədlərindən qaynaqlanır. Bildiyimiz kimi, Yaxın Şərqdə çox ciddi siyasi-hərbi müstəvidə qarşıdurmalar gedir və burada böyük dövlətlərin, xüsusilə Amerika Birləşmiş Ştatlarının, Rusiyanın maraqları toqquşur və bunlar bir-birinə qarşı müəyyən təşkilatlar tərəfindən öz maraqları uğrunda silahlı mübarizə aparılar. Təbii ki, Türkiyəyə qarşı Suriyanın şimalında formalaşan PKK terror təşkilatının qolu YPG-nin ABŞ tərəfindən dəstək alması Türkiyənin ərazi bütövlüyünü təhdid edirdi.  Ona görə də Türkiyə məcbur qalıb Afrin, "Zeytun budağı” əməliyyatlarını keçirdi. Həmin Adana müqaviləsinə əsasən, Türkiyənin Suriyanın şimalında əməliyyatlar keçirməsi qanunauyğundur. Əslində, burada digər dövlətlərin hərbi fəaliyyəti qanunsuzluqdur. Hazırda Türkiyənin burada uğurlu hərbi fəaliyyəti təbii ki, digər ölkələri ciddi şəkildə narahat edir. Məhz ona görə də Türkiyəyə qarşı bu kimi ittihamlar irəli sürürlər”.

"Türkiyə İdlib məsələsində qətiyyətli mövqe tutacaq”

M. Əsədullazadə qeyd etdi ki, Türkiyə Suriyada  Adana müqaviləsinə əsasən beynəlxalq hüquq çərçivəsində bu əməliyyatları aparır: "Burada Rusiyanın, Amerikanın və İranın Türkiyəyə yönəlik "bu əməliyyatları dayandırın” kimi çağırışları bu ölkələrin öz maraqları çərçivəsindədir. Türkiyə artıq bundan sonra İdlib məsələsində də qətiyyətli, prinsipial mövqe tutacaq. Rusiya apardığı konvensional danışıqlarda öz maraqlarına uyğun müsbət nəticə əldə edəcək”.

"Rusiya Əsəd qüvvələrinin əli ilə Türkiyəni burada həzm etmək istəyir”

İdlib məsələsinin Türkiyənin maraqları kontekstində həll edilməsini istisna etməyən Əsədullazadə bildirdi ki, hazırda Türkiyə Suriyanın şimal-şərqində və Qərb istiqamətində, İdlib tərəfdə Türkiyə silahlı qüvvələrinə qarşı müəyyən təhlükələr var: "Rusiya Əsəd qüvvələrinin əli ilə Türkiyəni burada həzm etmək istəyir. Hesab edirəm ki, artıq prezident Ərdoğanın Suriya strategiyası öz müsbət nəticəsini verəcək. Həm hərbi müstəvidə, həm də diplomatik yolla Türkiyə Suriya münaqişəsində öz maraqlarını qorumağa çalışacaq”.

Əsədullazadə qeyd etdi ki, Türkiyənin nə İdlibi öz ərazisinə qatmaq, nə də Suriyada daim qalmaq fikri var: "Türkiyə daima Suriyanın ərazi bütövlüyünü dəstəkləyib. Türkiyənin Suriyadakı fəaliyyəti məhz Suriyanın ərazi bütövlüyünün qorunmasına da hesablanıb. Ona görə də Suriyada böyük dövlətlərin burada apardığı mübarizədə Türkiyə çalışacaq ki, burada öz maraqlarını qorusun. Çünki Amerika okeanın o tayından, Rusiya min kilometrlərlə uzaq məsafədən gəlib Suriyada iştirak edirsə, Türkiyə öz cənub sərhəddində, qonşu ölkəsində baş verən bu proseslərdə seyrçi qalmayacaq. Ona görə də Türkiyənin Suriya siyasəti tam qanunauyğundur və hesab edirəm ki, prezident Ərdoğan bu strategiyası ilə Türkiyəni bu problemdən öz maraqlarını, ərazi bütövlüyünü, milli təhlükəsizliyini, qorumaqla çıxacaq”.

"Artıq Türkiyə də razılaşmalara əməl etməyəcək”

 Politoloqun sözlərinə görə, Ərdoğanın bu açıqlamaları onu göstərir ki, Türkiyə bundan sonra Rusiya ilə apardığı danışıqlarda daha irəli gedəcək: "Çünki Rusiya Türkiyə ilə əldə etdiyi Soçi razılaşmalarına əməl etmədi, Əsəd ordusu Türkiyə əsgərlərini şəhid etdilər. Artıq Türkiyə də razılaşmalara əməl etməyəcək, Suriya qüvvələrinə zərbələr endirəcək. İdlib ətrafında və Suriyanın şimalına öz hərbi qüvvələrini və zirehli texnikanı gətirərək burada hər hansı bir təhlükəli bir vəziyyətin qarşısını alacaq”.

"Rusiya vasitəsilə Əsəd hakimiyyəti ilə Ərdoğan hakimiyyəti arasında müəyyən qədər gizli danışıqlar aparılıb. Artıq bu danışıqlar da getməyəcək”,-deyə politoloq əlavə etdi.

 "Artıq Türkiyə hücum mövqeyinə keçib”

Bir neçə gün bundan əvvəl Türkiyənin kəşfiyyat dairəsi ilə Suriyanın kəşfiyyat dairəsinin rəhbərlərinin görüşlər keçirdiyini diqqətə çatdıran Əsədullazadə dedi ki, bu, müəyyən bir danışıqlar mərhələsi idi: "Göründüyü kimi, Əsədin bu hücumundan sonra həmin danışıqlar mərhələsi bitdi və artıq Türkiyə hücum mövqeyinə keçib. Ərdoğan da məhz bunu nəzərdə tutur”.

 "Kreml rəhbərliyi danışıqlarda başqa, əməldə tamam başqa bir siyasət həyata keçirir”

Dünən (red-srağagün) Türkiyə və Rusiya prezidentlərinin İdlib məsələsini müzakirə etdiyini nəzərə çatdıran politoloq vurğuladı ki, Rusiya sözdə belə deyir, amma əməldə tamamilə başqa bir siyasət həyata keçirir: "Hesab edirəm ki, artıq Rusiya rəhbərliyi Türkiyənin həssaslığını qəbul etməyəcək. Çünki Kreml çalışır ki, Əsəd ordusu İdlibi tamamilə ələ keçirsin və Türkiyənin burada mövqelərini zəiflətsin. Fikrimcə, Rusiya tərəfi Türkiyənin müəyyən dərəcədə humanitar məsələlərdə həssaslığını qəbul edə bilər ki, qaçqın axını Türkiyəyə keçməsin, amma yenə də deyirəm, Kreml rəhbərliyi danışıqlarda başqa, əməldə tamam başqa bir siyasət həyata keçirir və heç də Türkiyənin həssaslığını başa düşmür. Əgər Türkiyənin bu həssaslığını başa düşsəydi, İdlib məsələsində Türkiyə ilə əldə olunan Soçi razışamasına əməl edərdi”.



Oxşar Xəbərlər

Xəbər lenti